adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyun 2016 10:25
10135
GÜNDƏM
A- A+

DTK-nin QORXUNC SİRRİ

PROLOQ

Çağırışa vaxtında gəldi. Telefondakı tanış səsin sahibi sovetin vaxtında SSRİ DTK-nin baş idarəsində şöbə rəisi olmuşdu. Belə adamlar istənilən rejimdə hakimiyyətdə olurlar. Sözündən çıxmaq barədə heç söhbət ola bilməzdi. Eşitdiyi suçlama - ittiham ən ağır cəzayla nəticələnə bilərdi. Daha doğrusu, ömürlük lənətlə cəhənnəm qazanında yanmağa məhkum olardı.
- Heç düşünmüsənmi, Sovet Dövlətinin dağılmasının əsas səbəbi nə olub?
Mühəndis heyrətlə qarşısındakı acıqlı adama baxdı. Doğurdanmı, 1982-ci ildə ağılsızlıq edib çəkdiyi başıbəlalı şəkillərlə Azadlıq meydanındakı kilsəyə getməsəydi, bu böyük dövlət dağılmayacaqdı?
Amma hər şey çox sakit, hətta bir az darıxdırıcı başlamışdı.


BİRİNCİ FƏSİL

Vovka DTK-ni sevmirdi. Onun qohumlarından kimsə dövlət eleyhinə fəaliyyətdə ittiham olunmamış, repressiyaya uğramamışdı. Tərcümeyi-halı tərtəmiz idi. Ona görə də universiteti bitirdikdən sonra anasının dostlarının zəngiylə müvəffəqiyyətlə işə düzələ bildi. Kadrlar şöbəsindəki keçmiş orqan işçisinə oxşayan yaşlı kişi buraxılış vərəqini verərkən onu narazı baxışlarla süzdü. Yəqin ki, üstündə düşmən dövlətin dilində yazıları olan cins şalvarlı təcrübəsiz gəncin bu işə yaramadığını fikirləşirdi. "Gözüm üstündə olacaq, elə ilk büdrəmədə rədd olacaqsan" - keçmiş əməliyyatçı düşündü.
Radiotexnika sənayesinin əksər müəssisələri kimi bu xüsusi zavod da guya mülki texnika istehsal edirdi. Təbii ki, raketlər üçün hissələr, radar stansiyalar üçün quraşdırıcılar, kosmik tədqiqatlar üçün cihazların hazırlanması yoxlanılmış adamlara həvalə olunurdu. Ona görə də Vovkanı məişət texnikasının lahiyələriylə məşğul olan laboratoriyaya göndərdilər.
Kadrlar şöbəsindən çıxıb zavodun həyətindəki xırda gölməçələri ehtiyatla adladı. Yağışlı oktyabr ayı idi, doğma Tuapsa isə uzaqdaydı. Dövlət imtahanlarını iyunda versə də, cavan ömrünün üç ayı ciddi-cəhdlə gələcəyin artilleriya zabitinə oxşamağa çalışdığı hərbi hazırlıqda keçmişdi.
Təhkim olunduğu laboratoriyanın müdiri özünü Mixayliç kimi təqdim etdi. Üzündə qırmızı çilləri olan xırda sümüklü adam Vovkanı sevinclə qarşıladı.
- Şahin! Gör bir radiofizika fakültəsi bizimçün necə döyüşçülər yetişdirir!
- Bağışlayın, mən fizika fakültəsini bitirmişəm, - deyə belə nəşəli qarşılanmağı gözləməyən təzə işçi mızıldandı.
- Ehh... Heç olmasa, lehimləyici aləti əlində tuta bilirsən?
- Əlbəttə, hələ məktəbdən radiotexnikanı sevirəm.
- Detalları xarab edəcək.
Ən kənar masanın arxasında oturmuş kiçik işçi heyətin qocaman üzvü Fomiç acıqla fısıldadı. Masanın altından onun yağışlı havaya uyğun olmayan yüngül ayaqqabıları və qəhvəyi corablı ayaqları görünürdü. Ayaqqabılarını fəslə uyğun dəyişməyə bir ay, bəlkə də çox illər gecikmiş birinə bənzəyirdi.
