adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Iyun 2016 17:55
6891
SAĞLAMLIQ
A- A+

Həkimlərin işə qəbul qaydası dəyişib

Səhiyyə Nazirliyinin Kollegiyası"Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Adalet.az-ın APA-ya istinadən məlumatına görə, dəyişikliyə əsasən, müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq, elektron ərizənin doldurulmalıdır.

Qanunla nəzərdə tutulmuş hallarda sertifikasiyadan keçirilməyən şəxslər ali təhsil haqqında sənədin və olduğu halda, ixtisaslaşma haqqında sənədin surətlərini ərizələrinə əlavə etməlidirlər. Dəyişikliyə əsasən bundan sonra namizəd işə qəbul olunmaq üçün ixtisasına və ya baza təhsilinə uyğun 5 vakant yer seçə biləcək. İndiyə qədər namizəd 1 yer seçə bilərdi. Namizədin topladığı bal onun seçdiyi 5 vakant yerə uyğun olaraq ardıcıllıqla yoxlanılacaq. Vakant elan edilmiş vəzifəyə təyin olunmaq üçün həmin vəzifəyə namizədlər arasında daha yüksək bal toplamış şəxs seçiləcək.

Dəyişikliyə əsasən, müsabiqə ilə bağlı komissiyanın hüquqları da azaldılıb. İndiyə qədər Komissiya müstəqil olaraq müsahibələrin keçirilməsi üçün müvafiq mütəxəssisləri cəlb edə bilərdi. Dəyişikliyə əsasən artıq Komissiya müsabiqənin keçirilməsi üçün yalnız səhiyyə naziri tərəfindən siyahısı təsdiq edilmiş mütəxəssislərdən müsabiqənin keçirilməsi üçün vakant elan edilmiş vəzifələrə uyğun olanları cəlb edə bilər. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 il olması və konkret say tərkibi ilə bağlı müddəa da ləğv olunub. Sadəcə, səhiyyə müəssisələrində vakant elan edilmiş həkim ixtisasları üzrə vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu tərkibi səhiyyə naziri tərəfindən müəyyən edilmiş komissiya tərəfindən həyata keçiriləcək.