QƏRİB HEY!..

VAQİF YUSİFLİ
40902 | 2016-06-25 10:39
"Qədim Gəncədə - bu dahilər və çinarlar şəhərində bir yazıçı yaşayır. O torpaqda boz toxumun, çəlimsiz çiliyin, cansız tingin əlindən torpağa düşən kimi yaşıl fəvvarəyə çevrildiyi kimə məlum deyil? O yazıçı dostumuz ömrünün 60-cı baharına qədəm qoyur. Və əgər torpağın, ağacın, axar suyun insana bənzədiyini qəbul eləsək, Gəncənin göylərə baş alan hansısa bir çinarının o yazıçıya oxşarlığını görərik. Ömrü boyu öz əlinin-qələminin zəhməti ilə yaşamış, Gəncədən çox-çox uzaqlarda tanınmış Qərib Mehdi yaradıcılığı ilə o çinarlar arasında bir qəribə oxşarlığı hələ neçə il əvvəl sezə bilmişəm".
Görkəmli nasirimiz Qərib Mehdiyə həsr olunan bu yazını iyirmi il əvvəl qələmə almışdım. İndi Qərib Mehdi 80 yaşındadır və o çinar-insan bir az da ucalıb, kökü bir az da dərinliklərə gedib. Qərib Mehdi bu iyirmi il ərzində yaradıcılıqdan, ona ömrü boyu baş ucalığı gətirən, oxucuların sevimlisinə çevrilən sənət dünyasından ayrılmayıb.
Qərib Mehdi 60 ildir bu ədəbiyyatın içindədir. Yazdıqları göz qabağındadır: lirik və satirik hekayələr, mənsur şeirlər, povestlər, publisistik məqalələr... Bəlkə yaza bilmədikləri yazdıqlarından artıqdı. Qəribin bu dünyada heç bir vəzifəsi olmayıb. Təhsili belədir ki, 19 yaşında Gəncədə fəhlə-gənclər axşam məktəbini, 35 yaşında Gəncə Dövlət Pedaqoji institutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsini bitirib. Əmək fəaliyyətinə poçtalyonluqla başlayıb, sonralar teatrda aktyor, dəmir-beton məmulatı zavodunda bənna, suvaqçı, betonçu, armaturçu, qaynaqçı işləyib. İnstitutu bitirəndən sonra Qərib 5-6 il orta məktəbdə müəllim də işləyib. Və nəhayət, 1971-ci ildə Gəncə Pedaqoji institutunda çoxtirajlı "Yüksəliş" qəzetinin redaktoru olub, bir xeyli müddət də Gəncə Alimlər evi nəzdində "İlham" ədəbi birliyinə rəhbərlik edib. Bir sözlə, Qərib Mehdiyə bir neçə mənada "zəhmətkeş yazıçı" titulunu bəxş eləmək olar. Birinci halda: Qərib müəllim böyük bir filə sahibidi, oğul-uşaq sarıdan özünə əziyyət verməyib (hamısını da yerləşdirib, ata kimi hamı ona həsəd çəkə bilər) və Qərib müəllim o boyda ailəni maaşı və qonorarı ilə dolandırıb. Otuz dörd il əvvəl Qərib müəllimin Gəncədəki o kasıb evində qonaq olanda Çexovun bu sözlərini xatırlayırdım: "Ədəbiyyatçı olmaq - rahatlıq bilməmək, dadlı yeməklərdən məhrum olmaq, həmişə qonorar gözləmək və heç bir zaman cibdə bir quruş belə pul görməmək deməkdir. Həqiqətən də çətin, əzablı, tikanlı bir yoldur". Qərib müəllim bu əzablı, tikanlı yolu şərəflə keçib və əsil ata, ailə başçısı vəzifəsini şərəflə yerinə yetirib. İkinci halda: Qərib Mehdi həqiqətən zəhmətkeş yazıçıdır . 1967-ci ildə, "İşıq" adlı ilk kitabından üzü bu illərə iyirmi beşdən artıq kitabı çıxıb.