- Çox dərinə getməyin, nə lazımsa öyrədərik, - Vovkadan bir yaş böyük olan cavan oğlan kübarca və nikbin səslə dilləndi. - Hə, xoş gördük, mən Romanam.
- Sevinirsən, hə, Romoçka? - deyə gözəl olmayan qız (adətən belə qızlar tez bir zamanda ər tapmaq arzusuyla kişi peşəsinə üstünlük verirlər) söhbətə müdaxilə etdi. - İndi səndən də kiçiyi var.
- Yeri gəlmişkən, səndən pivə! Kollektivə qoşulursan. Avansa kimi gözləyərik. Həm də aramızda ən cavan olduğunçün bundan sonra pivə almağa sən gedəcəksən, - deyən Fomiç nimdaş şalvarının cibindən mis pulları çıxarıb 24 qəpik saydı, sonra - Gör nə edirsən e... Az qala yadımnan çıxmışdı, axı, bu gün bizi təzə gələn qonaq edəcək, - deyib pulları yenidən cibinə qoydu.
Roman üçlitrlik bankanı, yarışda qalib gələnə verilən bayraq kimi Vovkaya təqdim etdi:
- Amma bir balaca problem yarandı, axı, biz üç nəfər idik, adama bir litr alırdıq. İndi olduq dörd nəfər. Gərək qab tapasan.
- Onsuz da mən çox da...
- Kollektivə qoşulmamış özünü kollektivdən ayırırsan? - Mixaylıçın səsində narazılıq hiss olundu. - Düzü, bir litr pivə adama təsir eləmir. Amma işdə araq içməyə icazə vermərəm. Axı biz xüsusi idarənin gizli laboratoriyasında çalışırıq. Di cəld ol, dükanın arxa pəncərəsinə tərəf qaç, amma tələsib-eləmə, qoy pivə bir az durulsun, sonra götür.
Qapı gözətçisi heç buraxılış vərəqi istəmədi, onsuz da hər şey aydın görünürdü: Gənc tələbənin əlindəki boş üçlitrlik qab özü danışırdı.
Günün birinci yarısı olsa da, pivə barında adam çox idi. Vovka turş pivə və balıq qoxusunu uda-uda növbəyə dayandı. Nədənsə hansısa detektiv romanda sovet kəşfiyyatçısının Berlinin pivə barında təyin elədiyi görüş səhnəsi yadına düşdü; həmin səhnədə sovet kəşfiyyatçısı pivə içə-içə əlaqələndiriciyə DTK-nin gizli təlimatlarını ötürürdü. Vovka ətrafa boylandı. Maraqlıdı, görəsən almanların da barları belədi, ya fərqlidi? Yaxınlıqdakı masada oturan kişilərdən biri qədəhinin dörddə birini içəndən sonra pivəsinin üstünə araq tökdü. O biri isə boş qədəhlə stolu tıqqıldadırdı. Belə şüşəli məkan casusların görüşü üçün əla yerdir! Heç bir Mərkəzi Kəşfiyyat İdarəsinin - filanın şübhələnməyəcəyi bir məkan idi. Burda gizli xəfiyyələr çox rahat görüşüb sövdələşə bilərlər.
Qonşu masadakı bayaqkı kişi pivə ilə araq qarışığını sorurdu. Vovka tarixin dərslərini xatırladı: Hitler də hakimiyyətə burdan gəlmişdi, "pivə qiyamı" məhz pivə barından başlamışdı. Əlbəttə, belə xoşagəlməz yerlərdə yaxşı heç nə baş vermir.
Pivəyə verdiyi yetmiş iki qəpik onun gündəlik bir manatlıq büdcəsinə əməlli-başlı ziyan vurdu. Bir manatın doxsan iki qəpiyi zavod yeməkxanasındakı yeməyə və dörd trolleybus talonuna hesablanmışdı. İndisə pulun qalığına kiçik bir bulka və kefir ala bilərdi.
Gözətçi yenə də heç nə demədən Vovkanı içəri buraxdı. Pivəylə dolu üçlitrlik balon universal buraxılış vəsiqəsi idi. Gün ərzində yaddaqalan daha heç nə baş vermədi. Üç zəhmətkeş mühəndis "Jiquli" pivəsini götürdü, gənc işçi kefiri kiçik bulka ilə yedi. Sonra təhvil vermək üçün butulkanı su ilə yaxaladı. Sonrakı zaman kəsiyində Vovka "Radio" jurnalının köhnə nömrələrini vərəqlədi. İş növbəsi qurtaranda hamı kimi evinə yollandı. Ev uzaq idi. Yol pulusa yox idi.
