CÖKƏ AĞACININ KÖLGƏSİNDƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
54830 | 2016-07-12 00:36
Heç kim zamanı tutub saxlaya bilmir. Yəni, bu qüdrət heç bir Allah bəndəsində yoxdur. Üstəlik heç kim də yanından, üstündən ötüb gəldiyi zamanın nə vaxt onu bir də xatirələrlə özünə doğru çəkib gətirəcəyini bilmir. Təbii ki, bunu insan bilmək gücündədir. Amma burda bir məqam var. Səni özünə, yəni ayrıldığın zamana çəkib gətirən xatirələr səni həmin məkanadamı gətirə biləcək? Bax, bunu düşünəndə istər-istəməz içindən soyuq bir gizilti keçib gedir, dilin-dodağın nanə yarpağı kimi titrəyir, kirpiklərinin ucu sanki şehə batır və sən özünü də, xatirələrini də, zamanı da hətta oturduğun və yaxud dirsəkləndiyin balaca bir guşəni də günahkar sayırsan, səbəbini də bilmirsən. Elə bilirsən ki, bütün bunların hamısının günahkarı, bütün bunlar üçün cəza çəkməli yalnız sənsən. Bu doğrudanmı belədir? Bəlkə də hə, bəlkə də yox. Amma...

O dediyim xatirələri bir kitab kimi qarşında açıb vərəqləməyə başlayanda o günah da, o günahkar da, lap elə özün də yaddan çıxırsan və bir də onda görürsən ki, gəlib çıxmısan ayağın, əlin, gözün, ürəyin - bütün varlığın həsrətini çəkdiyi torpağa. Və sənə elə gəlir ki, sən heç burdan getməmisən, sadəcə yatmısan, yuxuda olmusan və bir müddət çıxıb şəhəri dolaşmamısan, işə getməmisən, qonşuya baş çəkməmisən, ona görə də ətrafdan bir balaca xəbərsizsən. Indi yuxudan durmusan, əl-üzünə Çuxur məhlənin bir ovuc buz kimi suyundan çırpıb çıxmısan şəhərə. Və gəzə-gəzə də gəlib dayanmısan Cıdır düzündə. Durduğun yerdə sağa-sola, ətrafa baxırsan. Hər şey elə əvvəlki kimidir. Və bu əvvəlkindən bir əvvəl də var, o konkret tarixdi, yəni 1934-cü ildi.

Həmin il Şuşada Hümbət kişinin evində onun ömür-gün yoldaşı Nabat xanım dünyaya Akif adlı bir oğul gətirib. Bax, bu nöqtədə bir anlıq dayanıram və istəyirəm deyəm ki, Nabat xanım məşhur Qaçaq Süleymanın qızıdır. O Süleymanın ki, səsindən, zəhmindən erməni gizlənməyə yer axtarırdı. O 
Süleymanın ki, haqsızlar, namərdlər onun adı gələndə tir-tir əsirdilər. Bilirdilər ki, haqqı nahaqa verməyəcək. Bax, həmin mərd kişinin qızı bir mərd oğlanın ömür-gün yoldaşı olmuşdu. Hümbətlə Nabatın qurduğu ailəyə Tanrı on övlad qismət etmişdi. Onlardan beşi oğlan, beşi qız idi. Həmin oğullardan biri də indi "indi gəlib Cıdır düzündə dayanan" Akif Hümbət oğlu Quliyev idi...
Bəli, o illərin bəlli tarixi var - Sovet İttifaqı adlı bir məmləkət, onun tərkibində Azərbaycan, Azərbaycanın ürəyində Şuşa. Ağır, çətin illər... yeni hökumətin tələbləri, qaydaları, qanunları, böyük bir ailə... onların dolanışığı, güzəranı və ölkənin başının üstünü alan müharibə. O müharibə başlayanda Akifin cəmi yeddi yaşı var idi. Amma artıq əllərində zəhmətin izi görünürdü, çünki bütün yaşıdları kimi, onun da uşaqlığı beləcə əriyib getmişdi. O, uşaqlığın ləzzətini doyunca dada bilməmişdi. Lakin keçdiyi bu yol onu qorxutmurdu, çünki həm soykökü, həm aldığı tərbiyə onu dizibərk, sözübütöv böyüdürdü. Bilirdi ki, ocağındakı halallıq, mayasındakı saflıq onu mütləq bir işığa aparıb qovuşduracaq. O, mütləq Şuşada şuşalıların hörmət etdiyi bir insana çevriləcək. Sanki haqdan dolmuşdu onun ürəyinə bu inam və o inam onu öz xəyallarının, arzularının içində boğulub qalmağa imkan vermirdi, əksinə onun əlindən tutub irəli çəkirdi. Ona görə də atası Hümbət kişi heyvandarlıqla məşğul olduğundan təbiətə də, dağ-aran yollarına da bələd idi. Bu səbəbdən də Şuşanı, onun ətrafını beş barmağı kimi tanıyırdı.