Həmişə onu düşünəndə vaxtilə anasına həsr etdiyi "Qərib hey" hekayəsindəki o harayı xatırlayıram. "Bəzən bir könül sındırmaq istəyirəm, bəzən birisinə yuxarıdan baxmaq istəyirəm; bəzən birisinin vəzifəsində gözüm olur, ona quyu qazmaq istəyirəm, anamın səsi gəlir; "Qərib hey!.. " Bəzən paxıllıq hissi qəlbimi didir, dostlarımın, yoldaşlarımın, yüksəlişinə, şöhrətinə darılıram, bəzən haqqı nahaqqın pəncəsinə vermək istəyirəm, anamın səsi gəlir: "Qərib hey!" Bu ana nəsihəti Qəribin bütün həyat yoluna işıq saçdı və Qərib o mənəvi təmizliyi əsərlərində də obrazlarının həyat tərzinə "köçürə" bildi. Burada bir haşiyə çıxmaq istəyirəm. Görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayev Qərib Mehdiyevin "Qərib hey!.." hekayəsini oxumuş və o əsəri "kövrək hisslərin poetikası" adlandırmışdı və o "Gənclik" nəşriyyatının direktoru Əzizə Əhmədovadan xahiş etmişdi ki, 10 çap vərəqi həcmində olan kitabından 2 çap vərəqini gələcəyinə ümid bəslədiyi Qərib Mehdiyevə versin.
Qərib Mehdi bütün ömrü boyu həqiqəti, həyatda gördüklərini qələmə alıb, yalan danışmayıb. Bu həqiqət hissi onun bədii təxəyyülünə də təsirsiz qalmayıb. Onlarla obrazları həyatdan, gerçəklikdən yaranan obrazlardır. Biz onları tanıyırıq. Amma Qərib bu obrazları elə ümumiləşdirib ki, burada ancaq yazıçı məharətinin şahidi olursan.
Qərib Mehdinin 70-ci illərdə yazdığı "Rast" povesti onu bir yazıçı kimi ədəbi ictimaiyyətə, oxuculara tanıtdı və "Rast"ın ayağı sayalı imiş. O povest Qəribin bütün sonrakı ədəbi uğurları üçün bir başlanğıc oldu. Qərib "Rast" yolunu tutub lirik nəsrin maraqlı nümunələrini yaratdı. Rast-doğru, düz deməkdir, həm də ən qədim, əsrlər keçdikcə təhrifə uğramayan muğamımızdır. Qəribin bu povestdə təsvir etdiyi hadisələr də uydurulmamışdı, həyatın özündən gəlirdir. Əsərdə iki insanın- cəmiyyətdəki hər dəyişikliyə uyğun sifətini, xarakterini dəyişən Ağabəyli ilə istedadlı bir musiqiçinin - Cəmilin mübarizəsini əks etdirir. Cəmilin əzablı həyat yolu bütün dramatik məqamları ilə gözlərimiz qarşısında canlanır. "Rast" zirvəsinə ucalana qədər Cəmil daxilən saflaşır, kamilləşir, Ağabəyli isə kiçilir, cılızlaşır. "Ağabəyli də özünü unudub gözlərini Cəmilə dikmişdi. "Rast"ın "Rak" şöbələrində gəzişən səs Səməndər quşu kimi od saça-saça göylərin dərinliyinə doğru uçurdu. O, göyün Segah qatını keçdi, Şüştər qatını keçdi, Şur qatını keçdi, Rast qatına çatdı. Lakin səs dayanmadı. Bütün qatlardan yüksəkdə göyün yeni səs qatını yaratmağa başladı".
Qərib Mehdinin istər lirik, istərsə də satirik-yumoristik tərzdə yazdığı əsərlərində əsas mövzu mənəviyyat məsələləridir. O, təsvir etdiyi hadisələrə, insan obrazlarına da bu aspektdən yanaşır, təmiz, mənən saf insanların düşdüyü sarsıntıları qələmə alır, onları çətinliklərdən keçirir, həyatda uğur qazanmağın yollarını göstərir. Son illərdə yazdığı "Skripka üçün mi simi" povesti zənnimcə, Qərib Mehdinin "Rast" yoluna - mənəvi saflıq platformasına sadiq qaldığını sübut edir. Bu əsəri oxuyub qurtarandan sonra bir daha "Rast" povestini xatırlamalı oldum. Bu əsərlərin biri sovet dönəmində, biri isə müstəqillik illərində yazılıb. Amma ictimai quruluşlar, sistemlər dəyişilsə də, insanların xasiyyəti və xarakterində, əməl və hərəkətlərində oxşarlıqlar itməyib. İnsan öz keçmişindən necə ayrıla bilər, xasiyyət də, xarakter də bəzən əsrlər boyu dəyişmir. Əgər cəmiyyətdə, yaşadığımız mühitdə mənəvi iqlim korlanırsa, ilk növbədə, yazıçılar bu mühiti dəyişmək barədə fikirləşirlər. Təbii ki, onlar inqilabçı deyillər, amma bədii sözün qüdrəti hər şeyə qadirdir.