Vovka nəmli gecədə bilərəkdən ayaqlarını yerə bərk-bərk vuraraq gedir, yeni həyatındakı bugünkü olayların təəssüratını başında bir yerə yığmağa çalışırdı.
Tamhüquqlu işçi kimi dövlət ona 110 manatdan bir az artıq aylıq maaşını verəcəkdi. Amma nə dünyanın, nə gizli sektorun işləri Vovka üçün açılmadı. Hamının bildiyi məlum olanları anlamadı. Sadəcə tələbə həyatında yaşadıqları, duyduqları mənasını itirmişdi. Yeni həyatında maraqlı heç nə görmürdü. O gənc mütəxəssis oldu. Müdafiə müəssisəsində işlədiyi üçün ehtiyatda olan leytenant rütbəsi alsa da, hərbi xidmətdən yayındı. Tanışların köməyi ilə orta məktəbə fizika müəllimi kimi işləməyə də getmədi. Bəs sonra? Nəyə nail olacaqdı? Laboratoriyada işləməklə nəyə nail olacaq, hə? Ən yüksək pilləyə qalxan laboratoriya müdiri Mixayliç idi - təltiflə birlikdə orta əməkhaqqı 165 manat olan sakit içki düşkünü. Başqa nə? Heç bir perspektiv yoxdu.
Amma o daha çox şeyə nail olmaq istəyirdi. Axı hər şeyi pulla ölçmək olmaz. Tələbəlik illərində ocaq başında var gücləriylə cəsur romantik mahnılar oxuyarkən arzuladıqlarına nail olmaq istəyirdi. Beşinci kursda ETİ-da istehsalat təcrübəsi keçərkən də arzularından vaz keçmədi. O hətta zavodda da yaradıcı ruhuna güvənib nələrsə edəcəyinə inanırdı; məsələn, həmişə SSRİ-yə hücum etmək barədə düşünmək qorxusu yaradan raket üçün nəsə bir yeni hissə kəşf edib, dövlət mükafatı və Pitsundaya ezamiyyət vəsiqəsi ala bilər. Amma laboratoriyanın adi boz günləri, qaynaq alətindən qopan, tütün və pivənin yaratdığı pis qoxuya qarışan cansıxıcı havası ona üzücü görünür, ümidlərini öldürürdü. Əylənmək, həyatına maraq qatmaq üçün tək bir şey qalırdı - musiqi. Tələbə inşaat dəstəsində qazandığı pullara aldığı ağır çəkili "Yupiter-202" maqnitafonunu işə saldı. ABBA qrupunun ifası ətrafa yayıldı, musiqi onun zavodda yaşamaq uğrunda mübarizə problemlərini bir qutuya salıb müvəqqəti də olsa ağzını bağladı.
Ertəsi gün səhər işə gələrkən Vovka özü üçün stereogücləndirici düzəltmək barədə düşündü; sonra da yarım il pul yığıb Sovetdə ən güclü səsləndirmə qurğusu olan S-90 ala bilər. Lakin radiotexnikaya olan sevgisi onu ayrı formada haqladı.
- Sifariş qəbul elə: uzun və orta dalğalı məişət radioqəbuledici və iki vattlıq bir dinamik (gücləndiricisi)-1, otuz üç dövrlü proiqrivatel -2.
- Təksəsli? Ötən əsrdən qalma! - Vova təəccüb etdi.
- Sənə dəxli yoxdu, - Muxayliç çiyinlərini çəkdi. - Sifariş nazirliklə razılaşdırılıb. İşə başla.
Təcrübəsiz mühəndis bir tərəfə çəkilib tapşırıq barədə məlumatı oxumağa başladı. Və qəfil ağlından keçdi ki, o da hər gün bir litr pivə içməlidi.
Elmi axtarışla məşğulkən Roman ona yaxınlaşdı.
- Hə, daşdan balta düzəldirik?! Tanışdı... Başıma gəlib.
