adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyun 2016 17:02
40174
HÜQUQ
A- A+

Ağdaşda namizədlərin təşviqat kampaniyası başa çatıb

90 saylı Ağdaş seçki dairəsinə daxil olan seçki məntəqələrindəMilli Məclisə keçiriləcək təkrar seçkilərlə əlaqədar hazırlıq prosesi tam başa çatdırılıb.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov məlumat verib. O bildirib ki, seçki dairəsinin ərazisində 40 seçki məntəqəsi fəaliyyət göstərir: "Dəqiqləşdirilən son siyahıya əsasən seçicilərin sayı 40 min 203 nəfərdir. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. 10 məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsvermənin gedişini internet vasitəsilə onlayn izləmək imkanı yaradacaq. Dünən Mərkəzi Seçki Komissiyası tərəfindən veb-kameralara baxış keçirilib”.

N. Nəsibov 557 nəfər yerli müşahidəçinin qeydiyyata alındığını açıqlayıb: "241 nəfər ilk dəfə səs verəcək. Səsvermə günü səhhəti ilə əlaqədar seçki məntəqələrinə gedə bilməyən vətəndaşların səsvermə hüququ təmin olunacaq, xəstə və ahıl yaşlı insanların evinə daşınan qutular göndəriləcək. Bu məqsədlə 161 seçici üçün daşınan qutunun aparılması müəyyən edilib ki, onlardan 5 nəfərin yaşı 100-dən yuxarıdır”.

N. Nəsibov qeyd edib ki, seçki məntəqələrinin yerləşdiyi binalarda təmir-bərpa işləri həyata keçirilib, ərazidə səliqə-səhman yaradılıb. Seçki məntəqələri lazımı texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Dairə və məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninq və kurslar təşkil edilib, onlara MSK tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunub. Rayonda seçkiqabağı təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr quraşdırılıb.

Mayın 26-dan iyunun 17-dək deputatlığa namizədliyi qeydə alınan 7 nəfərin təşviqat kampaniyası davam edib. Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun olaraq aparılıb. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayıb və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılıb.