adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Iyul 2016 12:46
100444
MÜSAHİBƏ
A- A+

Mirzəcan Xəlilov: “İşimizi də günün tələbləri səviyyəsində qururuq”

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi. Bu seçkilərdə mandat qazanan deputatlar qarşıdakı müddət ərzində görəcəyi işlərdən danışır…

Rubrikamızda seçici-deputat münasibətlərinin hansı səviyyədə olduğunu öyrənməyə çalışacağıq. Beləliklə, rubrikamızın bugünkü qonağı 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Mirzəcan Xəlilovdur.


-Mirzəcan müəllim, seçkidə qələbə qazanaraq mandat əldə etdiniz. Qarşıdakı müddət ərzində hansı işlərin görülməsi sizin üçün prioritetdir?

-Seçkidən müəyyən müddət keçib. Bu müddət ərzində seçicilərimi və seçildiyim dairənin, ümumilikdə Sumqayıt şəhərinin problemlərini hər zaman diqqətdə saxlamışam və bu problemlər barədə Milli Məclisdə məsələ qaldırmışam. Bundan sonra da seçicilərimi və ümumilikdə Sumqayıt şəhərində olan, eyni zaman da məmləkətimizdə baş verən hadisələrə biganə qalmayacam və bu haqda öz fikirlərimi deyəcəm! Bildiyimiz kimi bu gün ölkəmizdə fəaliyyət göstərən partiyalar arasında ən böyük partiya mənim də təmsil olunduğum, Ulu öndərimiz, ÜMUMMİLLİ LİDERİMİZ Heydər Əliyevin qurucusu olduğu və cənab prezident İlham Əliyev cənablarının sədri olduğu Yeni Azərbaycan Partiyasıdır. Partiyamız Milli Məclisdə çoxluq təşkil edir. Xalqımızın da partiyamıza, partiyamızın liderinə-cənab prezidentimizə inamı və güvənci sonsuzdur. Bu baxımdan da partiyamızın da mövqeyini qorumaq bizlərə düşər. Həm Millət vəkili kimi, həm də partiyanın üzvi kimi.


-Deputatın əsas missiyası mandatını qazandığı seçicilərin problemlərinin həllidir. Maraqlıdır, Mirzəcan Xəlilovun seçicilərinin nə kimi problemləri var və bunların həlli üçün hansı addımlar atılır?

-Düz qeyd etdiniz. Amma unutmayaq ki, deputatın vəzifəsi tək problemlərin həllində vasitəçi olmaq deyil. Milli Məclis qanunverici orqandır. Qanunların qəbulu və qanun layihələrinin hazırlanması da deputatların vəzifə səlahiyyətlərinə daxildir. Bildiyiniz kimi bu gün Sumqayıtda su, qaz və işıq kimi, eləcə də yol çəkilişi problemləri yaşanmır. Kapitalizm quruluşuna keçid etdiyimiz üçün müəyyən qədər iş problemi var. Seçicilərimizi də narahat edən budur. Hörmətli Zakir müəllimin (Sumqayıt Şəhər İH-nin başçısı) də bu yöndə məqsədli fəaliyyəti nəzərə çarpandır. Bildiyimiz kimi cənab prezidentin Sumqayıtda yeni iş yerlərinin açılması və köhnə, fəaliyyəti dayandırılmış zavodların fəaliyyətini bərpa eləmək üçün tapşırıqları var. Sumqayıtda da bu yöndə işlər aparılır. Yeni zavodun tikintisi də nəzərdə tutulub. Bundan başqa da dəfələrlə çıxışlarında qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün münbit şərait yaradılır. Dövlətin vergisini ödə, işini qur və fəaliyyətini davam elətdir. Bu istiqamətində də işlər aparılır. Özəl sektora diqqət olduğu üçün iş adamlarının da bir növ boynuna düşür ki, yeni iş yerlərinin açılmasında dövlətimizə yardımçı olsun.


-Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti barəsində nə deyə bilərsiniz?

-Adından göründüyü kimi komitəni əhatə edən sahələr üzrə yeni qanun layihələri işləyirik. Əvvəldən hazırlanmış qanun layihələrində hər hansı bir düzəlişlə ehtiyac duyularsa, bunu da müzakirə edib MM plenar iclasına tövsiyə edirik. Bundan başqa, bu sahədə olan problemlərin həlli istiqamətində də hökumətə müəyyən tapşırıq və tövsiyələrimiz olur. Bildiyiniz kimi Milli Məclisdə də seçicilərimizi qəbul edirik. Komitənin iclaslarında vaxtaşırı iştirak edirik.


-Millət vəkili kimi KİV-lərə açıq deyilsiniz. Bu nə ilə əlaqədardır?


-Bu sualla razılaşmıram. Mən bir millət vəkili kimi hər zaman jurnalistlərlə təmasda olmuşam. Müsahibələr və açıqlamalar vermişəm. Sadəcə olaraq özünüreklamı sevmirəm. Bu mənim təbiətimə ziddir. Taleyüklü məsələlər və sahəmə aid məsələlərə münasibət bildirirəm. Sadəcə işin çoxluğundan bəzən jurnalistlərlə görüşümüz gec olur.


-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?


-Azərbaycan Milli Məclisinin üzvləri beynəlxalq və regional təşkilatlarda kifayət qədər fəallıq göstərirlər. Şərqi Avropa və Cənubi Qafqaz regionundakı problemlər, həll olunmamış münaqişələrlə bağlı məsələlərdə Azərbaycan parlamentinin kifayət qədər prinsipial mövqeyi var. Biz bu problemləri beynəlxalq platformalarda qaldırır, onların həlli üçün müvafiq dəstəyi əldə etməyə çalışırıq. Eyni zamanda biz Qərbdəki sivil cəmiyyət, hüquqi dövlət modelinin yaradılması üçün zəruri olan əksər qanunları ölkəmizə və regionumuza gətirmişik. Bir sıra qanunların qəbulunda demək olar ki, region parlamentlərini qabaqlamışıq. Azərbaycan parlamentinin ən effektiv əməkdaşlıq etdiyi parlamentlərdən biri də Türkiyə parlamentidir. Demək olar ki, bu iki ölkənin parlamentariləri beynəlxalq platformada bir çox məsələlərdə vahid mövqedən çıxış edirlər. Eyni şeyi Gürcüstan parlamenti barədə də demək olar. Məlum münaqişəyə görə, bizim Ermənistan parlamenti ilə heç bir əlaqəmiz yoxdur. Çünki Ermənistan konstruktiv mövqe nümayiş etdirmir və Azərbaycanla münasibətləri yumşaltmaq istiqamətində heç bir addım atmır.


-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?


-Şəxsən mənim elə bir problemim yoxdur. Normal və işgüzar münasibətlərimiz var. Həm şəhərimizin İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovla, həm də ölkədə fəaliyyət göstərən digər idarə və təşkilatların rəhbərlikləri ilə normal münasibətim var. İşimizi də günün tələbləri səviyyəsində qururuq. Bundan sonra da elə işləyəcəyik ki, həm seçicilərimizin, həm dövlətimizin etimadını doğrulda bilək.



Ədil Ədilzadə