adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Uşaqlar üçün dəyərli kitab

18139 | 2016-06-18 09:24
(İlham İlhaminin uşaq şeirləri haqqında)



Xalq yazıçısı Elçin "Azərbaycan uşaq ədəbiyyatı" məqaləsində yazır: "Zaqreb Simpoziumunda Rumun yazıçısı Tiberd Utaq bir hadisə danışdı. Mənim dostumun qızı televiziya ilə göstərilən olimpiya oyunlarına baxırdı. Gimnast Konsilyaçinin çıxışından sonra qız atasına dedi: "Ata, bu qız gözəl quş ola bilərdig" Elçin elə oradaca haqlı olaraq qeyd edir ki, məncə, bu gözəl misaldır. Bu kiçik və işıqlı bənzətmə bir daha sübut edir ki, xüsusən "uşaq ədəbiyyatının estetik simasından çox şey asılıdır".
Belə bir fakt o zaman yadıma düşdü ki, tanınmış şair İlham İlhaminin uşaq şeirlərini oxuyurdum, oxuduğum uşaq şeirlərinin bədii estetikası və bənzərsizliyi uzun illər yaddaşımın bir küncündə ilişib qalmış davalı uşaqlıq günlərimi yadıma saldı. Əgər bir şeir və ya hər hansı bir ədəbiyyat detalı nələrisə yada sala bilirsə, deməli, həmin həqiqət özündə çox şeyləri ehtiva edir.
Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasi məsələləri şöbəsinin müdiri Fatma xanım Abdullazadə müasir uşaq ədəbiyyatımız haqqında dəyərli tənqidi fikirlər söylədi və hesab edirəm ki, bu gün İlham İlhaminin yeni şeirləri həmin qurultaydan sonra müasir uşaq şeirimizn uğurlu bir addımıdır.
Etiraf etməliyik ki, uşaq şeiri yazmaq çox çətindir. Belinski deyirdi ki, uşaq şeiri yazmaq üçün uşaq şairi olmaq lazımdı. Vaxtı ilə uşaq olmaq çətindir deyən tənqidçi Allo Marçenko ilə mübahisə edən S.Mixaylov, M. Trilyayeva və L.Razqon birlikdə məqalə yazaraq deyirdilər ki, Allo Marçenko ilə razılaşmaq olmaz. Uşaq olmaq, xoşbəxt olmaq, şən olmaq, şirin olmaq deməkdir.
Xalq yazıçısı Elçin üçlüyün arqumentlərinə qarşı öz haqlı sualını qoyur: "Məgər uşaq çətinliyi məfhumunun özündə uşaq xoşbəxtliyi yoxdurmu? Bəli, uşaq xoşbəxt olmaqla, şən olmaqla, şirin olmaqla bərabər, həm də çətindir".
Yenə də Elçinin haqlı sözü: "Uşaqlar üçün yazmaq da çətindir" və Elçinin haqlı nəticəsi: "Lakin bədii çətinlik olmayan yerdə bədii qələbə də yoxdur".
İlham İlhaminin uşaq şeirləri müəyyən bədii çətinlikdən sonra özündə uşaq xoşbəxtliyini əks etdirir, bədii əzabın, çətinliyin sahəsində yaranın xoşbəxtliyin həm dadı başqadır, həm də uşaqların özü qədər ömrü şirin və uzun olur.
İlham İlhaminin uşaq şeirləriin əhatə etdiyi bilik dairəsi genişdir. Bu şeirlərin orta məktəbdə tədrisi uşaqların dünya görüşünə böyük təsir edə bilər. Onlar sosial həyat, elm, təbiət və digər sahələrlə bağlı biliklər əldə etməsinə əyani vasitə kimi köməklik göstərər. Çünki Elham İlhaminin şeirlərinin həm adları, həm də bəhs etdiyi məsələlər müəyyən elm sahəsi ilə bağlıdır. Bu şeirlərdə həm uşaqlarda rabitəli nitqin inkişafı, dil qabiliyyətinin formalaşması, həm də obrazlı təfəkkürün yaranması üçün lazımı detallar var. "Su" şeirinə diqqət edək.

Buludlara qovuşmaq
İdi, onun arzusu,
Buxar oldu, havaya
Yer üzündən uçdu su.

Qovuşdu buludlara,
Yenə çevrildi suya,
Yağış oldu, çiləndi
Çöl-çəmənə, quruya...