"Rast" povestində Cəmil və Sərdar Ağabəyli konflikti ilə şərtlənən həyat materialı təkcə o uzaq illəri bizə xatırlatmır. O tipli konfliktlər indi də davam edir. Nə olsun, quruluş dəyişib, insanların içindən ki, o pislik, yamanlıq, Şərin kökləri qeybə çəkilməyib. "Skripka üçün mi simi"ndə də Sərdar Ağabəyli tipini əvəz edən qüvvətli bir obraz nəzərə çarpmasa da, sanki onun "törəmələri" saflığın qarşısında bir sədd kimi ucalırlar. Doğrudur, dövran dəyişib, artıq müstəqillik illərində yaşayırıq. Qarabağ müharibəsinin şıdırğı vaxtlarıdır, amma millətin bu kor bağırsaqları hələ də irin verməkdə davam edirlər. İndi pullu Faiqlər meydan sulayır. Vaxtilə sevdiyi qadına indi o, evinin bəzəkli bir əşyası kimi baxır. Namuslu insanlar-Əhliman kişilər isə əzab çəkirlər. 400 dolları çatmır ki, musiqi istedadı olan sevimli nəvəsi üçün skripka alsın. Axır ki, dövrəsində olan adamların köməyi ilə skripka alınır. Amma uşağın ad günündə skripkanın mi simini qırır. "Skripka üçün mi simi" povestində Qərib Mehdi yeni dövrün həqiqətlərini əks etdirir. Zaman dəyişib və bu dəyişilən Zaman insanların psixologiyasında, həyata münasibətində də təbəddülatlar yaradıb. Müəllif dörd obrazı diqqət mərkəzinə çəkir. Əhliman kişi öz təmizliyi və mənəvi bakirəliyilə bizə keçmiş illərin nəsr əsərlərindəki kommunist obrazlarını xatırladır. Amma fərqi budur ki, onun mübarizə üsulu dağıdıcı xarakter daşımır, o, inqilabçı deyil. Dərdlər və xəstəliklər içində çapalayır. Amma sonadək kişi qürurunu hifz edir, bir kimsənin qarşısında əyilmir. Gəlini Humay xanım itkin düşən ərini gözləməyib ərə gedir, amma biz onu da qınamırıq. Bu tipli gözəl qadınların "fəlsəfəsi" bizə yaxşı tanışdır. Hansı şorgöz müdirinsə məşuqəsi olmaqdansa, ərə getmək daha yaxşıdır. Nəvə-Nicat isə gözlərimiz qarşısında böyüyür, yaşa dolur, anasının yanında yaşasa da, babasının tərbiyəsilə kamilləşir. Faiqə gəlincə, dövran onların olsa da, jılız mənəviyyatları belələrini mənəvi uçuruma sürükləyir. Təbii ki, povestdə Qəribə məxsus şirin təhkiyə tərzi, hər bir hadisənin mahiyyətinə varmaq cəhdi və ən əsası lirik-psixoloji incələmələr, ana dilimizin şəhdi-şəkəri povestin məziyyətləri sayılmalıdır. Özü də maraqlıdır ki, müqayisə etdiyim bu iki povestdə Qərib Mehdinin qəhrəmanları musiqi ilə nəfəs alan insanlardır. Ancaq deyim ki, birinci povestdə-sonda RASTın qalibiyyətli sədalarını eşidiriksə, ikinci povest sanki BAYATI ŞİRAZ üstə köklənib, qəmli, amma sonu nikbinlik doğurur.
Qərib Mehdinin son illərdəki yaradıcılığını əks etdirən "İç-içə üç povest" və "Evin küçəyə baxan üzü" kitablarındakı povestləri ilə də tanış oldum. Qəribin yumora, ondan daha kəskin satiraya meyl etməsini heç də qarşılamıram. Doğrudan da, bu gün satira elə bil dincliyə qovuşub. Mirzə Cəlil, Sabir, Haqverdiyev, Sabit Rəhman, Mir Cəlal qələminə məxsus tənqid pafosunu davam etdirənlərin sayı çox azdır. Qərib Mehdinin "Xəstə", "Prezentasiya", "Qarğa", "Eşato", "Seçim" povestləri Azərbaycan gülüşünün yeni nümunələrini bizə təqdim edir. Bu povestlər həm gülüş mədəniyyətinin indiki səviyyəsi, həm də Qərib Mehdinin satirik-yumoristik istedadı haqda müəyyən təsəvvür yaradır.