Orta təhsilini başa vurduqdan sonra həyat onun qarşısında suallar qoydu. O sualların cavabı artıq onun özündən asılı idi - qərarı o verməli idi. Elə ürəyinin səsinə qulaq asaraq da qərar verdi. Peşə təhsili aldı, Mingəçevirdə, Bərdədə əmək fəaliyyətinə başladı, özünün dediyi kimi, fəhlə də işlədi, traktor da sürdü, hətta pambıqyığan kombaynın sükanı arxasına da keçdi. Gecə-gündüz işlədiyindən onun cılız bədəni bu gərginliyə dözmədi, səhhətində problem yarandı. Həkimlərin, böyüklərin tövsiyəsiylə doğulduğu şəhərə qayıtdı və burada hamının çox yaxşı tanıdığı Sovxoz Texnikum adlanan təhsil ocağında işə düzəldi. Elə həmin vaxtdan da qiyabi ali təhsil almaq istəyini gerçəkləşdirdi. Demək olar ki, çox qısa bir müddətdə artıq Sovxoz Texnikumun bütün kollektivi, eləcə də şuşalılar onun işgüzarlığından, qabiliyyətindən danışırdılar. Bu adam sanki məhz bu iş üçün doğulmuşdu. Elə bu məqamda bir xatirəni yada salmaq istəyirəm.

Akif müəllim deyir ki, Sovxoz Texnikumda işləyirdim. Oranın bufetini mənə tapşırmışdılar və günlərin birində rayon rəhbərliyi texnikumun direktoru rəhmətlik Mamed müəllimə, o da mənə bildirdi ki, respublika DTK-sının sədri Şuşaya gəlir. Onun qaldığı qonaq evində yemək məsələlərini sən həll edəcəksən. Mən də hazırlıq işlərini gördüm. Sovxoz Texnikum bağının üst tərəfində qonaq evi səmtdə bir nəfərin gəzişdiyini gördüm. Hava toranlıq idi. Onu o qədər də yaxşı seçə bilmədiyimdən yaxınlaşdım. Salam verdim. Bircə kəlmə dedi: Akif, yemək hazırdı?

Bəli, mən Heydər Əliyevlə məhz ilk dəfə Şuşada belə qarşılaşdım və bu xatirəni ona görə deyirəm ki, bir neçə il sonra, artıq Ulu Öndər Azərbaycanın rəhbəri idi və mən Şuşa rayon İstehlak Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmaq üçün Bakıya gəlmişdim. Təbii ki, MK-nın I katibi yeni təyin olunan hər kəsi qəbul edib, ona tapşırığını verirdi. Mən içəri daxil olanda Ulu Öndər başını qaldırıb diqqətlə üzümə baxdı və dedi:

- Şuşada qonaq evində mənə yemək verən sən idin də.

Bəli,o, məni tanımışdı. Mən onda bu insanın yaddaşına heyran qaldım. Sonralar Şuşaya səfərlərində də mən onu gördüm, amma ilk görüşümüz heç vaxt yadımdan çıxmır...

Şuşada Sovxoz Texnikumda işlədiyi vaxtlarda artıq özünü qabiliyyəti ilə, bacarığı ilə tanıdıb sevdirən Akif Hümbət oğlu rayon rəhbərliyinin də diqqətini çəkmişdi. Ona görə də rayonun birinci katibi Qəşəm Aslanov onun yeni bir sahəyə rəhbərlik etməsini istədi və Akif Quliyevə təklif olundu ki, rayon İstehlak Cəmiyyətinə rəhbərlik etsin. Akif müəllim bu təklifə razılıq verməkdə tərəddüd edirdi. Ona görə də Qəşəm Aslanova bildirdi ki, o bu işi bacarmaz. İnsanları yaxşı tanıyan Qəşəm müəllim gülümsəyərək dedi:

- Quliyev, mən sənin bacarığını bilirəm. Get, bu sahəni qaydaya sal!