1. radio aparatına və ya radio xəttinə birləşdirilən gücləndirici reproduktor; 2. Patefon vallarını səsləndirmək üçün radiocihaz
- Bəs vəziyyətdən necə çıxdın?
- Çox sadə, Vatson, - deyə Roma tapşırıq vərəqlərinə baxdı, - köhnə "Radio" jurnallarından onların sxemini tapıb, bir-iki detalı dəyişdir, vəssalam.
- Nə danışırsan, oğurluqda suçlamazlar?
- Zarafat edirsən? Əksinə, alınsa, tərifləyəcəklər. Hazır sxemi Maşaya ver, köçürsün. Bu onda əla alınır. Onun yeganə üstünlüyü də elə budur.
Roman aralarındakı yeganə xanıma qarşı haqsızlıq edirdi. Nahardan sonra o, imperialist qüvvələrin Əfqanıstanda tərəfdarlarının az olmasından istifadə edərək SSRİ-yə hücum, mürəkkəb beynəlxalq vəziyyət haqda maraqlı məlumatlar verməklə siyasi icmalçı bacarığını da göstərdi. Bu vaxt kişilər Vovkanın gətirdiyi pivəni içirdilər. İkinci iş günü də beləcə başa çatdı.

İKİNCİ FƏSİL

DTK-nin sirləri üçüncü günün səhəri görünməyə başladı. Dünən işdə içdiyi "Jiquli" pivəsindən və axşam evdə içdiyi araqdan hələ hallı olan Mixyliç maqnitola üçün kağızları tələm-tələsik bolluca işlətdiyinə görə "gənc istedad"a təpindi:
- Tələskənlik diqqətsizliyin nəticəsidi. Sən gəlməmişdən o kağızlar düz bir ay idi ki, mənim masamın üstündəydi.
Mixayliç quru balığı dişləyib əllərini xalatına sildi. Xalatdakı müxtəlif ləkələri görən onun sahibinin radiocihazlarla deyil, kimyəvi maddələrlə işləyən kimyaçı olduğunu düşünərdi. Xalatın altından görünən uzun şalvarı, Mixayliçin arvadının səyi nəticəsində nisbətən səliqəliydi. Elə bu vaxt Mixayliçin arvadı işə zəng vurdu, necə deyərlər adını çək, qulağını tut. Mühəndis qrupunun rəhbəri yazıq-yazıq telefon dəstəyindən asıb özündən böyük rəhbərin nəsihətlərinə qulaq asırdı. Cavan mütəxəssisin Mixayliçin həyat yoldaşından böyük üstünlüyü vardı: O, Mixayliçi sərxoşluq etdiyinə görə danlamırdı.
- Yaxşı, görürəm pis oğlan deyilsən. Səni əsas işlərlə tanış etmək vaxtıdı. Xüsusi şöbəyə get, ordan 37-214-dən 37-217 nömrəli qovluqları gətir. Ordakı sənədlərlə işləyəcəksən.
Heç nə anlamayan Vovka hücuma hazırlaşan pulemyot gözlüyünə oxşayan pəncərədəki nömrələnmiş, iri jurnala qol çəkib dörd qovluğu şefinə gətirdi.
- Bir baxım, baxım... Hə, yenə maraqlı heç nə yoxdu. İndi Fomiçin yanına get, o, sənə DTK - dən necə yaxa qurtarmağı, rəsmi cavab yazmağı öyrədər. Gənc mühəndis şaşqın halda ən təcrübəli işçinin qarşısındakı stula oturdu. Fomiç məşğul idi, nəsə çox xırda gövdəsi üz qapağının yanına atılmış yapon radiosunun kiçik bir hissəsini qaynamaqla məşğul idi. Vovka bunun kənar sifariş olduğunu anladı.
- Hmm...
- Hə, nə lazımdı?
-Baxın, Mixayliç nəsə gizli sxemlər tapşırıb.
- A - a - Fomiç səsini uzatdı. Kağızlara baxıb Mixayliçin dediyini təsdiqlədi - Maraqlı heç nə yoxdu.
Təcrübəli işçi kağızları bir kənara qoyub, radioya "Krona" batareyasını yerləşdirib, ölçü cihazıyla yapon qurğusunun daxilində nəsə ölçməyə çalışırdı.
