BİR ÖMRÜN CİZGİLƏRİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
58173 | 2016-07-13 09:44
Öncə etirafdan başlayım. Jurnalistikamızda dəst-xətti, yeri olan çox hörmətli Vasif Quliyev onu mənə təqdim edəndə bir anlıq duruxdum. Çünki Vasif müəllim məndən soruşdu ki, Telman müəllimi tanıyırsan? Sonra soyadını da dedi. Təbii ki, soyadı mənə nələrisə xatırlatdı. Amma tanımadığım üçün həqiqətən, utandım. Və bu etirafı da ona görə edirəm ki, mən yazmağa başladığım yazının qəhrəmanı, əslində, hamının tanımalı olduğu bir insandır. Çünki onun işi, onun xidmətləri məni, səni, bütün Azərbaycanı dünyaya təqdim edir, dünyaya tanıdır. Deməli, mənim də, sənin də ən azından vətəndaş borcumdu ki, Telman Əhməd oğlu Ağdamskini tanısın. Və elə burdan da yazıya başlayıram...

Adətən, tariximizdən, mədəniyyətimizdən, incəsənətimizdən söz düşəndə Azərbaycan səhnəsi göz önünə gəlir və bu səhnədə ilk dəfə qadın rolunda çıxış edən şəxs xatırlanır. Bu, Leyli rolunun ifaçısı Əhməd Ağdamskidi. Mənə elə gəlir ki, onun təkcə bu cəsarətli addımı tariximizə möhür vurub, özü də sənət möhuru. Və artıq neçə onilliklər ötüb, keçib, amma o möhür öz yerində, öz sabitliyində qalmaqdadır. Və maraqlıdır ki, Əhməd Ağdamski Şuşa, Ağdam, bütövlükdə Qarabağ mədəniyyətinin daşıyıcılarından biri kimi yaşayış yerini dəyişmək zorunda qalanda da o əlaqələrdən, o bağlantılardan uzaq düşmədi. O özüylə səsini də, xidmətlərini də, qabiliyyətini də Ağdaşa götürüb gəldi. Burda da onu şaxələndirdi, onu genişləndirdi və Azərbaycanın bu güşəsində də öz imzasını hər kəsə təkrar sevdirdi. Üstəlik, Əhməd Ağdamski Ağdaşda qurduğu yuvada övladlar böyütdü. O övladlar bu nəslin, bu soyun çırağını bir az da gur yandırdı, onun işığını bir az da artırdı.

Doğrudur, mahiyyət baxımından ata Ağdamski incəsənətin, mədəniyyətin fədaisi idi. Övladlar isə elmin, yəni, təbiətlə, ekologiyayla, bütövlükdə elektronikayla, atomla, bir sözlə, yeni zamanın qarşıya qoyduğu bir sahəylə ünsiyyət qurmuşdular. Ona qədər isə Ağdaşda Əhməd Ağdamskinin evində böyüyən övladların biri, yəni, 1936-cı ilin avqust ayının 6-da dünyaya gələn Telman Ağdamskini böyük və mənalı bir ömür yolu gözləyirdi. Bu yolun əvvəli Ağdaşdakı orta məktəbin 1-ci sinfindən başlayırdı. Maraqlıdır ki, musiqinin, incəsənətin içərisində böyüyən Telman Əhməd oğlu bu sənətin fərqinə varır, ona diqqət yetirir, amma içində rahatlıq tapa bilmirdi. Üstəlik, onun hər yay atasıyla istirahətə getdiyi Ağdam, Şuşa düşüncələri də öz qoynuna alırdı və səbirsizliklə yay tətilini gözləyirdi. Tətildən qayıdanda özüylə bir Qarabağ havası, Qarabağ ruhu da götürüb gəlirdi Ağdaşa. Və burda yaşıdlarıyla birlikdə o ruhu, o gördüklərini bölüşür və bu bölüşmədə özünün içindən gələnlər də, arzuları da pərvazlanırdı. Sanki doğulduğu yerlə soykökünün bağlı olduğu yerin dayaqları onu öz üzərində ucaldırdı. Axı bu bağlılıq təsadüf təşkil etmirdi. Yəni, bu bağlılığın kökündə Əhməd Ağdamski ilə yanaşı, ana xətti, rəhmətlik Rəhilə xanımın aid olduğu Axundovlar dururdu. Həmin Axundovların Azərbaycanda nüfuzu, yeri məlum idi. Hətta məktəbli uşaqlar da bilirdi ki, Süleyman Sani Axundovun qan qohumu Rəhilə xanım necə bir nəslin təmsilçisidi. Bax, bu cür nigahdan doğulan Telman Əhməd oğlu öz xəyallarının qoynunda olarkən sanki həyatında bir şimşək çaxdı, sanki hər şey yuxu donundan çıxıb gerçəkləşməyə başladı. Bunun səbəbkarı isə onun oxuduğu məktəbə yenicə müəllim təyin olunmuş Murday Abdullayev idi. Məktəbə kimya müəllimi kimi təyinat almış bu müəllim elə ilk dərsdən Telmanın diqqətini çəkdi, ürəyinə qəribə toxumlar səpdi. Zaman keçdikcə Telman Əhməd oğlu hiss etdi ki, o toxumlar cücərir və o, daha çox kimyaya bağlanmağa başlayır. İndi müsiqi onu sadəcə dincəldir, rahatlayır, kimya isə onu coşdurur, ona qol-qanad verirdi. Və bunun da səbəbkarı göz önündə idi. O da həmin o səbəbkar olan müəlliminin dediklərini söz-söz yaddaşına yazırdı, onun dilindən eşitdiklərini öz biliyinə çevirirdi. Bu da artıq onun özünü də müəlliminə sevdirməyə başlamışdı.

