adalet.az header logo
  • Bakı 19°C
25 Iyun 2016 09:27
2705
GÜNDƏM
A- A+

Ordumuzun quruculuq yolları...

Jurnalistika fakültəsinə daxil olanda da, elə ondan sonrakı illərdə də heç ağlıma gəlməzdi ki, çox keçməz əynimə əsgər forması geyinib çiyinlərimdə zabit paqonları doğma ordumuzun sıralarında xidmət edəcəm. Ordumuzun qurulmasının, formalaşmasının canlı şahidi və iştirakçısı olacam. Demə məndən xəbərsiz bəxtim, taleyim belə yazılıbmış. Hadisələrin axarına düşüb getməyə təbii baxırdım, çünki müharibə gedən bir ölkədə yaşayırdıq. Deməli, hər şey ola bilərdi. Sadəcə olaraq buna hazır olmaq lazım idi. Deməli, mən özümdən bilmədən ürəkdən, qəlbdən buna hazır imişəm.
1992-ci il dekabr ayının ortaları idi. Havalar çox soyuq keçirdi. Müharibə alovu getdikcə güclənib daha geniş əraziləri ağzına alıb qarsıb yandırırdı. Hər gün cəbhədən ağır və qara xəbərlər gəlirdi. Güclü müqavimətlə rastlaşmayan erməni işğalçıları addım-addım irəliləyib, dədə-baba torpaqlarımızı ələ keçirirdilər. Cəbhə xəttinə getmək, müharibə ocağına atılmaq ilk baxışda bəlkə də adama romantika kimi görünür. Sanki bir anlıq özünü televiziya ekranı qarşısında hiss edir, müharibədən bəhs edən filmləri izləyirsən. Amma real həyatda belə deyilmiş. Cəbhə bölgəsi, müharibə ocağı hər addımda qan-qada ilə, ölüm-itimlə dolu imiş. Düşmən tərəfdən atılan güllələrin kimə, yaxud hara tuşlandığını kimsə bilmir. Onu yalnız hədəfə dəyəndə müəyyənləşdirmək olurdu. Onda da artıq hər şey gec olurdu, geridə qalırdı. Aramsız güllə səsləri, top atəşləri, tankların, zirehli texnikaların nərilti-gurultusu adamı diksindirir, barıt qoxusunun kəsif iyi adamın burnunu qıcıqlandırır. Aramsız atılan odlu güllələr adamın başının üstündən vıyıldayıb keçdikcə havadan qan qoxusu gəldiyini hiss edirsən. Bir-iki gün qorxu hissləri keçirirsən. Sorakı günlər hər şey adıləşir. Müharibəni gündəlik iş günü kimi qəbul edirsən. Ölüm də, qan-qada da adiləşir. Müharibə adamıtez dəyişir...
Ordu quruculuğu, cəbhə haqqında təəssüratlar, ayrı-ayrı bölgələrdə müharibənin gedişi, torpaq, vətən uğrunda döyüşən, vuruşan zabit və əsgərlərin göstərdikləri igiliklər, qəhrəmanlıqlar, bizi uğurlara aparıb çıxaran çətin yollar, məğlubiyyətimizin səbəbləri və s. bütün bunlar xeyli geniş və insanları narahat edən, onların maraq dairəsində olan mövzulardır. Və yeri gəldikcə onların hər biri barədə düşünüb, daşınıb nə isə yazmaq, cızma-qara etmək, müxtəlif səpkidə material hazırlamaq bu gün vacibdən vacibdir.
Deyirlər ki, həyat anlardan ibarətdir. Bu sözü kimin dediyini dəqiq bilmirəm. Amma doğrudan da, çox düzgün və sərrast deyilib. Mən bu kiçik qeydlərimdə çox da geniş təfərrüatlara varmaq istəmirəm. Sadəcə olaraq iyirmi üç ildən bəri ordunun içində olan bir zabit, bir müxbir kimi Silahlı Qüvvələrimizin 98-ci illiyi ərəfəsində onun dünənindən başlanan yoldan, bugünkü gedişatından qısaca da olsa, söz açmaq, öz təəssüratlarımı oxucularla bölüşmək istəyirəm. Daxili Qoşunların orqanı olan "Əsgər" qəzetində xidmətə başladıqdan sonra cəbhə bölgəsinə ilk ezamiyyətim 1992-ci il dekabr ayının 31-nə - ilin son gününə, illərin qovuşduğu gecəyə təsadüf etdi. Maşınlar cəbhə üçün zəruri olan avadanlıqlarla yüklənib hazır olandan sonra - axşama doğru yola çıxdıq. Hospitalda müalicəsini başa vurmuş bir neçə zabit də bizimlə cəbhə bölgəsinə qayıdırdı. Onlar artıq sağalıb ayağa qalxmışdılar, özlərini yaxşı hiss edirdilər. Əllərinə silah götürüb düşmənlə yarımçıq qalmış döyüşlərini davam etdirə bilərdilər. Qollarında yenilməz güc, qüvvət var idi. Ezamiyyətim Ağdam rayonuna idi. İlk dəfə idi bu bölgəyə gedirdim. Əvvəllər bu yerlərin gözəlliyi və insanlar haqqında xoş sözləri eşitmişdim. Hava soyuq idi, külək əsir, qar yağırdı. Güclü külək yağan qarı sovurub maşınların şüşəsinə çırpırdı. Qar dənələri avtomobillərin yola "baxan" işığının qarşısında sağa-sola sovrulub qaranlıqda görünməz olurdu. Havanın belə olması ətrafı görünməz edir, görməni çətinləşdirirdi. Yola yaxşı bələd olan sürücülər göz qırpmadan sükandan möhkəm yapışıb avtomobili məharətlə idarə edir həm yükləri, həm də şəxsi heyəti mənzil başına sağ-salamat çatdırmağa çalışırdılar.
Yeni ili yollarda qarşıladıq. Ağdama gecə saat dörddə çatdıq. Hərbi hissə məktəbdə yerləşirdi. Boş sinif otaqlarında uzanıb yatdıq, gözümüzün acısını aldıq, bir az dincəlib özümüzə gəldik. Hərbi hissə komandiri səhər tezdən bizi qəbul etdi, onunla yaxından tanış olduq. Zabit Bəxtiyar Abdullayevin sağ qolu sarıqlı idi. Söhbət zamanı öyrəndik ki, komandir dünənki döyüşdə yaralanıb. Yarası ağır olsa da, öz yerindəydi, oturub hərbi hissəni idarə edir, zabit və əsgərlərə döyüş tapşırıqları verirdi.
Tanışlıq başa çatandan sonra hərbi hissənin həyətinə çıxdıq. Bura əvvəl məktəb binası olmuşdu. Bir vaxtlar şagirdlərin təhsil aldıqları sinif otaqları müvəqqəti olaraq kazarmalara çevrilmişdi. İndi buradan şagirdlərin şən səsləri deyil, əsgər və zabitlərin komandaları eşidilirdi. Hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısına xeyli valideyn toplaşmışdı. Söhbət edəndə öyrəndim ki, onlar döyüşlərdə itkin düşmüş əsgərlərin ata-analarıdır. İndi cəbhə bölgəsinə övladlarının heç olmasa meyitlərini tapıb aparmağa gəlmişdilər. Neçə gün əvvəl itkin düşmüş əsgərlərdən isə ürəkaçan bir xəbər yox idi. Əsgər valideynləri isə hər gün hərbi hissəyə ayaq döyürdülər. Müharibənin ilk acı xəbərini, kədərli səhnəsini burada gördüm. Görüklərimdən, eşitdiklərimdən çox məyus oldum. Bu müharibənin sərt tərəfinin ilk səhifəsi idi.
