adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyul 2016 17:56
44529
MƏMLƏKƏT
A- A+

Kim, harada, necə istirahət edəcək? - SORĞU

Yay fəsili gələn kimi ağıllara gələn ilk sual tətili harada və necə keçirmək olur. Bir çoxları qarlı-boranlı, yağışlı-çiskinli havalarda məhz bu günlər üçün işləyir ki, yayda dincələcək. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu yay o yaylardan deyil. Həm iqtisadi çətinlik, həm havaların o qədər də isti keçməməsi bir çoxlarının istirahət planının üstündən xətt çəkməli olub.

Adalet.az-ın apardığı araşdırma isə daha maraqlı məqamları ortaya çıxarıb.

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı: "Hələlik bu barədə qərar verməmişəm. Ölkə daxilində turizm infrastrukturunun qurulduğu yerlərdəki xidmətlər məni qane edir. Məsələn, Qəbələ rayonunda standartlara uyğun otellər və xidmət var. Xüsusilə ölkənin cənub bölgəsindəki turizm infrastrukturu isə qane etmir”.

Teleaparıcı Aysel Nazim: "Yay tətilini elə hal-hazırda Moskvada keçiririk. Amma Respublikamızın da gəzməli-görməli yerləri var. Dənizimiz də var, səfalı yerlərimiz də... qiymətlər yaxşıdı, lakin bir az da aşağı olsa, daha yaxşı olar. İnşallah ölkəmizə qayıdanda Göygölə getmək istəyirəm”.


Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Yay tətilini iş otağımda keçirəcəyəm".

"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli: "Sözün açığı tətil barədə heç düşünməmişəm, heç dincəlməyə vaxt da yoxdur. Bilirsiniz, yol təmir-tikinti işləri əsasən yaz aylarından başlayaraq payıza qədər daha da canlanır.Ölkədaxili turizm yerləri kifayət qədərdi. Ancaq xidmət səviyyəsi yox dərəcəsindədir. Çox aşağıdır. İstər ekonom, istərsə də bahalı yerlərə bunu şamil etmək olar. Yəni qiymət faktoru burda rol oynamır. Turizm obyektlərinin sahiblərinin bu məsələdə laqeydliyi və bu laqeydlikdən həmin obyektdə xidmət göstərən şəxslərdə yaranan laqeydlik birbaşa rol oynayır. Düzdür, elə yerlər var ki, orda xidmət səviyyəsi yüksək səviyyədədir. Ancaq bu da barmaqla sayılacaq qədərdir”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova: "Yay tətilini hələ bilmirəm harada keçirəcəm. Yəqin ki, Azərbaycanda. Ölkə daxilində olan turizim sahələri və xidmətləri məni qane edir”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı: "Qəzetçi üçün tətil olur? Bizdə olmur. Bir həftə rayonda olmağı düşünürəm. Dünyanın bu vaxtı istirahət və xaric düz gəlmir".


Vusala

Lent.az saytının yazarı Vüsalə Məmmədova: "Mən ölkə daxilində istirahət edəcək qədər zəngin deyiləm. Amma bir gün imkanım olanda ölkəni başdan-başa gəzməyi çox arzulayıram. Ötən bazar dostlarımla Mərdəkan denderarisinə getmişdik. Baxımsızlıq.... hər küncdən ac və xəstə pişiklərin əl-ayağından sallanıb yemək istəməsi... acınacaqlı durum idi. Məzuniyyətim avqustdadır. 2 ildir ki, çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetindən məzuniyyətə çıxan kimi Lent.az-da yayımlanan "Əsir düşərgəsi" layihəm üçün girovlarla görüşürəm. Bu yay da belə edəcəyəm. Növbəti məzuniyyətə qədər yazmaq üçün girov hekayələri dinləyəcəyəm. Bundan başqa, avqustda həm də dincələ bilmək üçün internetdən istifadəni azaldacağam, Facebookdan isə ümumiyyətlə istifadə etməyəcəyəm. Ayın sonunda isə özüm 10 günlük istirahət planlamışam - telefonsuz və internetsiz”.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov: "Mən tətilimi öz ölkəmizdə keçirməyi düşünürəm. Çox istərdim ki, bizim turizm sektoru bazarın nəbzini yaxşı tuta bilsin. Hər kəsi inandırım ki, turizmin vəziyyəti məhz bundan asılıdır. Başqa ölkələrin, xüsusilə də bu sahədə böyük təcrübəsi olan qardaş Türkiyənin təcrübəsini dərindən öyrənməyin vaxtı çatıb. Turizm biznesi ilə məşğul olan hər bir iş adamı başa düşməlidir ki, harada dincəlmək seçimi etməzdən öncə hər kəs ilk öncə qiymətlərə və xidmətin keyfiyyətinə baxır. Əksər hallarda əgər keyfiyyətdə elə bir ciddi fərq yoxdursa, üstünlük qiymətə verilir. İndi evdə oturub harada hansı xidmətin nə qiymətə təklif olunduğunu öyrənmək qədər asan iş yoxdur. Yəni heç kimi aldatmaq mümkün deyil. Odur ki, turizmin inkişafının yeganə düzgün yolu qiymətlərin optimallaşdırılmasından keçir”.


Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: "Hələ ki heç bir planım yoxdur. Alınsa 10-15 günlük xaricə getmək istərdim, çünki ölkədə qalanda tam dincəlmək olmur. Daxili turizmi əslində çox sevirəm, amma anormal baha qiymətləri boykot elədiyim üçün ölkədə dincəlmək istəmirəm. Əgər, məsələn, İzmir ilə Şamaxının, ya Masallının, ya Oğuzun - rayonun fərqi yoxdur - qiymətlərində fərq yoxdursa, qoy, elə İzmir olsun. Bunu rayonlarda turizm biznesi quran sahibkarlar da başa düşməlidirlər”.

"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova: "Ölkə daxili turizmyerləri məni tam qane etmir desəm yalnış olar. Çünki yay və qış tətillərini daha çox ölkə daxilində keçirirəm. Ancaq təbii ki, təbiətin bütün əsrarəngiz gözəllikləri ilə əhatə olunsaq da, həm meşə zolaqları ilə zəngin, həm dağ turizmi üçün münbit şərait, həm dənizin əlçatan olmasına baxmayaraq təəssüf ki, xidmət sektoru hələ də standartlara cavab vermir. Bu yay istirahətimi həm daxili turizmin, həm də xarici turizmin xidmətlərindən yararlanaraq keçirəcəm. Daha çox ölkəmizin şimal, şimal qərb zonasının turizm imkanlarından və sevimli qardaş ölkə Türkiyənin turizm təkliflərindən yararlanaraq keçirəcəm..".


Azadinform.az saytının baş redaktoru Niyaz Niftiyev: "Yay tətilini avqust ayında – yəni məzuniyyət dövründə keçirmək niyyətindəyəm. Təbii ki, planda ailə ilə 1 həftəlik Türkiyə səfəri və ölkədaxili turizmdən istifadə nəzərdə tutulub. Təəssüf ki, ölkədaxili turizm imkanları geniş olsa da, xidmət və qiymətlər ürəkaçan deyil, amma bütün hallarda istifadə etmək məcburiyyətindəyik. Bəzən qalmaq üçün ucuz yer tapa bilirsən, amma qidalanmada bahalıq hər şeyi bərbad edir. Ona görə ölkə daxilində hara gedəcəyimizi hələ dəqiqləşdirməmişik, axtarışlar davam edir”.


Hüquqşunaş Mehman Muradlı: "Yay tәtilini doğma rayonumuzda - Tәrtәrdә keçirәcәm. Arada Tәrtәrә yaxın olduğu üçün Ağcakәndә gedәcәm”.


Jurnalist Azər Sarıyev: "Yay tətilini keçirməyəcəyəm. Bahalıqdır!”


Yazar Cəlil Cavanşir: "Yay tətilini kəndimizdə, atamın evində keçirəcəm. Ölkəmizdə çox gözəl yerlər var, amma xidmət sektoru çox bərbad vəziyyətdədir”.


İqtisadçı ekspert Nazim Məmmədov: "Həmişə olduğu kimi yaxın günlərdə doğma bölgəmizə getməyi planlaşdırıram. Buna turizm demək olmaz, ümumilikdə isə hamı kimi Azərbaycanda təklif edilən qiymət və xidmətin keyfiyyətindən narazıyam, ancaq bunun səbəbini də ümumi iqtisadiyyatımızın inhisarlaşmasında, sahibkarların üzləşdiyi məmur özbaşınalığında, həmçinin dövlətin yetərincə dəstəyinin olmamasında axtarmaq lazımdır".

Jurnalist Əmrah Fəqanoğlu: "Builki məzuniyyət dövrümün həmişə olduğu kimi, yenə də avqust-sentyabr aylarına düşəcəyi gözlənilir. Son illər əsasən ailə üzvlərimizlə birgə Xaçmaz rayonunun Nabran qəsəbəsində təxminən 1 həftəlik göndərişlə istirahət etmişəm. Xidmət səviyyəsi xarici ölkələrlə müqayisədə əlbəttə ki, çox aşağıdır, qiymətlər də baha. İstirahət mərkəzinin tabeliyində olan əyləncə mərkəzlərinə giriş üçün də əlavə pul alınır, üstəlik orada adi şirə 5 qat bahasına satılır. Nabranda Xəzər dənizi çox çirklidir, sahil zolağında xilasedicilər də çox azdır. Təsəvvür edirsinizmi, çimərlikdə insanlarla inəklər birlikdə çimir... Meşə zolağında da istirahətə gələnlərin "səliqə-sahmanı" elə ilk baxışdan ürək dağlayır. İstirahət zonalarından yığılan zir-zibil və tullantılar hara gəldi tökülür. Balakən rayonundakı "Qubek" istirahət zonasında isə xidmət yüksəkdir, orada qonşu Gürcüstana və Azərbaycanın başqa səfalı guşələrinə turlar təşkil olunur. Mehmanxananın həyətində uşaqlar və böyüklər üçün açıq hovuzlar, içərisində isə qapalı hovuz var.Bu yay Nabrana getməyi palanlayıram. Ümid edirəm ki, sadaladığım nöqsanlarla rastlaşmayacam”.


Publika.az saytının redaktoru Elçin Əlibəyli: "Adətən mən tətili yayda etmirəm. Ölkədaxili turizm deməzdim, əslində istirahət biabırçılığıdır. Qiymətlər çox yüksək, xidmət ən aşağı səviyyədə, üstəlik də istirahət proqramı yoxdur. Yeyib yatmaqdan ibarət olan fəaliyyətə turizm və ya tətili yaxşı keçirmək adı vermək olmaz. Bütün sahələrdə olduğu kimi asan qazanc vasitələri üzərində işləyib kreativliyi bir kənara qoyuruq. Nəticə turizm yemək-yatmaq və ya uzaqbaşı fağır atı gəzdirməkdən ibarət olur. Bölgələrdə teatr və digər mədəniyyət müəssisələri var. Onlar öz işlərini turizm siyasəti əsasında qursalar və paytaxt teatrları kimi yayda tətilə getməsələr, heç olmasa bölgələrdə tamaşaya gedib baxmaq olar. Bu da tətilin tərkib hissəsi olar. Məncə, bölgə teatrlarının və mədəniyyət obyektlərinin turizm işində iştirakını yenidən müzakirə etmək lazımdır. Təbii ki, bu, kiməsə lazımdırsa”.


"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev: "Yay tətilini ölkə daxilində keçirəcəyəm .Təbiətdə gəzməyi və istirahət etməyi xoşlayıram.O ki, qaldı xidmət səviyyəsinə, əlimizdə olanla kifayətlənirik”.


"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova: "Yay tətilini keçirmək ən böyük arzumdu, amma pul olanda vaxt olmur, vaxt olanda pul. İndi ikinci vəziyyətdəyəm. Əslində isə imkanım olsa dünyanın ən baxımlı qədim məskənlərinə baxardım. Şəhər divarlarını sevmirəm, mənim arzum təbiətdir”.


Qhtxeber.az saytının redaktoru Sənan Nəcəfov: "Yay tətilini Azərbaycanda keçirmək fikrim var. Maddi vəziyyətim imkan vermir ki, kənara çıxım. Ölkədaxili turzmin vəziyyəti isə ürəkaçan deyil. Qəbələ, Qusar, Masallıda bəlli yerləri çıxmaq şərtilə heç bir yerdə aldanmayacağımıza, qanımızın qaralmayacağına əminlik yoxdur. Daxildə belə istirahət mərkəzləri azdır. Yəni daxili tələbatı təmin etmək gücücündə deyil. O səbəbdən nisbətən fərqlənən qiyməti yüksək edir. Səbəb nədir? Niyə? Cavab verən yoxdur. Olsun! Bəs onunla rəqabətdə olan daxma sahibinə nə olub? Qiyməti aşağı etsə, daha çox müştərisi olacaq. Amma nədənsə o daxma sahibi də sanki böyük, şəraitli istirahət mərkəzi ilə qiymət yarışmasındadır. Adi bir misal deyim. Baxırsan ki, hər cür şəraiti olan bir istirahət mərkəzidir. Həmin istirahət mərkəzinin restoranda bir ailə üçün hesab ağlasığmazdır. Kimliyindən və nə yeməsindən asılı olmayaraq qiymət adambşına hesablanır. Nisbətən ad çıxarmış restoran müştəri sayı çox olanda 30-35 manatdan hesablayır. Ailə ilə gəldikdə isə bəlli hesab var, onu alırlar.Alsınlar! Amma imkanınız olsa, gedin, baxın, şahidi olacaqsınız. Ən bahalı restoranda belə əl-üz yumaq üçün qoyulan təmizləyici vasitələr 10 qəpiklik İran malıdır. Ola bilsin ki, ceyran ətindən qızartma verəcək, səninlə gələn qonaqlar da razı qalacaqlar, tərifləyəcəklər. Amma o qapının ağzındakı "qarşılama" və ofisiantı başa salmaq üçün xüsusi tərcüməçi xidmətinə ehtiyac duyulması hər şeyi yerbəyer edir. Biz hələ qonaqla turist məvhumlarını ayırd edə bilməmişik. Bəzən qonağa turist, turistə qonaq kimi baxırıq”.

