adalet.az header logo
  • Bakı 20°C
28 Iyun 2016 21:56
16739
MƏDƏNİYYƏT
A- A+

Budapeştdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib

Budapeştdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib.

 

Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, səfirliyin dəstəyi və bu ölkədə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən sərgi "Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi "Rənglərin səyahəti: Bakı-Budapeşt” adlı layihə çərçivəsində reallaşdırılıb.

 

Sərginin açılış mərasimində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edib.

 

Milli rəssamlıq sənətinin min illik tarixə malik miniatür ənənələrinə əsaslandığını qeyd edən səfir V.Quliyev son 150 il ərzində peşəkar Azərbaycan rəssamlığının böyük inkişaf yolu keçdiyini, rəssamlarımızın öz əsərləri ilə dünya miqyasına çıxdıqlarını, əsərlərində Şərq və Qərb ənənələrini məharətlə sintez etdirdiklərini bildirib.

 

Tədbirdə Azərbaycan rəssamları, macar sənətsevərlər, diplomatik korpusun nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.