adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyun 2016 09:36
4938
GÜNDƏM
A- A+

TOP ATDILAR OYANMADIM...

İstedadlı jurnalist və yaxın dostum Loğman İbrahimoğlu bu yaxınlarda mənə bir jurnal verdi. Sonra da dedi ki, vaxtınız olsa göz gəzdirərsiniz. Sözün düzü, indiki qəzet, jurnal bolluğunda adamın bir o qədər də yazı-pozuya baxmağa həvəsi olmur. Mən də onun verdiyi "Satira" jurnalını stolun üstünə qoydum və işdən çıxıb evə getdim.
Səhəri gün işə gələndə ərinməyib jurnala göz gəzdirdim. İstər-istəməz jurnalın tərtibatı, orda çap olunan müxtəlif janrlı yazılar və daha doğrusu, felyetonlar diqqətimi çəkdi. Başqa sözlə demiş olsaq, ürəyimin "sarı sim"inə toxundu. Mən öncədən bilirdim ki, Loğman İbrahimoğlu istedadlı yazardır. Və onun qardaşı istedadlı şair Eldar İbrahimlə uzun müddət dostulq eləmişik və duz-çörək kəsmişik. Elə jurnalın da baş redaktorunun müavini Loğman İbrahimoğludur.
"Satira" jurnalının redaktoru isə əvvəllər "Kirpi" jurnalında baş redatkorun müavini işləmiş Tapdıq Həsənovdur. Azərbaycan mətbuatında satiramızın ən güclü nümunəsi kimi "Molla Nəsrəddin", "Kirpi" və "Mozalan" jurnalları tariximizin yaddaşına həkk olunub. Təbii ki, belə bir satirik ənənəsi olan məmləkətdə bu jurnallardan sonra yeni satirik jurnal buraxmaq və oxucu nüfuzu qazanmaq o qədər də asan deyil.
Ancaq deyəsən, "Kirpi" jurnalından bəhrələnən və onun baş redaktoru Polad Qasımovun məktəbini keçmiş Tapdıq Həsənov və Loğman İbrahimoğlu yeni jurnala kimlərisə təəccübləndirə biləcəklər. Ən azından ona görə ki, jurnalda yeni ruh, yeni düşüncə və yeni bir nəfəs duyulur.
Satira jurnalı iyun ayının ortalarında işıq üzü görüb. Və jurnalın ilk nömrəsində tanınmış ziyalılardan və yazarlardan professor Əsədulla Qurbanovun, yazıçı-publisist Fazil Güneyin, yazıçı-publisist Xeyrəddin Qocanın və Həmid Nəcəfquliyevin təbrikləri çap edilib. Bu ziyalılar jurnalın yaradıcı kollektivinə uğurlar arzulayır, cahilliyə, nadanlığa və avamlığa qarşı daha sərt mübarizə aparmaqlarını tövsiyə edirlər.
Jurnalda Xeyrəddin Qocanın, Fazil Güneyin, Loğman İbrahimoğlunun və onun qardaşı istedadlı şair Eldar İbrahimin, Firudin Qurbansoyun felyetonları, hekayələri və satirik şeirləri dərc edilib. Xüsusən də rəhmətlik Eldar İbrahimin "Xoruz və fərələri" satirik şeiri müasir dövrlə çox gözəl səsləşir. Zamanın eybəcərliklərini, nöqsanlarını və ən nəhayət, çatışmazlıqlarını deməyi bacaran müəlliflər yenə haqq-ədalətə sığınırlar. Və inanırlar ki, bütün bu haqsızlığa, nadanlığa və cahilliyə ancaq mübarizə aparmaqla üstün gəlmək mümkündür. Əlbəttə, cəmiyyət varsa, onun işıqlı, yaxşı tərəfləri ilə yanaşı, qaranlıq, bataqlıq məqamları da mövcuddur. Təbii ki, satirik jurnal zamınından və məkanından asılı olmayaraq, həmişə eybəcərlikləri, nöqsanları tənqid edir ki, bundan nəticə çıxarılsın.
Onu da qeyd edək ki, jurnalda gözəl karikaturalar da verilib. Bu karikaturalara baxanda həm insan gülür, həm də düşünür. Məhz "Satira" jurnalı düşündürən, güldürən və eybəcərlikləri güzgü kimi göstərməyə səy edən satirik mətbu orqandır. Lap yadımdan çıxmışdı, axı karikaturadan danışdıq. Jurnaldakı karikaturaları istedadlı rəssam Hafiz Nəsiroğlu çəkib. Onun "Kirpi" jurnalında yaratdığı karikatura məktəbi bu gün "Satira" jurnalında da özünü göstərir.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, indi oxucunu təəccübləndirmək və araya-ərsəyə gətirdiyin qəzeti, jurnalı oxutdurmaq elə də asan deyil. Çünki çox adam öz vaxtını nəyəsə xərcələyəndə ona heyfi gəlir. Amma bizə elə gəlir ki, iyun ayının ortalarından nəşrə başlayan "Satira" jurnalına kimsə göz gəzdirsə, baxsa vaxtının hədər yerə getmədiyini hiss edəcək. Və onu da hiss edəcək ki, yeni jurnal cəmiyyətdəki eybəcərlikləri, nöqsanları bir güzgü kimi əsk etdirməyə çalışır.
Ancaq bizim millət birdən-birə yuxudan ayılmaq istəmir. Bir mahnının sözlərində çox gözəl deyilib:

Dəryada yatmış idim,
Top atdılar oyanmadım.

Bu milləti gərək yuxudan və cəhalətdən oyadaq. Bunun üçün isə yeni molla nəsrəddinlər, yeni kirpilər və yeni satirik jurnallar lazımdır. Yolunuz işıqlı, əməliniz uğurlu olsun, "Satira"çılar!