adalet.az header logo
  • Bakı 17°C
29 Iyun 2016 17:18
6462
MƏMLƏKƏT
A- A+

Bu yollar bağlanacaq - Fotolar

"Azəravtoyol” ASC tərəfindən Bakının Nizami rayonu Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işləri aparılır.

ASC-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, təmir işləri prospektin Şirin Mirzəyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan 2850 metrlik hissəsində görülür. Burada 4 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 24 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri ("Neftçilər” metro stansiyası) arasında yerləşən, uzunluğu 750 metr, eni 12 metr, həmçinin Nəsimi küçəsi ilə kəsişmədən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən, uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yollarında da təmir işləri həyata keçirilir.

Hazırda prospektin əsas yolu boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi asfaltanması üçün hazır vəziyyətə gətirilir, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanır, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülür. Bundan başqa Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək (Dakar meydanı) olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunur.

Ümumilikdə prospekt boyunca təqribən 15 min poqonmetrə yaxın yeni səki daşının düzülməsi və 90 min kvadratmetrdən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulub.

Bütün işlər müvafiq cədvələ uyğun aparılır. Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır.

Məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun "Qara Qarayev" stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur.