adalet.az header logo
  • Bakı 19°C
29 Iyun 2016 09:47
6274
GÜNDƏM
A- A+

BÖLGƏLƏRDƏ ƏDƏBİ HƏYAT

(2015-ci ilin ədəbi yekunlarına həsr olunan elmi-yaradıcılıq
müşavirəsindəki məruzəsi əsasında)

Çoxları elə fikirləşir ki, indii "yeni şeir" axtarışlarında poeziyamızda əsrlər boyu yaranan bir çox yaşarı ənənələrdən üzülüşmək vaxtıdır. Onların fikrincə, "yeni şeir" mütləq dərəcədə "modern" olmalıdır və bu tipli şeirlər isə müasir dövrün qloballaşma səviyyəsinə uyğunlaşdırılmalıdır. Yəni Azərbaycan şeiri Avropa şeirinin dəbdə olan "izmləri" ilə "zənginləşməlidir". Təbii ki, hər hansı milli poeziya dünya poeziyasında baş verən yeniliklərə biganə qalmamalıdır, lakin əsas özül milli şeirin yaşarı ənənələri və ən başlıcası, özünün novatorluq, yenilikçilik meylləridir. Kənardan, dəb xatirinə Azərbaycan poeziyasının "ərazisində" əkilən hər hansı "izm" ağacı bar verməz və biz bunu poeziyamızın tarixi boyu müşahidə etmişik. Lənkəranda yaşayan Anar Həbiboğlunun bir şeirindən bu iki bəndə diqqət yetirin:

Bəmbəyaz qar yağdı, bürüdü kəndi,
Ac quşlar torpaqda qaraltı gəzir.
Hardasa Quşbeyin qızlara indii,
Dən səpir hansısa xırman yiyəsi.

Ac quşlar, qar sizi snvindirmədi,
Mən də sevinmirəm builki qara.
Gözümün nurunu taxıl eylədim,
Əkdim buğda-buğda ağ varaqlara.

Bu, sırf Azərbaycan şeiridir, misralara bir zərrəcik də yad nəfəs qatılmayıb. Həm də obrazlı şeirdir.
Siz intihar edən qar dənəciyi görmüsünüzmü? Əvvəla, bunun özü obrazlı bir ifadədir. Şeirin müəllifi Gülnarə Cəmaləddindir (Sumqayıt). Qadın yazarlar arasında özünəməxsus fərdi deyim tərzi ilə seçilir. Gülnarənin həmin şeirində bir qar dənəciyi yer üzünə özünü atıpr ki, onu çirkabdan təmizləsin, dünyaya bir saflıq yaysın. Amma qar dənəciyinin ömrü nə qədərmiş ki? Doğrudanmı onun ölümü-"intiharı" insanları müdhiş olan ölüm barədə düşünməyə sövq edir?

Sənin ağlığından adam üşüyür,
Sənin təmizliyin çoxuna yaddı.
Sənin səssizliyin, sənin sükutun,
Sənin soyuqluğun adam öldürür.
Allahdan yuxarı getməyə yol yox,
Allahdan aşağı ölməyə yer var.
Hər kəsin dilində sevdiyi dua,
Hər kəsin içində ilahi sirr var.
İntihar eləyən qar dənəciyi,
Çıürpırsan özünü torpağa, daşa.
Qorxuram hamını çəkə intihar,
Dünyada bir təmiz adam qalmaya.

Bu da təmiz Azərbaycan şeiridir. Milli poetik ənənələrimizlə bağlı daha iki şairdən qısaca söz açmaq istəyirəm. Elşən Əzimdən (Mingəçevir-əslən kəlbəcərli) və Hüseyn Bağıroğlundan (Naxçıvan). Bu iki şairin şeirlərində bir-birinə doğma, məhrəm djuyğular gördüm. Bu doğmalıq nə eyni mövzuda, nə eyni vəzndə, nə də eyni şeir formasında yazdıqları şeirlərdədir. Yox, mətləb tamam ayrıdır. Mətləb ondadır ki, onların hər ikisi dilimizin gözəlliyini, zərifliyini, obrazlılığını yaşadırlar. Sadə yazırlar, amma bu sadəlikdə primitivlik, bəsitlik nəzərə çarpmır. Şeirdə fikirlə hissin, ürəklə ağlın vəhdəti yaranırsa, deyirik ki, səsləırdəın sözlərə, sözlərdən şeirə, şeirdən poeziyaya gedən yolun başlanğıcı da, sonu da budur. Sonra gəlir o şeirin oxucuda oyatdığı emosional hiss və duyğular.

Bir dəryadan üzüb keçdim,
Batdığım günaha qədər.
Tamahın içindən keçdim,
Diş altdan iştaha qədər.

Demirəm hayıma hay ver,
Ya da qurulu saray ver.
Ay Allah, eşqimə boy ver,
Məcnun çəkən aha qədər.

Bir olanı bir istərəm,
Pir olanı pir istərəm,
Elşənə ömür istərəm,
Ölümdən Allaşa qədər.

