adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Iyun 2016 16:40
22276
MƏMLƏKƏT
A- A+

“İrşad”dan “zəmanət”li FIRILDAQ

Bakıda fəaliyyət göstərən böyük telefon mağazalarında baş verən hadisələrin üzdə görünəni gündəlik alış-satış, müştəri xidmətləri, telefon aldım, telefon satdım, telefonumu təmirə verdim kimi gündəlik prosesləri əhatə edir. Telefonu aldınız və müəyyən məbləğdə pul ödədiniz və o artıq sizdədir. Bir müddət əvvəl aldığınız telefon "falşifka” çıxarsa və ya sizdən asılı olmayan səbəblərdən (proqram təchizatı) xarab olarsa onu zəmanət kartınız hesabına pulsuz-parasız bərpa etdirə bilərsiniz. Bəs İrşad telekomda necə, bu mümkündürmü? Və ya sualı daha da genişləndirək: Azərbaycanda bir çox telefon mağazaları ilə əməkdaşlıq edən servis mərkəzləri birbaşa sizin telefonunuza cavabdehlik daşıyır, lakin bu məsuliyyətdən göz görə-görə imtina edirsə, onda İrşadın və ya qeyri-irşadın burada qəbahəti nələrdən ibarətdir?

İrşad telekomun bir müddət əvvəlki kredit rüsvayçılığından isə yəqin ki xəbəriniz var.

Bu mağazalar şəbəkəsində baş verən İŞBAZLIQ artıq neçə ildir ki, mətbuatda işıqlanır və əhalinin çox hissəsi bu barədə kifayət qədər məlumatlanıb. Lakin təəssüf ki, hələ də bu mağazalar şəbəkəsindən yararlanmaq istəyənlər var. Əslində isə yararlanmaq arzusu ilə zərərçəkən müştərilər saysız-hesabsızdır.

Mən də bir neçə ay əvvəl bir səhvə yol verib həmin mağazadan bir telefon markası götürdüm. 6 aylıq fəaliyyətindən sonra markanın proqram təchizatında yaranan səbəbsiz problemdən dolayı telefonun işə düşmədiyini gördüm. Bir illik zəmanət kartımın bitmədiyini nəzərə alıb birbaşa yollandım sözü gedən mağazaya. 28 may metrosu yaxınlığında yerləşən obyektlərində məni dinləmədən birbaşa yaxınlıqda təxminən 500 metr kənarda yerləşən servis mərkəzlərinə yolladılar. Beləliklə yayın isti vaxtında yollandım sözügedən məkana. Burada Səbinə adlı işçi xanım və yanında iki nəfər "padruqa"sı ilə onun-bunun qeybətini edirdilər. Bu məsul şəxslərin qeybətlərini dinləmək həvəsində deyildim. Məcbur olub söhbətlərini yarımçıq kəsdim.

Xanımlardan biri mənə aparatdan növbə kağızını çıxarmağa və gözləməli olduğumu söylədi. Deyiləni edib öz növbəmi gözlədim. Daha sonra başıma gələn kiçik bir olay təxminən 1 saata yaxın vaxt itkimin boşa çıxdığını mənə göstərdi. Zərbə N1. Telefon markama baxıb mənə Sahil metrosu yaxınlığında yerləşən digər bir servis Mərkəzinə göndərdilər. Mədəni şəkildə ifadə etsək: Məni başlarından eləyib öz qeybətlərini davam etdirmək üçün tələsirdilər. Xülasə, mən yollandım Səbail rayonunda yerləşən Bül-Bül pr. Ev-2 ünvanında yerləşən Mərkəzə. Elə ilk müştəri gözümün önündə buranın işçi xanımı ilə az qalsın saçyoldusuna çıxacaqdı. Səbəb isə müştəri xanımın bir müddət əvvəl telefonunu servisə qoyub getməsi və başına gələn xoşagəlməs hadisədən sonra yenidən qayıdıb telefonunu tələb etməsi olmuşdu. Aralarında keçən qısa dialoqdan belə başa düşdüm ki, xanım müştərini 5 ay əvvəl İrşad telekomdan telefonunda texniki nasazlıq yarandığına görə mərkəzə göndəriblər, həmin xanım da telefonunu onlara verib və deyib ki, əməliyyat olunacaq və bir müddət sonra gəlib telefonu götürəcək. Vədə çatdı, indi isə şahidi olduğum mənzərədə servis mərkəzinin işçiləri müştəri xanımdan soruşurlar ki, sizin telefonunuz hanı? Burada lap "Yol əhvalatı” filmindəki səhnə yadıma düşdü: "Qoyunlar hanı?”