Bu gənc müəllim hiss edirdi ki, dərs dediyi sinifdə gələcəyin kimyaçısı yetişir. Zaman göstərdi ki, müəllim təxminində yanılmayıb. O, həqiqətən, günlərin bir günü orta təhsilini başa vurdu və üz tutdu universitetin kimya fakültəsinə. Elə elmin ağır yolları da həmin gündən, həmin andan başladı.
1953-cü ildə bitirdiyi orta məktəblə vidalaşanda o, atasıyla birlikdə sonuncu dəfə Şuşaya getdi. Ata-oğul məhz həmin il son dəfə Şuşada dincəldilər. Növbəti il ata Haqq dərgahına qovuşdu. Onun şuşalı-ağdamlı illəri bundan sonra digər qohumları ilə, doğmaları ilə birlikdə reallaşdı. Təbii ki, bu, onun ata nisgilinə sadəcə səpilən bir damla su idi. Axı Əhməd Ağdamski kimi bir atanı itirmək o qədər də dözüləcək ayrılıq deyildi. Və...

Bəli, Telman Əhməd oğlu 1958-ci ildə kimya ixtisasına yiyələnsə də, ondan bir il öncə artıq AMEA-nın Kimya Problemləri İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdı. Ona görə də indi onun aldığı diplom, əslində, biliyini, iş qabiliyyətini rəsmiləşdirən bir sənəd idi. Və bu diplom sadəcə sübut edirdi ki, Telman Ağdamski bir kimyaçı kimi çiyninə götürdüyü yükün anlamını mükəmməl bilir. Ona görə də həmin institutda o, həm aspirant, həm kiçik elmi işçi olaraq özünü təsdiq etdi və bu təsdiq olunmadan böyük elmi uğurlara bir tranplin kimi istifadə edərək göstərdi ki, bəli, o, bu elmin sirlərini bilir və bu sirlərin çözümündə onun imzası mütləqdir.

Həyat sübut etdi ki, Telman Ağdamski öz ürəyinin səsinə qulaq asıb ardınca getdiyi elmin bütün dolanbaclarını cəsarətlə, bütün çətinlikləri diz altına almaqla aşmaq gücündədi. Ona görə ki, onun aid olduğu söykök, onun güvəndiyi səcərə, onun təmsil etdiyi ünvan və bir də onun inadkarcasına mənimsədiyi biliklər ona bu haqqı veribdi. Çox qısa zamandan sonra Telman Ağdamski ADP-nun "Analitik və fiziki kimya" kafedrasının dosenti, sonra professoru kimi işləməyə başladı. Hətta o, 9 ilə yaxın bir müddətdə həmin universitetin kimya fakültəsinin dekanı oldu. Bütün bunlar, bəlkə də, bir vəzifə, bir elmi sahənin nəzəriyyəsini öyrətmək baxımından nə qədər maraqlı idisə, onun ikinci qatı, yəni, Telman müəllimin özünün elmi araşdırmaları, dünya arenasına çıxması tamam başqa bir aləm idi. Məhz bu aləm təkcə Telman müəllimə aid deyildi, o bütün Azərbaycana məxsus idi. Çünki o, Azərbaycan vətəndaşı, Azərbaycan alimi kimi bütün elmi simpoziumlarda, konfranslarda, dünyanın böyük elm ocaqlarında iştirak edirdi. Ən maraqlısı bu idi ki, Telman müəllim öz sahəsi üzrə artıq dünyada tanınıb qəbul olunmuşdu. Ona görə də 1985-2001-ci illərdə Telman müəllim kimya elementlərinin iki sahəsi üzrə beynəlxalq simpoziumlarda iştirak etmişdi. Onun İsveçrədə, 