Qərib Mehdi həyatın neqativ cəhətlərini, cəmiyyətdə, yaşadığı mühitdə baş verən mənfi halları ümumiləşdirməyi qarşısına məqsəd qoyub. Onun təsvir etdiyi neqativ aləmə daxil olarkən sanki Haqverdiyevin vaxtilə ifşa hədəfinə çevirdiyi "marallar"ın yeni, müasir tipləri ilə qarşılaşırsan. Təbii ki, zaman dəyişib, indi mollaları, baqqalları, tacirləri, qoçuları deyil, alim olmaq xəyalına düşən bisavadları, istedadsız jurnalistləri, bacarıqsız müğənniləri, harın biznesmenləri, bir sözlə, mənəviyyatsız adamları tənqid hədəfinə tuş etmək, onların böyük iddiaları ilə cılız varlıqları arasındakı təzadları canlandırmaq vacibdir. Qərib Mehdinin müşahidə "teleskopu" əsasən daha çox bələd olduğu jurnalistika və elm aləminin, evlər idarəsinin, redaksiyaların üzərinə tuşlanır və yazıçı öz "marallar"nın qolundan tutub bircə-bircə onları bizə tanıdır. Kimdir bunlar? İstedadsız bir insan-Çıraq müəllim. Özünü hamıdan yuxarıda görmək arzusu ilə yaşayan bu adam "Mıx-mismar müəssisəsinin tarixi" haqqında "əsər" yazır. Göründüyündən ifrat dərəcədə artıq görünmək arzuları puça çıxır, çünki içində onu böyüdəcək mənəvi bir təpər yoxdur. O, hətta yaxşı baxmadığı anasının vəfatından da öz cılız məqsədi üçün yararlanmağa çalışır. Burda da uğursuzluğa düçar olur. Fikrimizcə, Qərib müəllim bu obraza həddindən artıq karikatura cizgiləri bəxş edib. Onsuz da bu tipli mənfilər ruhən də, daxilən də, hərəkət və əməl baxımından da eybəcərdirlər, onları daha da eybəcərləşdirmək, ifşanı ifrat qrotesk səviyyəsinə çatdırmaq o qədər də effektli görünmür. Amma bu da Qərib Mehdinin priyomudur. Eyni priyomu biz "Prezentasiya" povestində də görürük. "Mən!..." kitabını özünə həsr edən Samur Salamat da Çıraq müəllimin başqa bir tayıdır. Amma bir məqamı qeyd edim: bu tipli "xəstələr" ədəbiyyat və elm aləmində az deyillər. Və özü də onların mühiti də var- iddialı "Mən"lərin öz tərifçiləri və havadarları var. Sizə də yaxşı məlumdur ki, müstəqillik insanlara söz azadlığı verdi və bundan xeyli feyziyab olan bir qrup ədəbiyyat xəstəsi cild-cild "əsərlər" yazmağa başladılar. "Prezentasiyalar"ın sayı günbəgün artdı. Məncə, "Qarğa" povestində - Səftər Sinədəftərin kimliyilə bağlı bu "xasiyyətnamə" Qərib Mehdinin hər üç povestindəki tiplərini və onları ruhlandıran bazar iqtisadiyyatını səciyyələndirə bilər: "Səftər Sinədəftər işini bilən, ayıq adam idi. Bu adamın işə başlaması üçün nə günəşin xəbərdarlığına, nə saatın zınqırovuna, nə də ilham pərisinin nəvazişli çağırışına ehtiyacı vardı. O, çoxdan, hələ günəş qaranlığı əyməzdən əvvəl yazı masasının arxasına keçmişdi. Səftərin vaxt öldürməyə, bəhanə tapsa belə ixtiyarı yoxuydu. ...Bazar iqtisadiyyatı bütün sahələri qanadı altına almışdı. Hətta sənəti də. Səftər Sinədəftər mövqe seçmək ustalığına yiyələnmişdi. ...Pul qazanmaq, ad-san sahibi olmaq üçün ancaq işləmək, işləmək lazımıydı".
Qərib Mehdi dəyişilən dövranın havasını, mənəvi iqlimini bəsirət gözü ilə yaxşı müşahidə edir. "Humanist" povestində belə bir cümlə ilə rastlaşırıq: "Bir həyətdə dörd ailə yaşayırdı. Dolanışıqlarının maddi çəkisinə, nüfuzlarının əhatə dairəsinə görə bir-birindən fərqlənirdilər. Yəni, qapıları bir həyətə açılan bu dörd ailə dördmərtəbəli evə bənzəyirdi". Qərib Mehdi dövrün bu təzadlarını ustalıqla təsvir etməyə çalışır və əksərən buna nail olur. Lirik ruhlu Qərib Mehdini satiraya sövq edən də elə bu fərqli "mərtəbələrdir".
Yazmamaq olmur, Qərib müəllim! Yaz! Bizləri bizə tanıt! Yeni əsərlərinin intizarındayıq...Və yaşının səksənə gəlib çatmasından da qorxub eləmə...

TƏQVİM / ARXİV