- Sən hələ burdasan?
- Dedim kömək edərsiz.

- Burda çətin nə var ki? - Fomiç eynəyini qaldıraraq ona tərəf döndü, səsində yüngülvari əsəbilik hiss olunurdu. - Qurğunun tipini təyin et. Sonra yaz ki, məsələn, kvant faza invertorlarının işi öyrənilərkən (inventor- sabit elektrik cərəyanını dəyişən cərəyana çevirən qurğu) əldə edilmiş nəticələrə əsasən mikrodalğalı səsqurğularının texnologiyası hazırlanmışdır ki, bunlardan məsələn, Ağ evə tuşlanan ballistik raketlərdə istifadə etmək olar.
- Bu ki sayıqlamadı. Rəsmi, özü də tamamilə məxfi dövlət sənədində bunları necə yazmaq olar?
Qoca mühəndis istehzayla ona baxaraq, əllərini pivə tuluğuna oxşar qarnının üstündə çarpazlayıb kresloya yayxandı.
- Bəs bu sənədlər niyə məxfidir? Tamamilə düzdür! Ona görə ki, onları heç kim oxumasın. Elə bilirsən, sənin yazdığını qovluğa tikib, gizli sənədlər olan seyfə qoyan , ağzını da bağlayan katibənin bunlardan başı çıxır?
- Onda bu nə üçündür?
- Yaxşı sualdır. Əgər düşmənlərə inansaq, DTN-nin kəşfiyyatı dünyanın bütün ölkələrində fəaliyyət göstərir. Təsəvvür edirsən, nə qədər məlumat toplanır? Əvvəlcə bütün məlumatları özləri saf-çürük edirlər, ən vaciblərini seçirlər. Onların elmi-texniki nəticələri yoxlamaq üçün böyük şöbələri var. Bəs yerdə qalan məlumatlarla nə etməli? Bax, onlar da bu qovluqlara yığılır, - deyə əli ilə qovluqları döyəclədi. - Heç bilirsən, bu gün sənin bunları oxumağın üçün nə qədər vəsait sərf olunur? Bilmirsən. Heç mən də bilmirəm. Çox şeyi bilmirəm. Amma guya bizim baxdığımız kənarı kəsilmiş şəkillərin surətləri var ha... cürbəcür sxemlər, daha nələr heç biri sovet elektron texnikasına gərək deyil!
- Yenə anlamadım.
- Nədi, elə bilirsən, DTK belə səhv edə bilməz, hə? Bu sxemlərə görə kimsə medal alıb. Külli miqdarda pullar silinib. Qəhrəman mayor Poronin sərhədi keçən düşmən itini məhv etdi. Sən də fikirləşirsən ki, gözəgörünməz cəbhədə döyüşənlərin qəhrəmanlıqlarını yox etmək lazımdı? Bəxtin gətirib.
- Nədə?
- Sən DTN-nin istənilən təcrübi sxeminin altında lazım olan və silinməli olan detalın adını göstərə bilərsən, amma gərək həddini aşmayasan. Mənə yüksəktezlikli xışıltısı az olan, daha təmiz işləyən tranzistor lazımdı. Bizim KT315 pis işləyir - Fomiç radioqəbuledicini göstərdi.
- Bu sxemlərdə yüksəktezlikli tranzistordan söhbət gedə bilməz. Mən onun lazım olduğunu necə əsaslandıra bilərəm? Axı bu cihazların bu sxemlərə dəxli yoxdu, yaxın da gəlmir?!.
- Ay anlamaz tələbə. Axı sənə dedim ki, bu gizli sənədlər seyfdə ağzıbağlı qalacaq. Heç kim yoxlamayacaq. Kimin nəyinə lazım - bunu özün üçün edirsən, başa düşdün?
-Hə.
- Hamı belə edir. Gücləndiricinin sxemini götürürsən, sonra da bir sifariş yazırsan və təhlükəsizlik xidmətinin tapşırığıyla aparılacaq təcrübələrə gərək olan detalların adını göstərirsən. Bir aydan sonra reverberatorlu invertorun uğurlu işi haqda məlumat verirsən. Maşa sənədləşmədə kömək edəcək. Təhlükəsizlik xidməti də səndən razıdı. Necədi? Bunun nəyi pisdi, hə?
