BU ŞƏKİL ONA BƏNZƏYİR

VAQİF YUSİFLİ
44533 | 2016-06-18 09:48
Bu gecənin gözlərindən
Gözlərim imdad gözləmir.
Çoxdan çəkilib, ya nədir
Bu şəkil mənə bənzəmir.

Söz soruşdum danışmadı,
Küsmüşdümü, barışmadı.
Dərd alıb, qəm bölüşmədi,
Bu şəkil mənə bənzəmir.

Yol verin, qoy çıxıb getsin,
Özgə səmtə axıb getsin.
Aynadımı baxıb getsin
Bu şəkil mənə bənzəmir.

Soyuyubdu, buz kimidi,
Külə dönmüş köz kimidi.
Baxıb görmür, görüb baxır,
Nə ölü, nə də dirildi -
Bu şəkil mənə bənzəmir.

Bu şeirin müəllifi Şahnaz Nəsirovadır - iki şeir kitabının müəllifi - Sabirabadda yaşayır və Yazıçılar Birliyinin üzvüdür.
Həmin şeir "Yad şəkillər" silsiləsindəndir. Təbii ki, hər şəkil insan ona baxandan sonra "bu mənə bənzəmir" təəssüratı yarada bilər. Şəkil-foto insanın bir anının əksidir və insanın içindəki duyğuların, özünə baxışının eyni ola bilməz. Amma Şahnaz xanımın şeirlərini oxuyandan sonra "bu şeirlər onun özüdür, ona bənzəyir, tam Odur" təəssüratı yarandı. Yəni özünün şəklini şeirlərində yaradıb.
Qaynar ədəbi mühitdən uzaq olan bu xanım yazarın şeirləri onu qətiyyən "əyalət şairi"nə oxşatmır, əsas odu ki, şeirləri istedad bəhrəsidir, xüsusilə dil baxımından heç bir etiraz doğurmur, hiss olunur ki, o, dilimizi mükəmməl bilir və şeirlərində də bu dilin gözəlliklərini əks etdirməyə can atır.

Nə bircə sirrini anlaya bildim,
Nə də bir dərdinin çarası oldum.
Qoca köhləninin yalını tutub,
Gəldim bu dünyaya, baxdım, qayıtdım.

Böyük aynasında kölgəmi gördüm,
Rəngarəng, sehrli Aləmi gördüm.
Çalışdım, vuruşdum, yurd-yuva qurdum,
Gəldim bu dünyaya baxdım, qayıtdım.
Dərd verdi dərdimə, dərman vermədi,
Ömründə bir doğru fərman vermədi.
Səhvini deməyə aman vermədi
Gəldim bu dünyaya, baxdım, qayıtdım.

Əvvəli, axırı bir əbədi köç,
Mən belə bilsəydim gələrdimmi heç.
Həyatı duyanda gec oldu, çox gec,
Gəldim bu dünyaya, baxdım, qayıtdım.

Dünya və onun faniliyi haqda çox şeirlər yazılıb (Ustad şairlər-S.Vurğunun və Şəhriyarın "Dünya" rədifli şeirləri bu mövzuda son zirvədi!), Şahnaz xanımın şeiri də o mövzunun davamıdır, həmin fikri təkrar edir, amma təqlid deyil, özünəməxsus şəkildə ifadəsidir. Bu şeir həm də dilin necə poetik imkanlara malik olduğunu sübut edir.
Şahnaz xanımın şeirlərində bir qadın dünyası əks olunur: sevincləri, kədəri, Vətən məhəbbəti, torpağa bağlılığı, həyatsevərliyi, sevgisi, təbiətə məftunluğu ilə. Öz qadın dünyasından böyük Dünyaya seyirçi yox, narahat bir baxışla boylanır.
Şeirlərində qoşma, gəraylı formalarına daha çox müraciət edir. "Köhnə havalarda" təzə söz deməyə çalışır. Qoşmanın bir variantı var - hər bəndin sonuncu misrası təkrar olunur və Şahnaz xanımın əksər qoşmaları bu ölçüdədir. Gəraylıda da elə. Yaxşı olar ki, klassik qoşma ölçüsünə daha çox meyl etsin. Aşağıdakı qoşma kimi:

Təbiətin indi gəlin fəslidi,
Bu ürəyə bir parça yaz gətir gəl.
Mən yazdığım son məktubu, əzizim,
Götür bir də oxu sətir-sətir, gəl.

Çəkdiyin ah dağa, daşa yem olsun,
Baxışlarda səadətdən nəm olsun.
Aralıqda nə həsrət, nə qəm olsun,
Ayrılığı yolda, rizdə itir gəl.

Bildinmi ki, bu can nədən sıxıldı,
Pozulubdu günün, ayın sığalı.
Başladığın o yarımçıq nağılı
Qayıt danış vüsal üstə bitir gəl.

Hər qəlbin öz sevgi nağılı olur. Və bu nağılların çoxu qəmlidir. O nağıllarda ağ atlı oğlanlar, igidlər olmur, çünki onlar sevdiklərinin ürəyini qırıblar, bir ayrılıq səddi çəkiblər ortaya. Sevənlərin isə gözü yoldadır, o sədd uçulacaqmı? Çəting Çünki o sevgiyə qar yağır.
Yollar aparır məni,
Ayrılıq var qarşıda.
Sən sevgi yaşındasan,
Mənsə həsrət yaşında.

