adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SAĞALMAZ XƏSTƏLİYİN TARİXÇƏSİ

FƏRİDƏ RƏHİMLİ
61000 | 2016-06-18 00:24
"Sağlamliq hər şey deyil, amma o olmayanda hər şey heç nədir! - deyirdi, qədim yunan filosofu Sokrat. Eradan əvvəl beş yüzüncü illərdə deyilmiş bu sözləri xatırladıqca, yaranışın hər mərhələsində insan üçün ən dəyərli nüansın məhz sağlamlıq olduğunu bir daha özlüyündə təsdiq edirsən.
Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir.
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Dünən tibb işçilərinin peşə bayramı günü idi.
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Qədim Misir kahinləri həm də tibb elminə bələd idilər. Onlar fironların və əyanların meyitlərini mumiyalamaq üçün onların bədənini yarır və insan orqanizminin quruluşu ilə tanış olurdular. Arxeoloji qazıntılar zamanı tapılmış cərrahiyyə alətləri də bunu sübut edir. Qədim şumerlər, hindlilər, çinlilər və başqa xalqlara da tibbi biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn Sinanın tibb kitabları uzun illər boyu Avropa alimlərinin stolüstü kitabı olmuşdur. Ümumiyyətlə, Şərq təbabəti qədim zamanlardan insan sağlamlığının keşiyində durmaq missiyasını davam etdirir. Və bəzən Avropa həkimləri, alimləri uzun illərin təcrübələrindən sonra gəldikləri qənaətlərə baxarkən, Şərq təbabətinin illərlə istifadə etdiyi adi müalicə üsullarından birini "kəşf etdiklərini" görürlər.
İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olmaqla insanların sağlamlığının keşiyində duracaq səhiyyə işçisi yetişdirmək məqsədiylə minlərlə tələbə təhsil alır. Amma bu təhsili layiqincə alırlarmı, yaxud bu həkimlərə öz canımızı əmanət edə bilirikmi?
Uzun illərdən bəri həkimlərlə ünsiyyətə məcbur olan biri kimi bugünkü səhiyyəmiz haqqında fikirlərimi bildirmək istəyirəm. Peşə bayramları ərəfəsində təəssüf və əminliklə deyə bilərəm ki, bu məsələdə narazı insan tək mən deyiləm. Səhiyyəmizə inamsızlıq və ya qiymətlərin baha olması səbəbindən vətəndaşlarımızın xarici dövlətlərə üz tutması adi hala çevrilib.
İl boyu təkcə İran İslam Respublikasına müalicə üçün axışan
təxminən 800 min - 1 milyon insanı varsa, deməli bu ölkədəki səhiyyənin yaxşı vəziyyətdə olmasından söhbət gedə bilməz. Mən hələ Türkiyəyə, Almaniyaya, İsrailə və s. gedənləri demirəm.
Hər məsələdə yerli-yersiz ölkəni başqa ölkələrlə müqayisə etmək, onları özününkündən üstün tutmaq kimi "xəstəliyi" olanlar çoxdu, amma səhiyyə məsələsində acı həqiqətdir ki, yüzə yüzə haqlıdı insanlar.
Öz başıma gələnlər olmasa, bəlkə də bunlara inanmaq çətin olardı. Axı, hər il yüzlərlə tibb işçisi (bunların prezident təqaüdçüsü olanı, fərqlənmə, qırmızı diplomla filan bitirəni də olur) "istehsal edən" universitetlər onlara nə öyrədir ki, təcrübədə ortaya bir şey çıxara bilmirlər.
