adalet.az header logo
  • Bakı 18°C
24 Iyun 2016 09:11
7917
LAYİHƏ
A- A+

Xızının yay günləri

"Ölkənin hər yerində olduğu kimi, Xızıda da turizmin inkişafına diqqət göstərilir. Çalışmalıyıq ki, növbəti illərdə də bu iş davam etdirilsin, yeni turizm obyektləri tikilsin, Xızıya daha çox turist cəlb edilsin".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

(əvvəli ötən sayımızda)

2016-ci ildə Xızı rayonunun avtomobil yollarında təmir, yolların saxlanılması istiqamətində xeyli iş görülüb. Avtomobil yollarının təmiri, kənd yollarının asfaltlaşması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin "Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 6 noyabr 2013-cü il tarixli 30 nömrəli və "Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" 12 iyun 2014-cü il tarixli 544 nömrəli sərəncamlarına uyğun olaraq 4353 nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun yenidənqurulması diqqət mərkəzində olub.

Bulaq suyu, dağ havası

Sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Xızı rayon Sukanal idarəsi "Dahar dibi" və "Qars" su mənbəyində mütəmadi olaraq təmizlik işləri aparır. Xızı şəhərinin Vüsaqi B.Səfəroğlu və T.Özal küçələrində korroziyaya uğrayan məhəllədaxili boru xətləri yenisi ilə əvəzlənib. Altıağac qəsəbəsində "Yeddi bulaq" su anbarının çıxışında quraşdırılan siyirtmə təmir olunub. Rüb ərzində Sukanal idarəsi tərəfindən 254 min 748,75 m3 su satılıb, 226 min 173 manat 76 qəpik ödəniş olunub ki, bu da 89,0 faiz təşkil edir. Əhali sektoru tərəfindən 27 min 351,75 m3 su istehlak edilib, 6 min 688 manat 46 qəpik ödəniş daxil olub ki, bu da 24,5 faiz təşkil edir. Qeyri əhali üzrə satış 226 min 743 m3, ödəniş isə 219 min 485 manat 46 qəpik olmaqla 96,8 faiz təşkil edir.
Hesabat dövrü ərzində rayonda rabitə və informasiya xidməti sahəsində baş verən zədələnmələr vaxtında araşdırılaraq aradan qaldırılıb, 10 ədəd telefon çəkilişi aparılıb, yararsız vəziyyətdə olan abunəçi xətləri yenisi ilə əvəz olunub, mərkəzdə və kəndlərdə yararsız vəziyyətdə olan 74 ədəd dirək düzəldilərək normaya gətirilib və 11 ədədi yeni dirəklə əvəzlənib.
Rayonda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində də xeyli iş görülüb, müəyyən addımlar atılıb. 2015-2016-cı dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman məktəbi, 1 Uşaq Gənclər Şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərib. Rayonun ümumtəhsil məktəblərində 2136 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 240 müəllim məşğul olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə əlaqədar "Fəaliyyət Planı"nı təsdiq etməsi bu sahədə görüləcək işləri konkretləşdirib və praktik əməli addımlar atılmasına yönəldib.
2015-2016-cı dərs ilində də Təhsil şöbəsi rayonun ümumi təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işləri davam etdirib. Ehtiyacı olan məktəblərə müxtəlif inventar və İKT avadanlıqları verilib. İstedadlı şagirdlərin üzə çıxarılmasında fənn müsabiqələrinin, fənn olimpiadalarının böyük əhəmiyyəti var. Təhsil Nazirliyi tərəfindən VII-VIII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin III turu yanvar ayında Giləzi qəsəbə tam orta məktəbində təşkil olunub. Bu müsabiqənin yekunlarına görə rayonun 7 şagirdi daha yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar. Təhsil Nazirliyinin təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında keçirilən fənn olimpiadalarının rayon turu 2016-cı ilin yanvarında Giləzi qəsəbə tam orta məktəbində keçirilib. Olimpiadanın yekun nəticələrinə görə 8 şagird Sumqayıt şəhərində keçirilən yarımfinal mərhələsində iştirak edib. Daha yüksək nəticə göstərmiş Sitalçay kənd tam orta məktəbinin X sinif şagirdi Naznaz Əliyeva tarix fənni üzrə fənn olimpiadalarının respublika turunda iştirak hüququ qazanıb. Təhsil Nazirliyi IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin respublika turunda Şurabad qəsəbə tam orta məktəbinin X sinif şagirdi Səidə Bayramova III dərəcəli diplomla təltif olunub. Rayon Təhsil şöbəsi idmanın kütləviliyinə nail olmaq üçün xeyli iş görüb. 2015-2016-cı dərs ilində də ayrı-ayrı məktəblərdə idman meydançalarının yaradılması, onların bəzi idman avadanlıqları ilə təmin edilməsi davam etdirilib.