Hərbi hissənin qərargahında çox vaxt itirməyib cəbhə xəttinə yola düşdük. Zabit Bəxtiyar Abdullayev Fərrux dağının ətəyində yerləşən mövqelərə getməyi məsləhət bildi. Vaxt itirmədən yola çıxdıq. Ağdam şəhərinin yaraşıqlı və gözəl küçələrindən keçdik. İlk dəfə gördüyüm yerlərə baxmaqdan doymurdum. Gözlərimi ətrafdakı gözəlliklərdən çəkə bilmirdim. Uzanan yollar bizi ön xəttə gətirib çıxartdı. Əvvəlcə Əlağalılar kəndini düşməndən qoruyan əsgərlərlə görüşdük. Sakitlik idi, güllə səsləri eşidilmirdi. Kəndin yüksəkliyindən Fərrux dağının zirvəsi, Xaçın çayının sahilində yerləşən Qaralar kəndi və başqa yaşayış məntəqələri aydın görsənirdi. Həm Əlağallar, həm də Qaralar kəndləri boşalmışdı, orada kimsə yaşamırdı. Erməni quldurlarının hücumuna məruz qalan camaat doğma ocaqlarından didərgin düşmüşdü. Kəndlərdəki evlərin dağıdılmış və yandırılmışdı. Ətrafda çox böyük ürəkdağlayan, qəlbodlayan mənzərələr var idi. Bu dəhşətli səhnələrə baxmaq olmurdu.
Evləri sakinsiz qalmış Əlağalılar kəndinin məhəllələrini dolaşıb Xaçın çayının üstündəki körpüdən keçib adını televiziya ekranlarından tez-tez eşitdiyim Fərrux dağının ətəyində yerləşən Yuxarı və Aşağı Cinli kəndlərinə gəldik. Döyüşçülər danışırdılar ki, neçə vaxtdır Fərrux dağı uğrunda qanlı döyüşlər gedir. İndiyə qədər cəsur döyüşçülərimiz bu yüksəkliyi doqquz dəfə, on dəfə erməni işğalçılarından azad ediblər. Amma burada möhkəmlənmək mümkün olmayıb. Düşmən böyük strateji əhəmiyyəti olan bu yüksəkliyi çox möhkəm qoruyur. Buradakı döyüşçülər Fərrux dağını Xankəndinə açılan qapı adlandırırdılar. Bunu düşmən də yaxşı bildiyindən nəyin bahasına olursa-olsun, bu yüksəkliyi əldən vermək istəmirdi. Əsgərlər Fərrux dağı uğrunda gedən döyüşlərdə neçə-neçə cəsur oğullarımızın şəhid olduğunu da dedilər. Məhəllələrindən keçdiyimiz Aşağı və Yuxarı Cinli kəndlərində həyat öz axarı ilə getmirdi. Müharibə kənddəki həyat ritmini pozmuşdu. Düşmənin top-tüfəngindən qorxan camaat ev-eşiyini çoxdan tərk etmişdi. Yalnız bir neçə evdə yaşayış hiss olunurdu.
Kəndi qoruyan əsgərlərlə söhbət etdiyimiz vaxt atəş səsləri eşitdik. Qısa vaxt ərzində sakitlik pozuldu. Bir müddət əvvəl susan silahlar "dilə" gəldi. Gurultu, nərilti ətrafı başına götürdü. Güclü atəş səslərindən yer-göy lərzəyə gəldi. Qanlı döyüş başlanmışdı. Silaha sarılan əsgərlər vaxt itirmədən irəli atıldılar. Qarabağ müharibəsində ilk atəş səslərini bax burada - göylərə baş çəkən Fərrux dağının ətəyində eşitdim. Sonrakı günlər Qalayçılar, Manikli, Çıldıran, Heyvalı, (Kasapet), Mehmanə və başqa kəndlərdə, Ağdərədə və başqa yaşayış məntəqələrindən oldum. Barıt qoxulu səngərlərdə göz qırpmadan dayanıb əldə silah yurdumuzu qoruyan əsgərlərlə, zabitlərlə görüşdüm. İndi o görüşlərdən yaddaşımda çox hadisələr, çox anlar, çox xatirələr qalıb. Cəbhə bölgələrində gəzdiyim, gördüyüm kəndləri görüşüb həmsöhbəti olduğum döyüşçüləri indiki kimi xatırlayıram. Bu sətirləri yazdıqda o günlər, o yerlər kino lenti kimi gözlərim önündən gəlib keçir. Torpaqlarımızı qoruyan, son anda ərzaq ehtiyatının atıb, çiyinlərində döyüşmək üçün sursat saxlayan zabit və əsgərlərin qəhrəman, cəsur çöhrələrini unuda bilmirəm. Hər addımda qulaqlarıma atəş səsləri gəlir, silahlar şaqqıldayır, toplar guruldayır... Silah səsləri bu gün də eşidilir. Amma bunlar döyüşdə, müharibədə açılan atəş səsləri deyil. Bunlar atəşkəs rejimini pozan güllələrdir.
