adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Iyun 2016 14:39
147080
RUBRİKA
A- A+

“Medallarımın çoxunu yandırmışam” – HƏR ŞEYƏ RƏĞMƏN

O "Hər şeyə rəğmən” mübarizə apardı. Keçirdiyi ağır qəzadan sonrakı həyatında yeni bir səhifə açdı və bir çox nailiyyətlərə sahib oldu. Onun həyatında idman və praktik yaradıcılığın nə qədər önəmli yer aldığını söhbətimizdə şahid oldum.

Yeni rubrikamızın növbəti qonağı avarçəkmə idman növü ilə beynəlxalq aləmdə Azərbaycanı təmsil etmiş və möhtəşəm əl işləri ilə tanınan Asif Qasımovdur.


Gənclik illərində keçirdiyi ağır hadisədən sonra Asif əlil arabasına məhkum oldu. Əslində o bunu ilk vaxtlarda belə olduğunu düşünürdü. Keçirdiyi dərin depressiyaları söhbətimizdən açıq-aydın anlamaq olurdu: "Tam sağlam olduğum vaxtlarda da idmanla məşğul olurdum, bir çox medal və sertifikatlarım vardı. Lakin özümə qapandım həmin nailiyyətlərimə baxanda, artıq bir şey bacara bilmədiyimi düşünürdüm. Bu isə onları yandırmağımla nəticələndi. Heç bir gərəyi yox idi artıq. Mənə ailəm və yaxın dostlarım qardaşlarım dəstək verdi, onlar inandırdılar ki, həyatda insan qarşısına çıxan gözlənilməz maneələri belə iradəsi ilə dəf edə bilər. İlk vaxtlardan ətrafıma, maraqlarıma qarşı artıq soyumağa başlamışdım. Buraya, Ramana qəsəbəsində yerləşən əlillərin Peşə Reabilitasiya Mərkəzinə yazıldım. Artıq 3 ilə yaxındır burada həm müalicə alıram, həm də idman və ikinci sənətim olan oyma sənəti ilə məşğul oluram. Bunlar mənə rahatlıq və sağlam həyatı bəxş edir”.

Oyma işləri yaradıcılığının yeganə təcəssümü olduğunu deyən müsahibimiz bu bacarığının əslində onda uşaqlıqdan mövcud olduğunu, lakin idman həyatının bunu üzə çıxarmaqda əngəl olduğunu söyləyir. Tale insana istənilən yaş dövründə qanında olan xüsusi istedadı üzə çıxara bilər. Qəhrəmanımızın bu devizlə yaşaması onun ailəsində atası və qardaşlarında incəsənətə olan meyilləri ilə əsaslandırır: "Hal-hazırda mən sakit həyat dövrü yaşayıram, ətrafım geniş olsa da, bəzən oyma sənətinə ayırdığım vaxt elə tez keçir ki, heç özüm də fərqinə varmıram, sonda görürəm ki, artıq bir neçə saat içində istədiyim məhsulları əldə etmişəm. Hobbimi adi taxt parçaları üzərində qurmuşam, siz yəqin ki, küçədə ayağınıza sataşan taxta parçasını təpiklə vurub qırağa atmış olardınız, lakin mən onlara sənət əsərim və ideyam üçün perspektiv xammal gözüylə baxıram. Bu normal haldır, şairlər qələm kağıza, rəssamlar boş lövhəyə, bəstəkarlar təbiətə neçə baxırlarsa, mən də adi taxta parçasına eyni tərzdə yanaşıram”. Bu sahədə qısa müddət ərzində bir çox uğurlara əl atan Asif Qasımovun idman yaradıcılığı barədə isə bir azdan danışacağıq.


"Hər bir əlilin dəstəyə ehtiyacı var”

Açıq danışım, əgər sizə müsahibə üçün vaxt ayırmışamsa, buna sevinməlisiniz, çünki mənim elə bir gün olmur ki, boş vaxtım olsun. Daim fəaliyyətdəyəm. Digər tərəfdən isə dostlarım heç vaxt məni tək qoymur, hər zaman onları yanımda hiss etmişəm. Avtomobil də idarə edə bilirəm və bu mənim istənilən an istənilən məkana və ya tədbirə getməyimə yardımçı olur. Allah insana hər şeyi nəsib edə bilər, əgər o bunu istəyirsə...”

Az da olsa bu insanın şəxsi və peşə keyfiyyətlərinə bələd olmağım məndə yaratdığı əsas qənaət odur ki, bu qədər stimul və maraq bir vətəndaş kimi məni çox təəccübləndirdi. Bəli, Asif bax həmin adamdır, nəinki pessimistliyə qapılan əngəlli insanlara, hətta sağlam yeriyə, görə və eşidə bilən insanlara da əsl örnək və nümunədir. Həqiqi sözümdür, mən təəccüb içində ayrıldım o məkandan. Qəhrəmanımızın dediyi kimi, insan gərək istəyə...