Cənnətdəki bağlar kimi...

Dövlət başçısı turizmin inkişafını Azərbaycanın prioritet məsələlərindən biri olduğunu dəfələrlə qeyd edib, bununla bağlı sərəncamlar imzalayıb, tapşırıqlar verib. Xızıda turizm potensialı çox güclüdür, təbiətin yaratdığı bu üstünlükdən düzgün istifadə etməklə bu gözəl yerləri dünyaya tanıtdırmaq olar. Sevindirici haldır ki. son illər rayonda bu sahənin inkişafına diqqət artırılıb.
Xızı Azərbaycanın Şimal istiqamətində turizm marşrutunun birinci dayanacağıdır. Giləzi qəsəbəsindən Xızıya gedən yol boyunca qızılı rəngə çalan dağ silsiləsi var. Rayon ərazisində elə dağlar var ki, bir tərəfi qışlaq, o bir tərəfi yaylaqdır. Rəngbərəng, al-əlvan, xınalı dağların, sayı - hesabı olmayan Xızı bulaqlarının gözəlliyi insanı valeh edir. Rayonun ərazisi dağlıq və dağətəyi zonaya bölünür. Dağlıq zonanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən Dübrar dağıdır. Rayonun Altıağac qəsəbəsinin ərazisi turizm potensialı ilə seçilir. Xüsusilə həftəsonu istirahət üçün bura ideal yerdir. Altıağacda ekoloji turizmin inkişafı üçün də imkanlar var. Yay aylarında astma xəstəliyindən əziyyət çəkən çox sayda insan buraya, sadəcə, təmiz hava almaq üçün gəlir. Təbiətdən zövq almaq, dincəlmək üçün bura çox gözəl yerdir.
Təsadüfi deyil ki, "Cənnət Bağı" Şirkətlər Qrupunun ilk istirahət mərkəzi- "Cənnət Bağı" məhz burada- Xızı rayonunun Altıağac qəsəbəsində salınıb. Hər yay bu mərkəz 10 minə yaxın yerli və əcnəbi turistə yüksək keyfiyyətli xidmət göstərir. Hazırda "Cənnət Bağı"nda 44 yerlik 3 ulduzlu hotel turistlərin ixtiyarındadır. Bura gələnlər təbiətin əsrarəngiz gözəlliyindən zövq alırlar. Rayonda yeni turizm obyektlərinin açılması iş yerlərinin yaranmasına da təkan verir.
Xızı Azərbaycan ədəbiyyatına Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz kimi yazıçı və şairlər bəxş edib. Rayona gələn yerli və xarici turistlər Mikayıl Müşfiqin xatirə muzeyi, Cəfər Cabbarlının ev-muzeyi, habelə rayonun tarix-diyarşünaslıq muzeyi ilə də tanış olurlar.
Xızı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri ölkə başçısının verdiyi bütün göstəriş və tapşırıqların icra edilməsi üçün gərgin çalışır. Rayon iqtisadiyyatının inkişafına nail olmaq, əhalinin daha da yaxşı yaşamasını təmin etmək üçün bütün qüvvələr səfərbər edilib.

E. CƏBRAYILOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