Uğur onun qismətidir

ETİBAR CƏBRAYILOĞLU
55444 | 2016-06-18 01:45
"Sən yalnız çalış, sevinc özü gələcək". Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin keçdiyi ömür yoluna baxanda, yaradıcılığını izləyəndə, məhrəm insan kimi münasibət quranda həmişə elə düşünmüşəm ki, alman filosoflarından biri bu dəyərli fikri bəlkə də məhz onun haqqında deyib.
60 illik yubileyini qeyd etməyə hazırlaşan Əliqismət Lalayev bu illər ərzində rejissor, aktyor, nazirliyin baş idarə rəisi, teatr direktoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi həmişə sevdiyi işlə məşğul olub. Hansı vəzifədə çalışmasından asılı olmayaraq öhdəsinə düşən işi sevə-sevə görüb, təcrübəsini, biliyini, enerjisini əsirgəməyib, bu üstünlüklərinə görə də fərqlənməyi bacarıb. Sevinc və uğur məhz belə insanların qisməti olur...

Rejissor

60 il öncə Salyanda dünyaya gələn Əliqismət Lalayev işinə sevgi ilə yanaşmağı, başqalarından fərqlənmək bacarığını sözsüz ki, atası Hümmət Mədət oğlundan öyrənib. Rayonda sayılıb-seçilən, hörmət sahibi olan Hümmət kişi müxtəlif vəzifələrdə çalışanda tez-tez onun iş metodunu və təcrübəsini Azərbaycanın digər bölgələrindəki həmkarlarına nümunə göstəriblər.
İncəsənət İnstitutunda Rza Təhmasib, Mehdi Məmmədov kimi görkəmli sənətkar və pedaqoqlardan dərs aldığı illərdə, rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib sənətdə ilk addımlarını atmağa başlayanda Əliqismət Lalayev də atası kimi artıq digərlərinə nümunə olmağı bacarıb.
İnstitutun Tədris Teatrında hazırladığı diplom işi gənc rejissorun uğuru kimi qiymətləndirilib. Amerika dramaturqu Tennisi Uilyamsın "Sökülən yurd" pyesinə verdiyi quruluş sözün yaxşı mənasında səs-küy yarada bilib.
İstedadlı rejissorun uğurları Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində də davam edib. Onun hazırladığı tamaşalar haqqında həm Muxtar Respublikada, həm də paytaxt Bakıda yazılar, rəylər, resenziyalar dərc edilib. Əliqismət Lalayevin o zaman rejissor kimi quruluş verdiyi Eduardo de Filipponun "Silindr", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Con Qolsuorsinin "Birincilər və sonuncular", Anatoli Dudarevin "Astana", Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran", Loğman Rəşidzadənin "Toya bir gün və bir günorta qalmış", Hidayətin "Qınamayın məni" tamaşalarının adı bu gün də Naxçıvan Teatrının ən maraqlı yaradıcılıq işləri sırasında çəkilir, xatırlanır.

Aktyor

İstedadlı rejissor kimi özünü sübut edən Əliqismət Lalayevin yaradıcılıq taleyinə aktyor kimi bir-birindən maraqlı obrazlar yaratmaq xoşbəxtliyi də yazılıb. O, bu işi də sevə-sevə, fərqlənməyi bacararaq görüb. Təsadüfi deyil ki, Naxçıvan səhnəsində qoyulan Sofoklun "Elektra" tamaşasındakı Orest rolu barədə teatr tənqidçiləri, mətbuat nümayəndələri müsbət rəylər söyləyib, xoş sözlər yazıblar.
Böyük Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin obrazını səhnədə ilk dəfə canlandırmaq da bu yazıya qəhrəman seçdiyimiz insana nəsib olub. Əliqismət Lalayev "Mənim Tanrım gözəllikdir, sevgidir" tamaşasında Hüseyn Cavid rolunu yaradıb.
Naxçıvan tamaşaçıları Novruz Nehrəmlinin "Qəmli günlər" əsərinin tamaşasında isə Əliqismət Lalayevi Abbas Səhhət rolunda görüb və alqışlayıblar.

Baş idarə rəisi

60 illik yubileyi ilə bağlı təbrikləri qəbul etməyə hazırlaşan Əliqismət Lalayev ömrünün təxminən 11 ilini yüksək ranqlı məmur olaraq keçirib. Mədəniyyət Nazirliyinin İncəsənət Baş idarəsinin rəisi kimi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Bu məsul işinə də sevərək yanaşması, yaradıcı münasibəti onu fərqləndirib. İrandan Norveçə, Avstriyadan Birləşmiş Ərəb Əmirliklərinə qədər bir çox ölkələrdə Azərbaycanın zəngin tarixə malik mədəniyyətinin və incəsənətinin təbliğ olunmasında birbaşa iştirak edib. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə bu qurumda şöbə müdiri kimi çalışıb. Eyni şövqlə, eyni istəklə. Əliqismət Lalayevin nazirlikdəki geniş həcmli fəaliyyəti özü ayrıca bir yazının mövzusu ola bilər...

Teatr direktoru

Bugünkü yubilyarımıza 2008-ci ildən növbəti bir məsul vəzifə etibar olunub. Şərəfli tarixi və özünəməxsus yaradıcılıq yolu olan, böyük kollektivə malik Dövlət Musiqili Komediya Teatrı Əliqismət Lalayev kimi bacarıqlı və səmimi direktor qazanıb.
55 iliyi ərəfəsində Əliqismət müəllimlə qəzetimiz üçün hazırladığım müsahibəni xatırlayıram. Gələcək arzuları ilə bağlı danışan müsahibim Musiqili Komediya Teatrını yeni bir modeldə, təzə bir formada görmək istədiyi demişdi. Qismətinə uğur yazılan insan cəmi bir neçə ildən sonra bu arzusuna da çatdı. Bu gün rəhbərlik etdiyi kollektiv Dövlət Musiqili Teatrı kimi tanınır. Təkcə ad dəyişməyib, teatrın formatı dəyişib, yaradıcılıq imkanları daha da genişlənib, nüfuzu yüksəlib, teatr müəssisələri arasında yeri, sanbalı artıb. Dövlət Musiqili Teatrı qısa müddətdə yeni və maraqlı tamaşalar hazırlamaqla zəngin repertuar qurmağa nail olub, müxtəlif beynəlxalq layihələr reallaşdırır, festivallarda uğurla çıxış edir. Son illər kollektivin hazırladığı iki tamaşa Mədəniyyət və Turizm Nazirliyinin nüfuzlu "Zirvə" mükafatını qazanıb. Teatrın 10-dan çox aktyoru fəxri adlara, ordenə, təqaüd və mükafatlara layiq görülüb.
Səmimi və işgüzar mühit yarandığından Dövlət Musiqili Teatrının adı mətbuatda və ictimaiyyətdə ancaq yaradıcılıq işləri ilə bağlı çəkilir. Etiraf edək ki, indiki mürəkkəb durumda bunun özü heç də adi məsələ deyil. Əliqismət Lalayevin sevdiyi işə sevə-sevə yanaşması, fərqli və yaradıcı münasibəti burda da özünü göstərir.
Yaxın günlərdə Əliqismət müəllimin 60 yaşı tamam olur. Azərbaycan, onun mədəniyyəti və incəsənəti naminə görülən mühüm işlərə həsr edilən və xeyirxahlıqla dolu ömür isə hələ davam edir. Deməli qarşıda qazanılacaq nə qədər yeni uğur var...


TƏQVİM / ARXİV