adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Iyul 2016 13:06
13213
MƏMLƏKƏT
A- A+

İşıq pulunun artma səbəbləri – Ekspertlər danışır

Azərbaycan Tarif (qiymət) Şurasının işıq pulunu artırması ilə qərarı əhali tərəfindən gözlənilməz və birmənalı qarşılanmadı. Tarif Şurası mətbuata açıqlamasında qiymətlərin artımını son 10 ildə Azərbaycanda elektrik sisteminin yaxşılaşdırılması üçün kifayət qədər yeni avadanlıqların gətirilməsini, xidmət səviyyəsinin artırılmasını əsas gətirib. Bu müddətdə elektrik enerjisi abonentlərinin sayının bir milyon nəfər artaraq 2.5 milyona çatdığını bildiriblər. Həmçinin əhalinin evlərinə pulsuz sayğacın quraşdırılması da yeni qiymətə təsir edən amillər sırasındadır.

Məsələ ilə bağlı ekspertlər isə əsas səbəbi dünya bazarında gedən  qiymət tərəddüdü ilə əlaqələndirirlər:

Ekspert Qubad İbadoğlu hesab edir ki, elektrik enerjisi yalnız dövlət rayon elektrik stansiyalarında istehsal olunmalı deyil. Onun sözlərinə görə, kiçik su elektrik stansiyaları da qurulmalı idi.  Alternativ enerjilərdən - külək, günəş enerjisindən istifadə edərək qiymətlərin daha da aşağı salınmasına gətirib çıxarıla bilərdi. Müəyyən təkliflərlə çıxış edən ekspertin sözlərinə görə, dünya bazarında  əsas enerji mənbələri sayılan neft və qazın  qiyməti birbaşa Azərbaycanda elektrik enerjisini paylanma indeksinə təsir göstərir: "Elektrik enerjisinin istehsalında istifadə olunan əsas xammal qazdır. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması eyni zamanda qazın qiymətinin düşməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, qaz da daxili istehsal məhsuludur, elektrik enerjisinin istehsalı üçün yerli istehsal olan qazdan istifadə edirik. Bu da elektrik enerjisinin ucuzlaşmasına şərait yaratmalı idi. Lakin bu baş vermədi".

Həqiqətən Azərbaycanda son 10 il ərzində elektrik enerji təminatı ilə bağlı bir çox layihələr keçirilib. Nəhayət 2013-cü ildə Dövlət başçısının sərəncamı Alternativ Və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyinin yaradılması ölkədə enerji təminatının yaxşılaşdırılması istiqamətində ən vacib tədbirlərdən sayılır. Tariflər Şurasının  qeyd etdiyi ki, texniki təchizat və xidmətlərin artırılması və ekspertlərin səbəb kimi ortaya qoyduqları dünya bazarında neft və ona müvafiq olaraq qazın qiymətinin yenməsi işıq pulunu artıran əsas faktorlardır. Lakin ortada başqa bir səbəbin də olduğunu deyən İqtisadçı Samir Əliyev məmurlara məxsus obyektlərin işıq pulu ödəməməsini  səbəb kimi dəyərləndirir. Onun sözlərinə görə, kommunal xidmətlər göstərən qurumlar bu cəhətdə məsuliyyətli olmalıdırlar: 

"Kommunal xidmət göstərən qurumların hər biri ayrı-ayrılıqda belə bir fikir səsləndirirdilər ki, istehsal etdikləri məhsulun maya dəyəri onun satış qiymətindən bahadır. Amma bu məsələ ilə bağlı suallar var. Əvvəla, şəffaflıq yoxdur. Biz haradan bilək ki, həqiqətən məhsulun maya dəyəri baha başa gəlir, bu məsələdə şişirtmə yoxdur? İkincisi, işçilərin çoxluğu qiymətə təsir edir. Bir nəfərin görməli olduğu işi 3-4 nəfər görürsə, təbii ki, bu, maya dəyərinə təsir edəcək. Üçüncüsü isə, istər su, istərsə də qaz, işıq pullarının ödənişlərində müşahidə edirik ki, daha çox adi vətəndaşlar ödənişi həyata keçirir. Amma imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Həmin pulu da əhalidən çıxırlar. Bu problemlər həll olunmayınca, qiymətlər qalxmaqda davam edəcək. Düşünürəm ki, bu artım digər qiymətlərə də təsir edəcək". 

Ekspert sözlərinə onu da əlavə edib ki, növbəti qiymət artımı nəqliyyat sistemində olacaq.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov elektrik enerjisinin pərakəndə və topdansatış qiymətlərinin artırılmasına münasibət bildirərkən məsələnin obyektiv və subyektiv səbəblərini zaih edib:

Deputat deyib ki, bu növbəti ərzaq bahalaşması üçün zəmindir: "Elektrik enerjisinin həm topdansatış, həm də istehlak qiymətinin qaldırılmasının birinci səbəbi ondan ibarətdir ki, Azərbaycanda manat qıtlığı və bundan yaranan problemlər var. Neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutanın 2 dəfə devalvasiyaya uğraması hökuməti bu addımı atmağa vadar etdi.

Çünki müəyyən məsələləri tənzimləmək lazımdır. Hələ 2004-cü ildə cənab Prezident qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması tapşırıqlarını vermişdi. Üstündən 12 il keçib, amma biz buna nail ola bilməmişik”.

Deputatın sözlərinə görə, proseslərin qarşısını almaq üçün köklü islahatlar aparılmalıdır: "Cənab Prezidentin də bildirdiyi kimi, kənd təsərrüfatında müəyyən artımlara nail olduğumuz kimi, digər sahələrdə də bunu etməliyik. İlk növbədə bank sektorunun sağlamlaşdırılmasını yekunlaşdırmaq lazımdır. Xidmət, turizm sektoruna diqqəti artırmaq lazımdır. Biz neftin qiymətinin qalxmasını gözləməkdənsə, bu sektorlarda inkişafa nail olmalıyıq.

Ən əsası çevik hökumət olmalıdır, onlar gecə-gündüz işləməlidir ki, biz bu böhrandan çıxa bilək”.

Rüfət Soltan