Elşən Əzimin bu şeirində ömrün on iki misraya sıüğışan keçmişi və bu günü öz əksini tapır. "Ölümdən Allaha qədər" gedən yol isə sufiyanə düşüncə tərzinin ən sadə modelidir. Elşən Əzimin şeirlərində kifayət qədər poetik yükü ilə seçilən nümunələr var və deyim ki, bu şeirlərdə qətiyyən əllaməçilik, sözlə "oyun oynamaq" iddiası yoxdur.
Hər təzə şair və hər təzə şeirlə tanışlıq oxucu üçün gözlənilməz bir hadisə təsiri bağışlayar. Bu tanışlıq ani deyilsə, sonralar da davam edirsə, deməli, yeni bir şair doğulur oxucu üçün. Dünyadakı bütün mövzular tükənmiş kimidir; daha nədən yazasan ki? Amma ŞAİR üçün işlənmiş mövzu anlayışı yoxdu. Hüseyn Bağıroğlunun şeirlərində də hamımızın tanış olduğu mövzularla qarşılaşırıq. Məsələn, ilin payız fəsli haqqında nə qədər yazarlarg Təbii ki, payızdan yazılan hər şeir də ŞEİR deyil. Hüseynin təsvir etdiyi payız isə təzə boyalarla diqqəti cəlb edir.

Həsrətin boynuma elə sarılar,
Sinəmdən qılınctək bir ah sıyrılar.
Mənim gözlərimin kökü saralar,
Ağacların yarpaqları payızda.

Əslində, burada əsil payızdan deyil, qəlbin, hisslərin, duyğuların payızından söhbət gedir. Əlbəttə, Elşən Əzimin də, Hüseyn Bağıroğlunun da şeirlərində zəif nöqtələr tapmaq olar. Amma məsələ burasındadır ki, onlar şeirə - Füzuli demişkən: bu "xirəndməndlər sənətinə" məsuliyyətlə yanaşırlar. Mən bölgələrdə yaşayan Məmməd İlqarın, Sabir Sarvanın, Tərlan Əbilovun, Nisə Bəyimin, Asim Yadigarın, Arif Fərzəlinin, Zakir Məmmədin, Əlizadə Nurinin, Məhəmməd Astanbəylinin, Bahadur Fərmanın şeirlərindən də beləcə misallar gətirə bilərəm. Xalq yazıçısı Elçinin Qazaxda yaşayan Məhəmməd Astanbəylinin şeirləri haqqında ayrıca məqalə yazması, digər müəlliflərin Məmməd İlqarın, Sabir Sarvanın, Tərlan Əbilovun, Nisə Bəyimin şeirləri barədə mətbuatda çap olunan təqdiredici məqalələr yazıldığından bu xüsusda söhbəti uzatmaq istəmirəm.
Bölgələrdə yaşayıb-yaradan yazarlar arasında Qərib Mehdi, Aslan Quliyev, Aydın Tağıyev, Novruz Nəcəfoğlu, Əyyub Qiyas kimi tanınmış nasirlər də var. Qərib Mehdi Gəncə ədəbi mühitində parlamışdır, uzun müddət "İlham" ədəbi birliyinin rəhbəri olmuşdur və o birlik indii də fəaliyyət göstərir. Oxucular onun "Rast", "Ucalan dağlar", "Təmiz hava", "Müsabiqə" və s.povest və romanları ilə tanışdırlar, son illərdə də bu 80 yaşlı sənətkar yorulmaq bilmir. "Azərbaycan" jurnalında Qəribin "Skripka üçün mi simi" adlı maraqlı bir povesti ilə tanış olduq. Bu povestdə Qərib Mehdi yeni dövrün həqiqətlərini əks etdirir, əvvəlki əsərlərində olduğu kimi bu əsərində də mənəvi - əxlaqi bir problem ortaya qoyur.
Şabranda yaşayan Aydın Tağıyev də müasir nəsrimizdə istedadlı bir hekayəçi kimi diqqəti cəlb edir. Aydın kiçik şəhərin yetirdiyi, amma istedadı və bacarığı ilə bu kiçik şəhərin hüdudlarından kənarda tanınan, sevilən nasirdir. Onun hekayələri çox vaxt 2-3 səhifədən ibarət olur, amma bu hekayələr son dərəcə maraqlıdır, psixoloji anların təsviri, mahiyyətə, alt qata enmək məharəti, dilinin, təhkiyə tərzinin təzəliyi onun özünəməxsus üçlubunu səciyyələndirir. Akademik Bəkir Nəbiyev hələ otuz il öncə yazırdı ki: "Aydının hekayələrində oxucunu təsirləndirən məqamlar diqqəti cəlb edir. Onun hekayələri oxucunu təsirləndirə bilir". Son illərdə onun "Alma oğurlayan divlər" və "Bir bazar günü" hekayələr kitabları işıuq üzü görüb.
Əyyub Qiyas (Sumqayıt) və Aslan Quliyev (Yardımlı) müasin nıəsrimizdə bir romançı kimi tanınırlar. Əyyubun "Qara işıq", "Sonuncu büt" və "Köpək bürcü" romanları çap olunub və bu romanlarda artıq püxtələşmə hiss olunur. Eyni fikri Aslan Quliyevin "Yazıçının savaşı", "Payız" romanları haqqında da söyləyə biləırik. Yeri gəlmişkən deyim ki, bu günkü roman bolluğunda seçilmək, özünü bir romançı kimi təsdiq etmək çətindir, hamı roman yazmağa girişib və ortada nə "Qətl günü", nə "Mahmud və Məryəm", nə "Fətəli fəthi", nə də "Dünüanın arşını" səviyyəsində roman görünmür.
"Bölgələrdə ədəbi həyat" mövzusunda bu qeydlərimi başa çatdırırkən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan ədəbiyyatının inkişafında bölgələrdə yaşayan yazarların da uğurları az deyil və gəlin, onları unutmayaq...