Belə də etdim. Uzun illər Şuşa Rayon İstehlak Cəmiyyətinə rəhbərlik edən Akif Quliyev bu sahənin bütün nöqsanlarını aradan qaldırdı və işlədiyi uzun illər ərzində dəfələrlə muxtar vilayətin, respublikanın, SSRİ-nin keçici Qırmızı Bayrağını bu kollektiv qazandı. Üstəlik Akif müəllim imkan vermədi ki, onun rəhbərlik etdiyi sahədə kimisə cəzalandırsınlar, kimisə tutsunlar. Bu adam sanki xilaskar, xeyirxah mələk idi, rəhbərliyi altında olan insanları elə qanadları altına da almışdı. Yuxarı rəhbərlikdən kimin bir iradı olsa, Akif müəllim özü önə keçirdi, günahı özü boynuna götürürdü və elə ona görə də hamı ona güvənirdi, özünü, ailəsini ona etibar edirdi. Bax, bu məqamda da mən haşiyə çıxmalı oluram. Çünki xatirəni söyləmənin vaxtıdı:

Turşsuda bir çayçı var idi. Adı indiki kimi yadımdadı - Məşdi deyirdilər. Bir qış günü mənə xəbər gəldi ki, Məşdi ağır xəstədi, məni görmək istəyir. Getdim görüşünə. Şəraitsiz bir evi var idi. Halsız vəziyyətdə yatırdı. Görüşdüm, əlimdən tutub arvadı Sərvini və uşaqlarını çağırdı. Üzünü mənə çevirdi:

- Quliyev, mən gedirəm, bunları sənə tapşırıram!

İnanın ki, son kəlmə ağzından çıxan kimi canını tapşırdı.
İkinci bir xatırlama: General Ramiz Zeynalovu yəqin tanıyırsınız. Onun dayısı da Şuşada işləyirdi. Qəflətən xəstələndi. Bacısı uşaqları Şuşaya gəldilər ki, onu Tovuza aparsınlar. Amma ailəsi razı deyildi. Mənə xəbər gəldi ki, Yaqub səni çağırır. Komadaydı. Dili tutulmuşdu. Gəldim, zarafat etdik. Dedim ki, qalx ayağa, sənin nəyin var ki. O da gülümsədi və dedi: Quliyev mən gedirəm, arvad-uşağı sənə tapşırıram. And olsun Allaha ki, sözünü bitirən kimi, canını tapşırdı. Öz doğma qardaşım Cəlal da bu cür köçdü dünyadan.

Akif Quliyev istər Rayon İstehlak Cəmiyyətinin, sonra Şuşa şəhər İstehlak Cəmiyyətinin, daha sonra "Kurorttorq"un sədri olub. Şuşada bu cəmiyyətlərin ən böyük bazasını o, inşa etdirib. Şuşada ticarətin, iaşənin hər kəsi razı salan bir səviyyəyə çatdırılması onun xidmətləridi və üstəlik adamların Şuşada istirahət etməsi üçün gərəkli olan bütün məsələlərin çözümü onun əməyi idi. Heç də təsadüfi deyil ki, bacarığına, sözübütövlüyünə, dürüst adam olmağına və özünü saydırmağı bacardığına görə Dağlıq Qarabağın erməni rəhbərliyi də onunla hesablaşırdı. Hətta vilayətin rəhbəri Gevorqov da onun xidmətlərini etiraf edirdi. Və tədbirlərdə, iclaslarda vurğulayırdı ki, ticarətdə, iaşədə halal və peşəkar kimi işləməyi Quliyevdən öyrənin.

Bəli, o, Şuşada doğulmuşdu. O, Şuşanın adıyla yaşayırdı, gəzirdi və Şuşanın işğal olunacağı onun üçün mümkünsüz bir məsələ idi. Amma işğaldan bir müddət öncə o vaxtlar Laçın rayonuna rəhbərlik edən Muradxan Cabbarovla Laçın-Şuşa arasında görüşdü, xeyli dərdləşdilər. Rəhmətlik Muradxan müəllim ayrılanda bildirdi ki, Akif böyük oyunlar gedir. Laçın da, Şuşa da işğal olunacaq. Biz yurdsuz-yuvasız qalacağıq.