Aydın Xan Əbilov, Kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın rəhbəri, yazıçı-kulturoloq: "Hər dəfə olduğu kimi bu səfər də yay məzuniyyətimi bir neçə yerə bölüb əsasən doğmalarıma sərf etməyə çalışıram. İyunun əvvəllərində bir həftə ərzində qonşu Rusiyada, Moskva və Volqa vilayətini gəzdim. Qardaşlarım və bacılarımın yaşadığı bu ölkədə həm bacım oğlunun toyunda iştirak etdim, həm istirahətə vaxt ayırdım, həm də bəzi görüşlərim oldu. İyunun əvvəllərində iki dəfə 4-5 günlük doğma elimə, Lənkərana getdim: anamı tək burxa bilmərəm axı. Düzü, boynuma alıram, dünyanın ən gözəl yerlərini kəndimizə və cənub diyarına dəyişmərəm. Atamın məzarını sahmana saldım, anam Quran tapşırmışdı, kişinin ruhunu yad etdi. Eləcə də iki oğlum, dostumla dəniz və dağ gəzintiləri zövqünü çıxartdıq. Avqustda yenə də daxili turizm məkanlarının birinə və olsun ki, Türkiyə, ya da Misirə səyahət etdim. Azərbaycanda daxili turizmin inkişafı göz qabağında olsa da, nədənsə insanlarımız bahalı otellər və əyləncə mərkəzlərinə, istirahət məkanlarına meyl edir, bədxərclik edirlər. Biz isə ailəlikcə kənd, ekoloji və etnik-kulturoloji turizmin imkanlarından faydalanırıq. Yəni az məsrəflə çox yerləri görmək, eləcə də maksimum ekoloji təmiz yerlərdə istirahət etmək üçün minimalizm formatlarından bəhrələnməyə çalışırıq. Bizdəki əyləncə, habelə turizim sahələrindəki xidmət səviyyəsi və qiymətlər məsələsinin düzəlməsinə isə hələ illər lazım olacaq. Üstəlik insanlarımız təbiət qoynunda istirahət edəndə özlərini az qala, yumuşaq ifadə etsəm, qeyri-sivil aparırlar: sanki sonuncu dəfə oralara getmiş kimi hər yeri zibilləyir, pis günə qoyurlar...”


Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli: "Bu yay ümumiyyətlə istirahət etməyəcəm. Ölkədaxili turizm yerləri və göstərilən xidmət haqqında isə onu deyə bilərəm ki, qiymətlər həddindən artıq baha, xidmət səviyyəsi isə aşağıdır”.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: "Ölkənin bu böhrahlı vəziyyətində hansı istirahətdən danışa bilərik və hansı pulla. Ölkədaxili turizm bizi qane etmir. Çox bahalıqdı. Xidmət də həmçinin”.


Ədalət partiyası sədrinin müavini Mütəllim Rəhimli:"Azərbaycanda istirahət mərkəzlərində qiymətlər yüksək olduğundan orada istirahət etmək imkanlarım daxilində deyil. Hətta təklif olunan ən aşağı qiymətlər belə ailə büdcəmizə uyğun gəlmir. Keçən il Həmkarlar İttifaqından göndəriş aldığımdan bu il onu da ala bilmədim. Ona görə də yay tətilini bu il evdə keçirmək məcburiyyətindəyik. Ancaq 10 günlük anadan olduğum rayona (Tovuza) gedəcəm”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud: "Əmək qanunvericiliyinə uyğun olaraq 2016-cı ildə də məzuniyyət hüququmdan istifadə edəcəyəm. Ancaq o müddətdə də görülməli xeyli işlərim var. Bura dissertasiya işimlə bağlı sənədləşmə mərhələsinə hazırlaşmaq, üzvü olduğum QHT-nin hazırda icra etdiyi layihə ilə bağlı zəruri işlər və bir sıra digər işlər daxildir. Bunlardan sonra zaman qalsa yəqin ki, 1 həftə-10 gün il boyu gərgin iş rejimindən uzaqlaşıb istirahət etməyi də düşünürəm. Güman ki, yaxın qonşu ölkələrin birinə səfər edəcəyəm. Ölkəmizin turizm poetnsialı kifayət qədər genişdir. Ancaq bu potensialın realizəsi üçün zəruri olan bütün addımların atılması hamımız üçün xeyirli olardı. Həm sahibkarlar, həm biz ölkə vətəndaşlar, həm də xarici turistlər. düşünürəm ki, bu istiqamətdə daha dinamik proseslərin getməsi üçün müvafiq qurumlar addımlar atacaqlar".


Sübhan Mahmudov