"Ölkəmizi Fransada, İtaliyada və bir sıra Avropa ölkələrində təmsil etmişəm”.

Deyir bu medallar yanmaqdan xilas olanlarıdır. Bəlkə də bunların 2-3 qatı qədər keçmiş uğurlarım alova qərq oldu. İndi düşünəndə nə qədər o dövrün tərcümeyi-halını vərəqləsəm də ancaq bununla barışıram və inanıram ki, gələcəkdə daha artıq nailiyyətlərimə imza atacam. Buna fərdi təşəbbüsüm və əzmim əsas verir”.


Paralimpiyaçımız birinci Avropa Oyunları ərəfəsində Milanda keçirilən avarçəkmə oyunlarında ölkəmizə gətirdiyi medalı bizə təqdim edir. Onun üçün nəyəsə nail olmaq nə qədər çətindirsə, bunun üçün çətinliyi məğlub etməli olduğunu və nəticədə əlində medal və ya çoxdandır eskizini çizdiyi bir oyma məhsulunu tutmuş olursan - Asifin həyat fəlsəfəsində gəlib keçmiş kadrlara tamaşa elədik. Əsas olan səni sevənlərin olduğuna inanmaq və onların səni daima dəstəklədiyini görməkdir – Müsahibimiz əlavə etdi.

"Polis mayoru mənə dedi ki...”

-Cəmiyyətdə əlillərin mövqeyini necə dəyərləndirirsən?

-Əvvəlki illərə nisbətən əlillər üçün yaradılan şəraitin qənaətbəxş olduğunu deyə bilərəm. İctimai nəqliyyatda və digər mühitlərdə xüsusilə bu ilki "Formula-1” yarışları ərəfəsində mövcud şəraitin daha inkişaf etdiyini gördüm. İnanıram ki, gələcəkdəki illərdə daha artıq qayğını görəcəyik. Çünki dediyiniz kimi say çox olsa da, görsənməmək göstərilən şəraitlərlə bağlıdır. Bəzən bir əlil arabasında yuxarı mərtəbədən aşağı enmək və ya nəqliyyata minmək halları bir sıra problemlər yaradır. Digər səbəb isə əngəlli insanların cəmiyyətə qarşı fobiyasının yaranmasıdır. Adı sağlam vətəndaş bunu görməyə öyrəncəli deyil, lakin əlillərin əslində onlardan heç də fərqlənmədiklərini dərk etmələri və cəmiyyət arasında rahat şəkildə immitasiya olmaları onlara qarşı öyrəncəlik yaradır. O fikirlə razıyam ki, bu məsələdə əlillərdən də çox şey asılıdır. Ancaq başda bizim üçün yaradılacaq şəraitin səviyyəsi dayanır”.


Müsahibimiz daha sonra təəssüfkeşliklə onu da qeyd etdi ki, onun üçün evdən kənara çıxmaq bəzən hər hansı problem yaradır:

Bir dəfə övladımın ad günün qeyd etmək üçün öz avtomobilimlə şadlıq evlərindən birinə yollandım. Avtomobilimi qadağan olunmuş yerdə saxlamağa məcbur oldum. Araba ilə hərəkət etdiyim üçün həmin ərazidə saxlamalı idim. Bir polis mayoru mənə yaxınlaşanda ona məsələnin nə yerdə olduğunu izah elədim, lakin cavabında polis mayoru mənə dedi ki, əlil adam gəlib restoran danışmaz. Təbiətimdə sakit bir insanam, adətən hirsimi gülərək cilovlayıram. Doğrudur, qanun çərçivəsində baxsaq həmin polis haqlıdır, lakin mən ondan daha haqlıyam. Mayorun mənə o sözü deməsi hər şeydən öncə bir insan kimi təsirsiz ötüşmədi. Hər kəs öz vicdanını və insanlığını nümayiş etdirir. İstər restoranın önü olsun, istər başqa bir məkan hər bir yer ən vacibi bir sınaq meydanıdır. Orada məğlub da ola bilərsən, qalib də lakin sənin bunlardan xəbərin olur...”



Sonda fiziki qüsurlu insanlara tövsiyələr verməyi də unutmayan Asif Qasımov söylədi ki, həyatdan asan addımlar gözləməsinlər, hər zaman çətinliklər olur və bir gün görürsünüz ki, onlar sizin qarşınızda maneə olaraq deyil, ayağınızın altında "bir pillə”dir..

Adalet.az Asif Qasımovn əl işlərini və uğurlarını təqdim edir:






Rüfət SOLTAN