Yunanıstanda, Avstriyada, Portuqaliyada, Almaniyada, Yaponiyada, Kanada da, Amerikada onun etdiyi çıxışlar, xüsusilə, korbon-4 oksidinin tətbiqinə dair irəli sürdüyü fikirlər, məruzələr böyük maraq doğurmuş və həmin beynəlxalq konfransların tezislərində dərc olunmuşdu. Üstəlik, bir məqamı da xatırlatmaq lazımdır ki, Telman Əhməd oğlu Ağdamskinin öz sahəsi üzrə elmi-pedaqoji fəaliyyəti 14 dərs vəsaitində, 2 dərslikdə, 150-yə qədər elmi əsərdə öz əksini tapmışdı. Bunlar artıq professor Telman Ağdamskinin həmkarlarının istinad etdiyi mənbələrdi. Yəni, digər kimya mütəxəssisləri, aspirantları, bu sahə üzrə araşdırma aparanlar bir mənbə kimi professor Teman Ağdamskiyə üz tuturlar. Deməli, azərbaycanlı alimin imzaladığı elmi uğurlar dünyaya göstərdi ki, bu ölkə həm də özünün elmi-pedaqoji potensialı ilə də dünyaya səviyyəsinə çıxmaq gücündədi. Yeri gəlmişkən, onu da xatırladım ki, Telman müəllimin həyatında çox qəribə nüanslar olubdu. O nüanslardan biri onu kimya elminin ünvanına istiqamətləndirən orta məktəb müəllimi ilə bağlıdır. Belə ki, Telman Ağdamski günlərin bir günü öz müəllimindən, yəni, Muraday Abdullayevdən imtahan götürdü. İndi o, müəllim yerində əyləşmişdi. Onun müəllimi isə tələbə kimi onun suallarına cavab verirdi. Bu, həyatın qəribə bir mənzərəsidir. Həmin imtahandan sonra Telman müəllimin verdiyi qiymət onun müəlliminin gələcək namizədlik adının xeyir-duası oldu. Elə bu faktın davamı kimi onu da xatırladım ki, müəyyən zaman kəsiyindən sonra doktorluq dissertasiyasını müdafiə edən Telman müəllim zala göz yetirəndə ön cərgədə oturmuş müəllimini gördü. İndinin özündə də həmin faktı dilə gətirən Telman müəllimin üzündə bir şagirdin müəllimə güvəncini ifadə edən cizgiləri görmək mümkündü.

Mən kimya elmləri doktoru, professor, əməkdar müəllim Telman Ağdamski ilə söhbət edərkən anladım ki, bu insan təkcə özünün elmi uğurları ilə deyil, həm də yetirmələri ilə fəxr edir. Və mənim tələbələrlə bağlı suallarımı cavablandırarkən Telman müəllim bildirdi ki, bu gün akademik Vaqif Abbasov, professor Mütəllim Abbasov, professor Almaz Tağıyeva, general Əli Nağıyev, ictimai xadim Abdin Fərzəliyev və digərləri ilə bağlı məqamları gözümün önünə gətirəndə onların tələbəlik illəri, o illərdəki maraqları, coşquları, inadkarlıqları məndə həm nostalji hisslər yaradır, həm də qürur verir. Çünki mən onların müəllimi olmuşam. O ki qaldı bugünün tələbələrinə, onlardan bütünlüklə razı deyiləm. Çünki elmi-texniki inkişaf onları, deyəsən, bir az tənbəlləşdirib. Ona görə də elmin dərinliklərinə getməyə o qədər də həvəs göstərmirlər. Amma içərilərində təbii ki, inadkarları, oxumaq, araqşdırma aparmaq istəyənləri də var. Düşünürəm ki, məhz bu cür övladlarımızın timsalında Azərbaycanın gələcəyi daha uğurlu, daha möhtəşəm olacaq.

Mən yazımın əvvəlində xatırlatdım ki, Əhməd Ağdamskinin ocağında böyüyən övladlar atalarından fərqli olaraq elm yoluna üz tutmuşdular. İndi həmin məqama bir də qayıdıram. Çünki Telman müəllimin qardaşı Məmməd Ağdamski geoloqdu. Onun yerin qatları ilə bağlı apardığı araşdırmalar, bu sahəyə verdiyi töhfələr də yetərincədi. Amma Telman müəllimin nəvəsi Həsən, deyəsən, genetik olaraq Əhməd Ağdamskinin səsini özünə köçürüb. Çünki Niyazi adına uşaq Musiqi Məktəbinin 4-cü sinfində oxuyan Həsən Cəlilov öz məlahətli səsiylə Telman müəllimi həmişə kövrəldir. Doğrudur, o, fleyta üzrə təhsil alır. Amma səs də ki, öz yerində. Və...

Bəli, avqust aynını 6-da Telman Əhməd oğlu Ağdamskinin 80 yaşı tamam olacaq. Mən gec tanıyıb, haqqında sonradan məlumatlar topladığım Telman müəllimin həyat yolunun bütün cizgilərini bu yazıda ifadə etməyə cəhd etsəm də, alınmadı. Çünki onun fəaliyyəti, onun elmi uğurları bir yazıya sığan deyil. Onun elmi bağlantıları, onun pedaqoji fəaliyyəti, onun bir ata, bir baba kimi ailədəki yeri, nəhayət, onun bir vətəndaş kimi ictimai çəkisi ayrı-ayrılıqda onlarca yazıya kifayət edər. Düşünürəm ki, bu gözəl insanın, bu dəyərli alimin həyat yolu hələ çox qələm adamlarını, o cümlədən, mənim özümü də yenidən onunla həmsöhbət olmağa səsləyəcək. Bu, onun haqqıdır. Mənim isə borcum o haqqın yanında olmaqdı. İndi isə 2016-cı il avqustun 6-da 80 yaşı tamam olan professor Telman Əhməd oğlu Ağdamskiyə "yubileyiniz mübarək olsun!" deyirəm.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV