QIZ EVDƏN QAÇDI...

FAİQ QİSMƏTOĞLU
69601 | 2016-06-18 00:13
... On dörd yaşlı qız evdən qaçır və onu hamı axtarmağa başlayır. Axtarırlar-axtarırlar bir şey çıxmır. Yəni qızın yerini tapa bilmirlər, axırda da gəlib çıxırlar televiziya kanallarının birinə. Və başlayırlar orda göz yaşı tökməyə. Göz yaşı da tökülür ki, televiziya kanalı vasitəsiylə kimsə o qızı tapacaq. O qızı isə axtarırlar...
Belə getsə çoxlarını axtarmalı olacaqlar. Ən azından ona görə ki, bir çoxları övladlarını ərköyün böyüdür və ona "gözün üstə qaşın var" demirlər. Deyəndə də uşaqlar baş götürüb evdən qaçırlar. Sonra da yazıq valideynlər qalır odla su arasında və öz canlarının haraylarında. Elə bilirlər ki, evdən qaçmaq çox asan işdi. Düzdür, evdən qaçmaq elə də mürəkkəb məsələ deyil. Hansı yeniyetmə istəsə, valideynin bir acı sözün görə, baş götürüb evdən gedə bilər. Bəs sonrası nə olsun?!
...Evdən qaçan o 14 yaşlı qızı nənəsigil saxlayırmış. Hamıya gün kimi aydındır ki, babanın və nənənin himayəsində olan uşaqlar digərlərindən ərköyündülər. Yəni nənə, baba nəvələrini çox istədiyindən heç vaxt onlara "ayağın yandı geri çək" demirlər. Həmişə əzizləyirlər, öpürlər və bağırlarına basırlar. Bu cür nəvazişi görən nəvə isə çox vaxt nə babanın, nə də nənənin sözünü eşitmir. Və öz bildiyini eləməyə başlayır. Onlar ən çox ataları, anaları bu uşaqları tənbeh eliyəndə nənələrinin yanına qaçırlar. Bilirlər ki, valideynləri onlara güzəşt eləməyəcək, təsir göstərəcək və ona görə də yenidən nənə-baba ocağına sığınırlar...
Bax, həmin 14 yaşlı qız da elə nənəsinin "humanistliyinin" qurbanı olub. Evdən qaçıb. İndi nənə televiziyada çıxış edərək kömək istəyir. Heç cürə başa düşmək olmur, niyə insanlar hüquq-mühafizə orqanlarına - prokurorluğu, polisi qoyub televiziya kanallarına üz tuturlar? Burda istər-istəməz adam bizim millətin bəzilərini savadsızlığına görə, qınayır. Ən azından hər hansı bir mövzu televiziya kanalında ictimailəşdirilirsə, bu problem bir qədər də qəlizləşir və ağırlaşır. Hansı ki, kimsə itkin düşübsə, yaxud da oğurlanıbsa, həmin an polisə məlumat verilməlidir və polis də axtarışa başlamalıdır. Yəni onu tapıb üzə çıxaran yenə hüquq- mühafizə orqanlarının əməkdaşları olacaqlar.
Həmin yeniyetmənin nənəsi yalvarır ki, kimsə nəvəmi aparıbsa, oğurlayıbsa, onu bizə qaytarsın. O adamlar barəsində heç bir şikayət etməyəcəyik. Nənəsinin dediyinə görə, qız evdən çıxıb və o vaxtdan onun barəsində heç bir xəbər-ətər yoxdu.
Əgər bir adam itkin düşürsə, yaxud da qaçırılırsa, bunun barəsində polisə məlumat veriləndən sonra fakt üzrə cinayət işi açılır. Və həmin cinayət işinə uyğun da istintaq hərəkətləri aparılır. Hələ bizim millətin bəzi cahil və nadan adamları anlamırlar ki, Azərbaycanın Cinayət Məcəlləsində qız qaçırma maddəsi yoxdur. Cinayət Məcəlləsində bu məsələ ilə bağlı bir maddə qüvvədədir və onun da adı belədir: "Adam oğurluğu". Özü də bu maddə çox ağır maddədir. Yəni hər hansı qız qaçıran adama təbii ki, bu maddə ilə cinayət işi açılır və onun istintaqı aparılır.
Məsələnin bu tərəfi aydındır. Qaldı məsələnin görünməyən tərəfləri. Yəni bu gün məmləkətimizdə çoxlu sayda bu cür qəbildən hadisələr baş verir və baş verməkdədir. Baş verənlərdən belə bir məntiqi nəticə çıxır ki, bu cinayəti törədən bir çoxları ya savadsızlıqdan, ya da bilərəkdən bu işə qol qoyurlar. Əlbəttə, bayaq dediyimiz kimi, kiminsə azyaşlı nəvəsini qaçırmaq bəlkə də asandı. Amma onun arxasında durmaq, tab gətirmək o qədər də sadə məsələ deyil. İndi həmin yeniyetməni oğurlayan kimsə lap könüllü olaraq qaytarıb sahibinə versə, mütləq o, cinayət məsuliyyətinə cəlb olunacaq. İkincisi də həddi-buluğa çatmamış yeniyetmə ilə ailə qurmaq ikiqat cinayətdi. Əgər bu cinayətdisə, birmənalı olaraq belə hadisələrdən çəkinmək lazımdır.
Bir də ki, nənələr, babalar və valideynlər uşaqlarının tərbiyəsini bir gün, bir saat yaddan çıxarmamalıdılar. İndiki kompüter sistemi, sosial şəbəkələr yeniyetmələri bu yoldan çox asanlıqla çıxarırlar. Xüsusən də yeniyetmə nəzarətsiz olanda və özünü çox rahat, sakit və sərbəst hiss edəndə elə bilir ki, alçaq dağları onlar yaradıb. Çünki bu yeniyetmələr həyata ağılları, təfəkkürləri, dərrakələri ilə deyil, hissləri və duyğuları ilə yanaşırlar. Hisslər və duyğular isə çox vaxt insanı uçuruma aparır və həyatını alt-üst eləyir...

TƏQVİM / ARXİV