1993-cü ilin oktyabr ayından xidmətimi "Azərbaycan Ordusu" qəzetində davam etdirdim. Yenə də cəbhə bölgələrini gəzib, döyüşçülərlə görüşürdüm. O vaxtlar ordumuz yenicə yaranırdı. O günlər döyüşən ordunun sıralarında peşəkar zabitlər azlığı açıq-aydın hiss olunurdu. Komandirlik vəzifəsini yerinə yetirən zabitlərin əksəriyyəti ehtiyatdan çağırılmış müəllimlər, mühəndislər idilər. Döyüş təcrübələri zəif idi. Ona görə də bəzi hallarda əməliyyatlar uğursuzluqla başa çatırdı. Nizam-intizam güclü deyildi. Ordu quruculuğu sahəsindən az-çox başı çıxanlar yaxşı bilirlər ki, döyüşə-döyüşə ordu qurmaq elə də asan iş deyil. Amma vətənpərvər insanların sayəsində torpaqlarımızı azad etməli olan ordu çətin də olsa yaranır, formalaşırdı. Keçmiş ittifaqda xidmət edən azərbaycanlı ixtisaslı zabitlər tədricən doğma Vətənə qayıdır, yeni yaranan orduda xidmət etməyə can atırdılar. Günlər arxada qaldıqca ordu sıraları ixtisaslı zabitlərlə komplekləşdirilirdi. Əvvəlki vaxtlar orduda xidmət edən əsgərlərin paltarları səliqəsiz idi. Saçlarını qırxmaq, üz-gözlərinə əl gəzdirmək kimsənin yadına düşməzdi. Hamının diqqəti döyüşə, əməliyyatların gedişinə yönəlmişdi. Yenicə yaranan doğma ordumuzun sıralarında ixtisaslı zabitlərin sayı artdıqca nizam-intizam möhkəmlənirdi. Döyüş təcrübəsi olan zabitlər xidmətə çağırılan əsgərlərə təlim keçir, silahların atış qaydalarını, döyüş səhnələrini öyrədirdilər.
İllər keçdikcə orduda vəziyyət yaxşılığa doğru dəyişilirdi. Əvvəllər ayrı-ayrı qruplara xidmət edən silahlı birləşmələr ləğv edilmişdi. Onun yerində nizamlı-intizamlı, vahid komandanlığa tabe olan hərbi hissələr yaradılırdı. Həm ərzaq, həm geyim-geçim, həm də silah-sursat sarıdan təminat getdikcə güclənirdi. Zabitlərin, əsgərlərin döyüş təcrübəsi gündən-günə artırdı. Bütün bunlar isə sabahkı uğurlara, qələbələrə geniş yol açırdı.