Həkimlərimizin "kəsməyə" marağı qarşısıalınmazdı. Sanki onlarda bir fikir yaranıb ki, cərrahsansa mütləq kəsməlisən!!!
Uzun illər ağrılardan qovrularaq yaşadım. Hər "yaxşı həkimdi" deyilənin qəbulunda oldum. Aralarında professoru da, müxtəlif elmi dərəcəlisi də, xarici ölkələrdə təcrübəsi olanı da vardı. Çox gülünc mənzərələrlə rastlaşdım o illər ərzində. Ən tanınmış klinikaların, xəstəxanaların ən məşhur həkimlərinin müayinəsindən keçdim. "Mütləq yoğun bağırsaq bütövlükdə kəsilib götürülməli, düz bağırsaq on ikibarmaq bağırsağa birləşməlidi (!) - deyənlər də oldu. Bir hissə kəsilməlidi deyənlər də, bir şeyin yoxdu, - deyənlər də... Ağrılarsa günü-gündən kəskinləşir, əlacsızlıqdan ağrının keçəcəyi üç-dörd günü ölüm hökmü kimi gözləyirdim. O sıxıntını, mən çəkənlərin şahidi olan və əllərindən bir şey gəlmədiyindən pərişan olan yaxınlarım yaxşı bilirdilər. Ona görə də eşitdikləri-bildikləri hər həkimlə üzləşməli olurdum. Ən yadımda qalan isə məşhur klinikanın qastrontologiya şöbəsinin "adlı-sanlı" müdirinin "düz bağırsağımı on ikibarmaq bağırsağa birləşdirmək" icadı - "Sabah gəl əməliyyata hazırlayaq" deyə, tələm-tələsik qərar verməsi və ordakı vicdanlı assisent xanımın xəlvətcə məni əməliyyatın yaxşı olmayan sonucları haqda məlumatlandırması oldu.
Bəziləri isə bu xəstəliyin yalnız İsraildə və yaxud Almaniyada müalicəsinin bəlkə mümkün olacağını söylədilər. Üzüntülərimi artıran əsas səbəb isə tanıdığım həkimlərin bir çoxunun - bu xəstəliyin müalicəsi yoxdur, ömrünün sonuna qədər bu əzablara dözməli olacaqsan - demələri idi.
Nəhayət, əzablarıma son qoyuldu. İyirmi iki il "təbiblərimizin, loğmanlarımızın" əndirəbadi ideyalarından sonra Türkiyəli fədakar dostların səhhətimlə maraqlanması ilə mən əsl loğman, həkim adının müqəddəsliyinə, Hippokrat andına sadiq, professor-doktor, qastrontologiya üzrə uzman Orhan Özgürlə tanış oldum. Onun sayəsində xəstəliyimlə birlikdə həyatdan küsməm, yaşam tərzimdəki ölgünlük, inamsızlıq, üzüntü də yox oldu. Uzun illərdən sonra ağrısız yaşamaq sevincini daddım. Həqiqətən də sağlamlıq yoxsa, hər şey heç nə olduğunu daha dərindən anladım...
Məni həyata qaytaran, yaşama həvəsləndirən, özümə inamımı bərpa edən, füsunkar təbiətli Qaradənizin - Trabzonun gözəl qəlbli insanı, professor doktor Orhan Özgürə dərin təşəkkürümü bildirirəm. Bu vicdanlı insan artıq mənim həyatımdakı önəmli insanların sırasındadır və mən hər ağrısız günüm üçün ona və bu gözəlliyi mənə yaşadan dostlarıma minnətdaram!
Bu gün ölkəmizdə Həkimlərin peşə bayramı günüdür. Ölkəmizdə bacarıqlı həkim yoxdur, - hökmünü verə bilmərəm - mütləq hardasa var, mən rast gəlmədim. Həmin o, var olanların bayramını təbrik edirəm!
İnşallah səhiyyəmiz o həddə çatar ki, insanlarımız sağlamlıqlarını bərpa etmək üçün başqa ölkələrə üz tutmazlar.

P.S.
- Həkim, çox ağrım var!
- Pulun varmı?
- Yox!
- Onda bu ağrı ömrün boyu sürəcək...

TƏQVİM / ARXİV