Nağılların sonu bitməz olur. Çünki nağıllar yaddaşda yaşayır və insan ömrünün sonunacan o nağıllara uşaq kimi inanır. Sevgi də belədir. Sevən qəlb üçün "bitdi" sözü yoxdur. Gah deyir ki: "Geri dönməsə də ömrün baharı, Mən hər gün təzədən sevirəm səni", gah şikayətlənir, gileyi dərdə dönür: "Könül evimi uçurub Qərarımı kəsib getdi", gah ümidlə deyir ki: "Ayrılığı sansa asan, Mənə əlvida söyləmə", gah qəti qərara gəlmiş kimi söyləyir: "Səndən özgəsinin olmayacağam, Bir gün gedəcəyəm ömründən sənin", gah da son təsəllisi bu olur ki: "Gecənin yaxasından, Nur kimi keçəcəyəm. Hər gün yolumu salıb, Könlündən keçəcəyəm". Deməli, nağıl bitmir. "Görüşdürməz tale bizi" desə də, ayrılıq fizikidir, mənəvi deyil.Amma sevgiyə münasibəti təkcə şəxsi, subyektiv duyğular prizmasından deyil, həm də fikir, düşüncə axınından keçir.
Tükənməz Tanrının sirr xəzinəsi,
Böyükdü hikməti, dürr xəzinəsi,
Demə öldü daha eşq zəmanəsi,
Mənim savabım da, suçum da sevgi.
Təbii ki, sevgi şeirləri yaşanılan hisslərin ifadəsidir.
Şahnaz xanımın şeirlərində "Mən və Dünya" ixtilatnı xüsusi vurğulamalıyıq.
İnsan bu böyük dünyada özünü dərk etmək üçün dünyaya üz tutur, kimliyini dərk edəndən sonra, keçdiyi ömür yolunu boylanır. Baxıb görür ki, həyatında arzu elədiklərinin çoxu reallaşmayıb və ona elə gəlir ki: "Mən bu dünyanı bəyəndim, Dünya məni bəyənmədi". Görəsən, niyə? Niyə "Çıxıb getmək istəyirəm", niyə "Sən deyən o qismət məndən uzaqdı", niyə "açılmadı kor düyünlər". Məncə, hər ürəyin öz sirri, öz bilməcəsi var və Şahnaz xanımın şeirlərindəki hədsiz nigarançılıq məhz özünün həyat yanğısından doğur, yaşamaq yanğısı olmasa, kədər də olmaz, giley-güzar da. Bu mənada onun "Səhrada tək ağacam" şeiri bütün suallarına cavab kimi səslənir:

Səhrada tək ağacam,
Bir Tanrıdır pənahım.
Zülmət cecədən keçib
Gəlir mənim sabahım.

Küləklərlə danışır,
Quşlarla dərdləşirəm.
Kədərimdən güc alıb,
Daha mətinləşirəm.

Bəli, insan kədərdən də güc almalıdı!.. Şahnaz xanımın şeirlərindəki kədər mənəvi kədərdir, pataloji yox. Çünki bu çəkilən ahların, intizar saatlarının sonu zülmətə gedib çıxmır, işığa tələsir. İşığa tələsməsəydi, deməzdi ki: "Yol çəkən gözlərimi, Yollardan yığacağam. Tanrının bir xoş günü, Gözlə, qayıdacağam". Onun şeirlərində tənhalığın acı qoxuları da hiss olunur, bu tənhalığa üsyankar bir vida da. Qadın qəlbinin gizlinləri çox olur, amma qadınlar bu gizlinləri faş eləməkdən çəkinmirlər. Şahnaz xanımın şeirləri də gizlinlərin poeziyada açılışıdır. Və biz onun səmimi etiraflarına inanmaya bilmirik.
Onun anasına həsr etdiyi şeirləri həyəcansız oxumaq olmur. Nə dərdi varsa, anasına söyləmiş. "Anam, sənin ağuşuna Uzun yollar yorub gəlləm. Qan qırmızı gözlərinlə O dünyanı görüb gəlləm". İthaf şeirlirinin bir çoxunda havasızlıq hiss edilsə də, bəzisi səmimiyyətdən uzaq deyil.
Sabirabadda iki gözəl, istedadlı şairə var - Nisəbəyim və Nubar. Onların hər ikisi haqqında yazılar yazmışam. Nisəbəyimə yazır ki: "Səni səndə aradım, Səni özündə tapdım. Yer üzünə hay saldım Göyün üzündə tapdım". Nisəbəyim doğrudan da, həm Yer üzünün, həm də Göy üzünün şairidir. Nubara yazır ki: "Tanrım söz havasıyla Səni çoxdan yandırıb". Çox təəssüf ki, Nubar bir müddət mətbuatdan uzaq düşdü, sıxıntıları olmasaydı, indi qadın yazarlar arasında liderlik edirdi.
Şahnaz xanımın "Mən hər gün təzədən sevirəm səni" adlı bir şeiri var. Sırf sevgi şeiridi. Qoy olsun ki: "Geri dönməsə də ömrün baharı, Mən hər gün təzədən sevirəm səni". Şahnaz xanımın təkcə sevgiyə yox, poeziyaya münasibətini də belə görmək istərdim. Çünki, mənim fikrimcə, POEZİYA sevgidən də ucadı...

TƏQVİM / ARXİV