"-Mələdi qoyunlar...”

Qərəzli müştəri gedəndən sonra növbə mənə çatdı və zəmanət kağızıma baxıb dedilər ki, sizi buraya nahaqdan göndəriblər, bizdə bu zəmanət qəbul edilmir. Yenidən istinin günorta vaxtında qayıtdım ilk getdiyim servis mərkəzinə. Əhvalatı uzadıb başınızı ağrıtmaq istəmirəm. Qısası onu deyə bilərəm ki, bu işlərin axırında özüm də daxil şahid olduğum bir neçə müştəri "Zəmanət”li fırıldağın heç nədən qurbanına çevrildi və telefonumu necə vermişdimsə, elə də alıb geri qayıtdım.

Bir neçə ay əvvəl İrşaddan mobil telefon alan Bakı sakini Xalid Orucovun Sevis Mərkəzində növbə gözləyərkən söhbətə tutdum. Deyir bir dəfə telefonumu vermişdim dedilər 15 gün ərzində bərpa olunub geri təhvil veriləcək, iki həftədən sonra telefonumu geri alanda gördüm ki, üstündə heç bir iş görməyiblər, elə necə vermişdimsə elə də almışam. İndi gəlmişəm bunun haqq-hesabını aparmağa. Hər şeydən əlavə bu müştəriyə qarşı edilmiş hörmətsizlik və haqsızlıqdır.

Şikayətçinin dediyinə görə, o "İrşad" mağazalar şəbəkəsinin aldatdığı ilk müştəri deyil. Mağaza bu vaxta qədər onlarla, bəlkə də yüzlərlə müştərini aldadaraq onlara Müxtəlif firmaların saxta mallarını satıb, müştəriləri aldadıb. Nəticədə yüzlərlə Azərbaycan istehlakçısına ziyan dəyib. Məlum olub ki, "İrşad" mağazalar şəbəkəsi Azərbaycanda bu cür çirkin işlərlə məşğuldur. Keyfiyyətsiz mallarını müştərilərə "sırıyıb” onu bir illik zəmanət talonu ilə bəzəyirlər ki, daha cəlbedici olsun və s. Əslində elə bu cür dar günlərdə görürsən ki, bunu heç bir xeyri dəymir. İrşad Telekom və onun kimi onlarla telefon mağazaları Bakıda birbaşa maxinasiya vəziyyəti yaradıb, müştərilərin cibini talayırlar.

İqtisadiyyatın biznes qanunauyğunluğunda belə bir anlayış var: Bir biznesmen və ya ticarətçinin 3-cü əli var ki, iki əli ilə özü üçün işlədiyi halda 3-cü əli ilə birbaşa istehsalçıya və ya müştəri üçün işləmiş olur. Amma görünür Azərbaycanda fəaliyyət göstərən mağazalarda hər üç əlin üçü də birbaşa sahibkarlara işləyir.

Beləliklə bir vaxtlar "kredit fırıldağı” adı ilə gündəmə düşən "İrşad telekom” və onun sədəfləri indi gündəmdə "zəmanət” fırıldağı ilə yaddaşlarda qalacaqlar.

Hadisənin dərin şahidi və iştirakçısı qismində olan müştərilər sözügedən mağazalar şəbəkəsində mobil telefon və digər cihazların alınmasını məsləhət görmədiklərini söyləyiblər, hətta onların baykot edilməsinə çağırıblar. Sizi yeni modellərin füsunkarlığı aldatmasın, vur-tut 3-4 ay işlətdikdən sonra hər şeyin keyfiyyətinə bələd olacaqsınız, amma onda sizin üçün gec olacaq...

Mövzunu diqqətdə saxlayacağıq.

Rüfət Soltan