Şuşa işğal olundu. Bütün şuşalılar kimi, Akif müəllim də öz ocağından didərgin düşdü. Bakıya pənah gətirdi. Ömür-gün yoldaşı Zümrüd müəllimə və beş övladı ilə birlikdə. Allah ona verdiyi bu övladların bəxtini də arzuladığı kimi yazmışdı. İki oğul, üç qız atası olan Akif müəllimin qızlarının hər üçü Tibb İnstitutunu, oğlanları isə müxtəlif ali məktəbləri bitirmişdilər. Necə deyərlər, əlləri çörəyə çatmışdı. Bu gün də onlardan heç bir nigarançılığı yoxdur. Hətta qız nəvəsinin biri Almaniyada cərrah kimi fəaliyyət göstərir. Həkim qızlarından biri, yəni İradə xanım Gülməmmədova Abşeron rayonuna rəhbərlik edir. Sözün bütün mənalarında övladlarından, nəvələrindən yerdən göyə qədər razıdır. Hamısı onun etimadını doğruldub, arzularını çin edib. Amma...

Mən onunla Novxanıda görüşdüm. Bir cökə ağacının kölgəsində əyləşmişdi. Elə məni də orada qarşıladı. Nədənsə mənə elə gəldi ki, o bu ağacın kölgəsindən ayrılmaq, otağa keçmək, yaxud da həyətin başqa bir səmtinə üz tutmaq istəmir. Sanki onu kimsə bu ağacın kölgəsində tutub saxlayıb. Sonra təxminimdə yanılmadığıma əmin oldum. Söz-sözü çəkəndə, həyətdəki səliqə-səhmandan danışanda onun adını dilinə gətirdi. Dedi ki, Zümrüdün qoyub getdiyi nizamdı, səliqə-səhmandı. Bu cökəni də o, aldırdı mənə və harda əkəcəyimi də o, özü göstərdi. Çox sevirdi cökə ağacını...
Bəli, Akif müəllimin ömür-gün yoldaşı Zümrüd xanım uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdu. O da övladlarından çox razı idi. Amma şuşasızlıq onun ürəyini üzdü. O, övladlarından, Akif müəllimdən ayrılıb, haqq dünyasına üz tutdu. Özü də bu ayrılıq bir göz qırpımında oldu.
İndinin özündə də o ayrılıq səhnəsini Akif müəllim dilinə gətirəndə əli, dili-dodağı titrəyə-titrəyə əvvəlki xatırlamalarda dediyim məqamları mənə danışır. Akif müəllim deyir ki, Sulutəpədə torpaq sahəsi alıb, ev tikdik. Səliqə-səhmanını yaratdıq, tam hazır oldu və bir gün qərar verdik ki, biz ora köçüb, ikimiz baş-başa yaşayaq. Bağdan meyvə-tərəvəz topladıq, həyətdən bir toyuq tutub kəsdik və getdik təzə evə. Zümrüd bir Qarabağ çığırtması bişirməyə başladı. Mən də həyətdə oturmuşdum. 
Birdən səsini eşitdim:

- Akif!

Tez özümü içəri atdım. Elə qaz plitəsinin önündəcə güclə dayanmışdı.

- Akif, məni tut, gedirəm!

Və Zümrüd getdi... mən onu saxlaya bilmədim. Və yığışıb o evdən də çıxdım, bir daha da o evə tərəf üz çevirmədim.

Bəli, mən cökə ağacının dibində şuşalı, şuşasız günlərinin hər anını nöqtə-vergülünə qədər yaddaşına yazmış bir el ağsaqqalının xatirələrini dinlədim, onun həyat yolunu elə onunla birlikdə keçib gəldim və bir daha anladım ki, şuşalılar təbii ki, Şuşada doğulub, Şuşanın havasını, suyunu dadmış şuşalılar elə hər yerdə şuşalıdı. Onların kədəri də, yumoru da, söz-söhbətləri də orda yaşadıqları auradadı. Onlar özləri ilə hər yerə bir Şuşa aparırlar, bir Şuşa gətirirlər. Akif müəllim də Novaxanıya öz həyəti boyda, öz ürəyi boyda Şuşa gətirib. Elə məni də həmin Şuşadan yola salanda dedi ki:

- Qardaşoğlu, elədiyimiz söhbətləri yazmaq üçün demədim, sadəcə söhbətimiz tutdu, danışdıq və bu söhbətin də əsas səbəbkarı mənim və sənin dostun Zahid Abbasovdu. Allah ona kömək olsun ki, bu şəraiti yaratdı, bir az keçmişimizdən, bu günümüzdən danışdıq, ölənləri, qalanları xatırladıq.

- Sağ olun Akif müəllim, siz də mənə çox şeyi xatırlatdınız. Və ən əsası özünüz qəbildən olan insanların Şuşa həsrətinin nə boyda olduğunu mənə bir daha yaşatdınız.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV