adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Iyun 2016 13:42
6815
MƏMLƏKƏT
A- A+

“Ailələr iqtisadi problemlərdən dağılır”

"Hüquqi və Demokratik İslahatlar Mərkəz" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində növbəti tədbirini iyunun 25-də Şirvan şəhərində keçirib. "Sağlam ailə, sağlam cəmiyyətin təməlidir" mövzusunda keçirilən dəyirmi masada çıxış edən HDİM sədri, layihənin rəhbəri İ. Əliyev problemin aktuallığından danışıb, ailə modelinin qorunmasını vacib hesab edib. İ.Əliyev qeyd edib ki, sağlam ailə modelini qoruyub saxlamaq istiqamətində çoxsaylı işlər görülür. İstər dövlət qurumları olsun, istər QHT-lər, istər media təbliğat xarakterli, maarifləndirici işlər həyata keçirirlər: "Sadəcə olaraq ailə modelinin və dəyərlərinin dağıdılmasına hesablanan təbliğat elə bir qlobal miqyas alıb ki, ona qarşı duruş gətirmək çox çətindir. Nümunəvi ailələrimizi, ailə dəyərlərimizi, ailənin müqəddəsliyini, onu qoruyub saxlamağın önəmini, yollarını gənclərimizə başa salmalıyıq. Ailə qurmaq asandır, amma onu layiqli bir şəkildə davam etdirmək, nümunə ola biləcək bir cütlük olmaq çətindir. Gənclərimizə bu çətin və məsuliyyətli işin önəmini anlatmaq lazımdır, onlara bu işdə mənəvi-psixoloji dəstək olmalıyıq". Ziyalı Aygün Məlikova deyib ki, ailə dəyələrinə münasibət dəyişib. Onun fikrincə, hər şeyi sosial-iqtisadi durumun üstünə də atmaq olmaz: "Son zamanlar sanki insanlarda dözüm azalıb. Əvvəllər insanlar daha çətin şəraitdə yaşayırdılar, sosial-iqtisadi durum daha ağır idi. Ancaq insanların dözümü bundan çox idi, gələcəyə inam vardı, mehribançılıq vardı. Hər xırda şeydən ötrü dalaşmaz, ailəni dağıtmazdılar. Bir-birinə çox bağlanardılar. İndi isə sosial-iqtisadi vəziyyət yaxşı olsa da, dözümlülük azalıb. Mənə elə gəlir ki, problem bundadır". Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Adəm Hüseynov da bu fikri dəstəkləyib. Onun sözlərinə görə, valideynlər uşaqlarını erkən yaşlarından ailəyə, ailənin çətinliklərinə hazırlamalı, böyüyə, ağsaqqala hörmət ruhunda tərbiyə eləməlidir. Milli dəyərlərimizə Qərbin yabançı təsirlərindən danışan A.Hüseynov ailədaxili problemlərin yaranmasında sosial şəbəkələrin də rolunu vurğulayıb. Ancaq. A.Hüseynov hesab edir ki, internetin faydalı tərəfləri də var və biz gəncləri social şəbəkələrdən yaxşı məqsədlər üçün istifadəyə çağırmalıyıq: "Bəzən təsadüfi zəng ailədə problem yaradır. Ona görə də bu məsələ qarşılıqlı inam və etimad çox şeyi həll edir. Ailədaxili problemlərin yaranmasında iqtisadi məsələlər də rol oynayır. Çox zaman valideyn bahalı mebel alır, maşın alır, ancaq evi düşünmür. Bəlkə də valideynlər birləşib gənclərə ev alsalar, gənclər daha xoşbəxt olar, onların mənzil problem həll edilmiş olar". A.Hüseynov valideynləri erkən nikahlardan qaçmağa, gəncləri ailə həyatına hazırlamağa çağırıb. Bloqqer Yaqut Hüseynova deyib ki, ailələrin dağılmasının əsas səbəbi iqtisadi problemlərdi: "Hər şeyi sosial şəbəkənin üstünə atmaq olmaz. Bu məsələdə sosial şəbəkələrin rolu var, ancaq çox cüzi. Hər kəs sosial şəbəkədə öz niyyətinə uyğun istifadə edir. Ailədaxili problemlərin yaranması iqtisadi problemlərlə, işsizliklə bağlıdır. Bu gün Şirvan şəhərində də boşanmaların sayı artır. Azərbaycanın bütün bölgələrində olduğu kimi Şirvanda da erkən nikahlar da. Biz erkən nikahların qarşısını almalıyıq, yeni ailə quran gənclərə şərait yaratmalıyıq". Yerli QHT fəalları Tofiq Məlikov, Zemfira Məmmədova ailə modelinin qorunub saxlanmasında ictimaiyyətin rolundan danışıblar. Qeyd olunub ki, ailədə hər şey şəffaf olmalı, sosial şəbəkələrdən səmərəli istifadə edilməlidir.