Əmək fəaliyyətinin ilk ayı belə gərgin iş rejimində ötdü. Ayın sonunda Vovka yeni radiola sxemi gətirdi. Çətinliklə də olsa, bu mənasız cihazın istehsal olunacağını qoca mühəndisdən öyrənmək istədi.
- Ay uşaq, sən ağacdan yıxılmısan, qanmırsan məgər? Bu bizim zavodun işi deyil. Bunu "VEF", ya da "ELEKTRON" zavodu sifariş verir, sonra müsabiqə elan edirlər. Sonra özləri bizim bazamızda olan hansısa "Panasonik"dən qoparılmış bir layihəni təqdim edirlər. Sadəcə kiçik bir dəyişiklik olunur, məsələn cihazın gücünü 2 vatt deyil, on vatt yazırlar. Nazirlik ağıllı görkəmlə guya bunu araşdırır və təsdiq edir. Və hamı razı qalır.
- Mixayliç, düzünü de, biz nəsə xeyirli bir iş görürük, yoxsa elə-belə havaya güllə atırıq - gözə kül üfürürük?
- Vovacan, sənə avans verdilər? Əlbəttə veriblər. Yadımdadı. Qalan maaşını da verəcəklər. Dövlət bizdən razıdır. Bəlkə sən özünü hamıdan ağıllı sayırsan, fərqlənmək istəyirsən, hə? Get işinlə məşğul ol.
Bir ilə gənc mütəxəssis özünün bu işçi həyatına alışdı. O asanlıqla Nazirliyin və ya DTK-nin xəttiylə göndərilən məlumatlara başdansovdu cavablar yazır, müxtəlif detalları hesabdan silir, sonra onlardan müxtəlif musiqi ansamblları üçün səs gücləndiriciləri, rəngli işıqlar, avtomobillər üçün xəbərdarlıq siqnalları hazırlayırdı. "Zəhməthaqqını" plastik pivə qabının altında gizlədərək çıxarırdı. İş yoldaşları ona gülürdü. Möhtəkirlərin gətirdiyi xarici texnikanı sovet xidmət atelyeləri təmirə götürmürdülər, ona görə də alverçilər belə cihazları mühəndislərə verir, bu da daha çox qazanc gətirirdi. Onlar da bulanıq pivədən sonra daha yaxşı işləyirdilər.
Artıq Vovanın qız dostu da peyda olmuşdu. Öz şəxsi həyatı, bir qədər cib xərcliyi, diskotekalar, qənaətlə aldığı "Olimp" maqnitofonunda musiqi dinləmək onunçün dözülməli mənəvi mühit yaratmışdı və bütün bunlarla o, üzün illər beləcə yaşaya bilərdi. Əlbəttə, əgər dövlət təhlükəsizlik xidməti işə qarışmasaydı.
Növbəti qovluq SSRİ DTK-nin xarici kəşfiyyat işləri üzrə birinci baş idarəsindən gəldi. Bu qovluq daha qalın idi. Şöbədə Roma da daxil olmaqla, heç kim bu kağız-kuğuzla məşğul olmaq istəmədi. Vovka hər iki qovluğa baxmalı oldu.
Qovluqların birində cəlbedici - tranzistorlu televizor sxemi vardı. Bu Fomiçin də marağına səbəb oldu.
- Bax, siqnal yüksəktezlikli çoxpilləli gücləndiriciyə çatır. Ooo, rəqs konturunda necə kiçik nominallar var. Bu Qhs-dən yüksək tezlikdə işləməlidir. Sonra bu siqnallar kinoskopda görüntüyə çevrilir. Bu baxış borusudu. Sonra siqnallar radioantenaya ötürülməlidi məncə. Amma belə böyüktezlikli siqnallar nə üçündü? Sxemə baxanda heç cür anlamaq olmur.
- Həmişəki kimi.
- Yaxşı, sən də özündən heç nə əlavə etmə. Sxemin kənarı kəsilməyib, bir halda ki, bütövdü, deməli bunun üzərində mütəxəssislər baş sındırıb. Bizə elə belə, "quş" qoymaq xətrinə göndəriblər, yəni biz də baxdıq.
Tərcümə etdi:
Kəmalə Abiyeva