adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Iyun 2016 01:51
7449
ƏDƏBİYYAT
A- A+

Müzahim İsmayılzadə

1
Şəhər.
Səhər.
Adamlardan betər
Yuxulu avtobuslar
Nərildəyə-nərildəyə
Sağa-sola burulduqca,
Ağzı üstə aşacaq, deyəsən!
Düz yolda uçacaq, deyəsən!

2
Şəhər.
Səhər.
Avtobusun radiosunda
Son xəbərlər.
Yağı əlində inləyən torpaqlarda
Leysan yağış yağır - güllələr!
Düşmən ağır zərbə alıb
Top-tüfəngi, texnikası
Yerdə qalıb
Qaçır düşmən!
Qaçır!
Mərd biləkli oğulların atəşləri
İldırım tək,
Şimşək tək ölüm saçır.
Düşmən qaçır!
Görən harda siçan deşiyi var?
Əgər bir yer tapmırlarsa,
Özünü versin hara?
Torpaq özü də səngərdi!
Torpaq özü də əsgərdi!
Düşmənə aman verməz!
Düşmənə aman yoxdu!
Aman yoxdu, igid əsgər!
Aman vermə, igid oğul!
Bu torpağın qisasını almaq -
borcun
Anaların, bacıların,
Şəhid olan oğulların
Qisasını almaq borcun!
Ata borcu!
Ana borcu!
Bacı borcu!
Oğul borcu!
Düşmən borcu!
Dağlar sənin arxandadı,
Çaylar-çöllər, daşlar-güllər,
Bütün ellər arxandadı -
Yağı qaçır,
Qaçır, qaçır!
İrəli!
İrəli!
Addımların iti olsun,
Mətin olsun!
Əllərinə qüvvət sənin!
Cəsarətin, mətanətin
Hünər olsun, qeyrət olsun,
Heyrət olsun!
Qov namərdi,
Qov düşməni!
Leş-baş elə -
Qurda-quşa yem gərəkdi!
Qov namərdi,
Qov düşməni!
Qoy qalmasın torpağımda
Yağı izi, ya nəfəsi!
Kəsilsin biryolluq səsi!

3
Şəhər.
Səhər.
Xəbərlər.
Yağı caynağından azad olubdu
neçə kənd, neçə təpə,
neçə bulaq, neçə dərə!
Azərbaycan bayrağıdır dalğalanır,
bayraq olub Lələtəpə!
Üç rənglidir mavi səma!
Üç rənglidir dağ da, daş da!
Üç rənglidir yaz da, qış da!

4
Şəhər.
Səhər.
Xəbərlər.
Şəhid olub neçə igid döyüşlərdə:
Hamı ayaq üstündədir!
Şəhidlərə borclarını verirlər!
Üzdə - qələbə sevinci!
Gözlərdə işıq, təbəssüm!
Ürəklərdə fəxr - fəxarət!
Sükut pozulur nəhayət!
İrəlidə,
anasının qucağında duran körpə uşaq
himn oxuyur!
Azərbaycan himnini!
"Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!"
O oxuyur!
Dayanmadan,
tələsmədən,
asta-asta,
aram-aram
Bir yol çaşmır!
Himn oxuyur körpə üşaq
Şəhərə,
Səhərə!
Zəfərə!
Hamı ayaq üstündədir,
hamı əmrə müntəzir!
Üç yaşlı
körpə üşaq
himn oxuyur,
üç rəngli bayrağımsa
zirvələrə yüksəlir!

5
Səhər.
Səhər.
Xəbərlər.
Lələtəpə.
Şəhidlərə himn oxuyur
üç yaşlı körpə!

04 aprel, 2016-cı il