Bu şeirdə təbiətin su dövriyyəsi inandırıcı misralarla göstərilir, təbiət hadisəsi uşaqlara çox asanlıqla sadə və aydın dildə öyrədilir. İlham İlhaminin uşaq şeirləinin adlarına fikir verin: "Cırcırama", "Yarasa", "Kirpi", "Narınc xoruz", "Sərçə və kəpənək", "Qarışqa və fil", "Avtobusam mən", "Kalkulyator adımdır...", "Kompüterəm...", "Tozsoran", "Dəmirağac taxtası və taxtaqurdu", "Palıdağac", "Dəmirağac", "Sərv ağacı", "Gəmi, okean və insan", "Akula", "Delfin", "Qurbağa", "İlan", "Qaranquş", "Bülbül", "Tülkü", "Fil", "Canavar", "Bəbir", "Pələng", "Zürafə", "Kaftar", "Keçi" və bu kimi adlar öz-özlüyündə kiçik yaşlı oxucular üçün müəyyən bilgilər verir. Şeirin qəhrəmanlarının əlamət və xüsusiyyətləri bədii lövhələrlə uşaqlara çatdırılır. Onlarda oxu və yazı vərdişləri yaradır. "Kompüterem" şeirində balaca oxucular bu elmi ixtiranın özəlliyini, texniki imkanlarını daha yaxşı əxz edirlər. Heyvanlar haqqında şeirlər uşaqlarda təbiətə, ətraf aləmə sevgi, mərhəmət, təbiəti qorumaq hisslərini formalaşdırır. Heyvanların bioloji xüsusiyyətlərini şeirdə verməklə şair onları uşaqlara yaxınlaşdırır, tanış edir.

Bir dəni çəkişdirdi,
Üçmü, ya dörd qarışqa,
Üçü üzüldü yerdən,
Yerdə birindən başqa.

Dən - üstdə üç qarışqa
Qaldırdı başı üstə,
Yerdə duran qarışqa
Yeridi asta-asta.

(Üç və bir qarışqa)

Bu şeir yanıltmacdır. Həm qarışqaların zəhmətsevərliyi, hm də maraqlı vərdişləri verilir, həm də uşaqlarının dilinin inkişafına müsbət təsir göstərir. Başqa bir şeirdə:

Cavid alma ağacından
Almaları beş-beş dərdi,
Sonra da ki, almaları
Beş uşağa beş-beş verdi.

Diqqət etdi, gördü Cavid,
Bu ağacda budaq beşdi,
Hər budaqda alma beşdi,
Düşündü, "qəribə işdi"!

Deyin görək ay uşaqlar,
Soruşsalar əgər, işdi -
Cavidgilin ağacında
Neçə alma yetişmişdi?

(Neçə alma yetişmişdi)

Bu şeir isə yanıltmac - hesablamadır. Uşaqlarının həm dilinin təkmilləşməsi, həm də yaddaşının möhkəmlənməsi üçün əvəzsiz şeirdir. İlham İlhaminin uşaq şeirləri əsl tədris kitabıdır. Bu tədris kitabı metodika, pedoqoji nöqteyi-nəzərdən çox böyük ustalıqla müxtəlif istiqamətlərdən; yanaşma, anlaşma, öyrənmə, elmi mənbə, təhlükəsizlik, dil, hiss və duyğu baxımından uşaqlara öyrədilə bilər. Bu şeirlərdən uşaqlar riyaziyyatı mənimsəyər, beləliklə, onların riyazi təfəkkürü bədii təfəkkürü ilə paralel inkişaf edir. Aşağıdakı şeirə baxaq.

Bir toyuqla on beş bala
Eşələnir kol dibində,
Peyinliyə yaxın yerdə,
Cavidgilin həyətində.

İki toyuq, beş-beş bala
Eşələnir kol dibində,
Peyinliyə yaxın yerdə,
Cavadgilin həyətində.

Toyuq orda, toyuq burda,
Cücə orda, cücə burda,
Yeri qazır, peyin eşir,
Çatmaq üçün peyinqurda.

Cavidgillə Cavadgilin
Cücələri nə qədərdir?
Toyuqlarla birgə onlar
Hansı saya bərabərdir?

(Hansı saya bərabərdir? Yanıltmac-hesablama)

Bu şeir bədii dillə verilmiş riyazi məsələdir. Ona görə də İlham İlhaminin şeirləri özündən əvvəl yazıb yaradan və hal -hazırda müasiri olan uşaq şairlərinin yaradıcılığından tamamilə fərqlənir. Belə stil, üslub, elmi təhlil, aydın dil, yumşaq təhkiyə müasir uşaq şeirimizi daha da dərinləşdirir. Dərslik tərtib edənlər belə vacib nüanslarıa diqqət yetirməlidilər. Böyüklər üçün şeir yazmaq uşaqlar üçün yazmaqdan daha asandır. Ona görə ki, artıq sən özünü yazırsan. Uşaq üçün yazanda gərək uşaq ola biləsən, daha doğrusu, uşaq olmağı bacarasan. Heç olmasa içində uşaqlığında bir parça təmiz hissləri qoruyub saxlaya biləsən.
Qəribədir ki, İlham İlhaminin əksər şeirləri suallar üzərində qurulub. Bu, çox dəqiq bir başlanğıcdır. Çünki uşaqların həyata, təbiətə, ətraf aləmə baxışları suallarla zillənib. Şeirdəki kimi:

Səmid Səidi
Çəkdi suala,
Səid Səmidi
Çəkdi suala.