Məhz bütün bunların nəticəsi olaraq 1993-cü ilin sonlarında, 1994-cü ilin əvvəllərində bütün cəbhə boyu düşmənə qətiyyətli zərbələr endirildi. Ciddi müqavimətlə qarşılaşan erməni qəsbkarları ələ keçirdikləri Azərbaycan torpaqlarından geri çəkilməyə məcbur oldular. 1993-cü ilin sonlarında Goranboy bölgəsində, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində qazanılan uğurlar ordumuzun gücündən, qüdrətindən xəbər verirdi. 1994-cü il yanvar ayının ilk günlərində zabit və əsgərlər Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla, hünərlə vuruşaraq parlaq qələbə qazandılar. Bir neçə gün ərzində düşməni 40 kilometrdən çox məsafədə geri oturduldu. Füzuli rayonunun bir çox kəndləri, həmçinin Horadiz qəsəbəsi erməni işğalçılarından azad edildi. Qazanılan qələbələr zabit və əsgərlərin döyüş ruhunu, qələbə əzmini daha da artırırdı. Döyüşçülər düşmənin üstünə daha böyük inamla atılırdılar. Addım-addım torpaqlarımız erməni işğalçılarından azad olunurdu.
1994-cü il may ayının 12-də ermənilər bu gücün, bu qüdrətin qarşısında dayana bilmədi. Cəbhədə atəşkəs elan olundu. Güllə səsləri eşidilmirdi, silahlar susmuşdu. Neçə ildən bəri vuruşan, döyüşən ordunun şəxsi heyəti dərindən nəfəs aldı...
Atəşkəsdən sonra ordu quruculuğu istiqamətində çox inamlı və qətiyyətli addımlar atıldı. Uğurlu islahatlar həyata keçirildi. Bu islahatlar sayəsində böyük uğurlara imza atıldı. Dövlət ordunun qurulması, formalaşması üçün tələb olunan qədər vəsait ayırdı. Ayrılan vəsaitdən səmərəli surətdə bəhrələnən ordu rəhbərliyi bu sahədə ürəkaçan işlər gördü. Qüdrətli, güclü və yenilməz bir ordu quruldu. Bu gün doğma ordumuz ən müasir silah-sursatlarla, hərbi texnikalarla təmin olunub. Orduda dəmir nizam-intizam hökm sürür. 1993-cü ildəki ordudan demək olar ki, heç bir əsər-əlamət qalmayıb. Silahlı Qüvvələrimiz aparıcı xarici ğlkələrlə sıx hərbi əməkdaşlıq edir. Bu gün Azərbaycan əsgəri NATO-nun Əfqanıstandakı sülhyaratma əməliyyatlarda fəal iştirak dir. İndi ordumuzun sıralarında yüksək döyüş təcrübəsi və səriştəsi olan ixtisaslı zabitlər xidmət edir. Onlar biliklərini, təcrübələrini böyük həvəslə tabeliklərində olan əsgərlərə öyrədirlər. Gündən-günə ordumuz gücünü, qüdrətini artırır. Döyüş təcrübəsi yüksək olan zabit və əsgərlərimiz hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazır və qadirdirlər.
Xalq ordumuzun gücünü, qüdrətini aprel döyüşlərində açıq-aydın gördü. Zabit və əsgərlərimiz aprelin ilk günlərində erməni hücumlarının qarşısını alarkən tarixin səhifəsinə böyük hərflərlə həkk olunmağa layiq qəhrəmanlıqlar göstərdilər. Erməni qəsbkarları güclü, əks-həmlə qarşısında dayana bilmədi, silah-sursatını atıb qaçmağa məcbur oldu. Aprel zəfəri ordumuzun şanlı səhifələrindən biridir. Döyüşçülərimiz yeni hünər və qəhrəmanlıqlar göstərməyə hər an hazırdırlar. Təki torpaqlarımız düşməndən azad olunsun.
Bu gün xalqımız güclü, qüdrətli, döyüşkən ordusu ilə fəxr edir. Onu müstəqilliyinini təminatçısı kimi görür. Silahlı Qüvvələrimizin getdikcə güclənməsi torpaqlarımızın azad olunmasına inamımızı daha da artırır. Ordu quruculuğunda aparılan islahatlar bu gün uğurla davam edir.
Vahid MƏHƏRRƏMOV,
hərbi jurnalist