Səid də cavab
Verdi Səmidə,
Səmid də cavab
Verdi Səidə.

Siz də düşünün
Əziz uşaqlar,
Bu suallara
Tapın cavablar:

Bir kişinin iki oğlu,
Hər oğulun iki oğlu,
Varsa, deyin nəvələrin
Neçə olur sayı doğru?

O, kəsin ki, atası var,
Atasının atası var,
Babasının atası var -
O, kəs necə adlanar?

(İki sual. Hesablı yanıltmac)

İlham İlhaminin mənə təqdim etdiyi uşaq şeirləri əsasən təmsil, təmsil-nağıl, yanıltmac, yanıltmac-hesablama, hesablı yanıltmac, tapmacalı-yanıltmac, hesablı yanıltma, hesablı şeir, yanıtmalı hesablama, yanıltmaclı sual, hesablı-tapmaca və monoloqlardan (avtobusun, kompüterin, kalkulyatorun, velosipedin, qatarın, tozsoranın monoloqları) ibarətdir. Tərkibində elm, ifadəsində musiqi və dil dayanan bu şeirlər nəinki uşaqlar üçün, həm də böyük oxucular üçün əhəmiyyət daşıyır. İlham İlhamı bütün şeirlərində vətəni, torpağı, insanları sevməyə səsləyir.
Baxın, şair Zürafəni necə təqdim edir?

Zürafənin boyuna bax -
Başı buluda dəyir.
Ağacın təpəsindən
Yarpaq qoparır, yeyir.

Onun dərisi xal-xal,
Geyinibdir al-əlvan,
Hamıya üstdən baxır,
Qəribədir bu heyvan.

(Zürafə)
Uşaq ədəbiyyatında həmişə mübahisə doğuran bir məsələ var; bəzən uşaq yazarları və dərslik tərtib edənlər uşaq şeiri ilə, uşaqlar haqqında yazılan şeiri dəyişik salırlar. Uşaqlar haqqında yazılan şeiri uşaq şeiri hesab edirlər. Mən İlham İlhaminuin şeirlərini əsl uşaq düşüncələrindən və uşaq heyrətindən yaranan şeirlər kimi oxudum, və ümid edirəm ki, bu şeirlər müasir uşaq ədəbiyyatımızda yeni bir xətdir. Onun bütün uşaq şeirləri uşaq heyrətinin cavabıdır. Uşaq valideyndən soruşa bilər ki, niyə suya şəlalə deyirlər?

Çay axdı, axdı, axdı,
Dərin dərəyə aşdı,
Köpükləndi suları
Coşdu, qaynadı, daşdı.

Maraqlı bir mənzərə
Gəldi orda əmələ,
Çay tökülən dərəyə
Ad qoydular - "şəlalə"...

(Şəlalə)

Şairin nar haqqında yazdığı şeir uşaqlara vacib bir bilgini verir. Aydın və sadə bir dildə yazılmış bu şeir nardan qaçaq uşaqların iştahasını artırır.

Turşaşirin dadlı gilə
Düzülübdür nizam ilə
Nar içində gilə-gilə
Ağzınızdan su axacaq
Bu gilələr dəysə dilə.
İç qırmızı, çölü sarı
Bağ-bağçanın varı, barı
Sağlam edər uşaqları
Qan artırar yesən narı.

(Nar)

İlham İlhami təkcə uşaqlar üçün yazmır. Onun böyüklər üçün çox maraqlı şeir kitabları var. İstər uşaqlar, istərsə də böyüklər üçün dəyərli şeirlər yazan İlham İlhaminin yaradıcılığının mayasında dayanan üç vacib şərt var. İstedad, halallıq və zəhmət.
Onun uşaq şeirlərində göz qamaşdıran, şişirdilmiş, saxta yalançı uşaq obrazları yoxdur. Onun obrazları həyatsevər, dünyaya heyrətlə baxan, daim öyrənməyə can atan, vətəni, təbiəti, heyvanları sevən və qoruyan təmiz qəlbli uşaqlardır. Bu uşaq şeirləri M.Ə. Sabir, A. Şair, İlyas Tapdıq, Xanımana Əlibəyli, Zahid Xəlil şeirinin yeni quruluşda və yeni üslubda davamıdır. İnanıram ki, haqqında yazdığım bu uşaq şeirləri gələcəyimiz olan gül balalarımızın stolüstü kitabı olacaq.

TƏQVİM / ARXİV