adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Təhsil elçisi

ETİBAR CƏBRAYILOĞLU
56116 | 2016-06-11 09:57
Belarusdakı "Qobustan" cəmiyyətinin sədr müavini Baldadaş Qənbərov
Dünya Azərbaycanlılarının IV Qurultayının yekunlarını yüksək qiymətləndirir

Bir neçə gün öncə Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Həmsöhbətim bu tədbirin planetin müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun daha da güclənməsinə təkan verəcəyinə ümid edir.
Astarada boya-başa çatan Baldadaş Qənbərov 35 ildən çoxdur ki, Belarusda yaşayır. Oradakı Azərbaycan diasporunun fəallarından biri kimi tanınır, uzun illərdir ki, "Qobustan" cəmiyyətinin sədr müavinidir.
Bir neçə gündən sonra isə ölkəmizdə növbəti tədris ili yekunlaşacaq. Ali və orta məktəblərdə, texnikumlarda dərslər, imtahanlar başa çatacaq. Sonrakı mərhələdə isə abituriyentlər tələbə adı uğrunda mübarizə aparacaqlar.
Müsahibimlə bu mövzu ətrafında da müzakirə aparmağım təsadüfi deyil. Tarix elmləri namizədi Baldadaş Qənbərovun Azərbaycana səfəri də təhsil məsələləri ilə birbaşa bağlıdır. Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsində çalışan həmsöhbətimin iki ölkə arasında həyata keçirilən tələbə mübadiləsi sahəsində böyük təcrübəsi var.
- Baldadaş müəllim, həmişə Vətəndə...
- Çox sağ olun. Son dövrlər Azərbaycana tez-tez səfər edirəm, bu da məşğul olduğum sahə ilə bağlıdır. Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı və bu təhsil ocağının müəllimi kimi Azərbaycanda müxtəlif layihələr həyata keçirirəm. Ötən il Minskdəki nüfuzlu ali məktəbləri təmsil edən nümayəndə heyəti ilə birgə Bakıda olduq, təhsil sərgisində iştirak etdik, monitorinqlər apardıq.
- Belə başa düşdüm ki, bu dəfə də ezamiyyətə gəlmisiniz...
- Bəli, azərbaycanlı gənclərin həm Belarus Dövlət Universitetində, həm də digər ali məktəblərdə təhsil almasına çalışıram. Bakıda, eləcə də ayrı-ayrı bölgələrdə orta məktəblərin yuxarı sinif şagirdləri ilə, əvvəlki illərdə müxtəlif səbəblərdən institut və universitetlərə qəbul oluna bilməyən gənclərə görüşürəm. İlk vaxtlar qohumlarım arasında olan gəncləri bu işə təşviq edirdim, sonra doğulduğum bölgədə iş aparmağa başladım. İndi isə bu miqyas genişlənərək demək olar ki, bütün Azərbaycan ərazisini əhatə edib. Son illər xaricdə təhsil verməklə məşğul olan tanınmış özəl şirkətlərə birgə səmərəli əməkdaşlıq qura bilmişik. Həmin tərəfdaşlarla gələcək planlarımızı müzakirə edirik. Bu işin xüsusiyyəti elədir ki, bir neçə günə nəsə əldə etmək mümkün deyil, ona görə də qarşıdakı aylarda yenidən Azərbaycana gələcəm. Necə deyərlər, iş çox, dincəlməyə vaxt yoxdu.
- Görüşdüyünüz gənclər, onların valideynləri yəqin ki, ilk növbədə Belarusda təhsilin vəziyyəti ilə maraqlanırlar...
- Sözsüz ki, bu belədir. Ən çox verilən suallardan bir məhz bu məsələ ilə bağlı olur. Ali məktəbi Minskdə bitirən, uzun illər bu ölkədə çalışan mütəxəssis kimi deyə bilərəm ki, Belarusda təhsili səviyyəsi çox yüksəkdir. Sovet dövründə də Belarus ali məktəbləri müttəfiq respublikaların təhsil müəssisələri arasında xüsusi çəkiyə malik idi. Müstəqillik qazandıqdan sonra da bütün çətinliklərə rəğmən, ölkədə təhsilin səviyyəsinə ciddi fikir verildi, ali məktəblərin maddi-texniki bazası ildən-ilə yüksəldildi. MDB ölkələrini, yaxın-uzaq xarici dövlətləri çox gəzirəm və təbii ki, müqayisə aparmaq imkanım var. Tam səmimi deyə bilərəm ki, Belarus təhsil sahəsində dünyada öncül yer tutan ölkələrlə ayaqlaşa bilir. Bir vacib məsələni də qeyd edim, Belarus dünyanın müxtəlif ölkələri ilə təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Bu sahədə qazanılan uğurlar təşviq olunur, eyni zamanda dünyanın qabaqcıl təcrübəsi öyrənilir. 2008-ci ildə Belarus Prezidenti Aleksandr Lukaşenkonun himayəsi ilə bu ölkədə ali təhsil almış keçmiş məzunların forumu keçirildi. Tədbirdə dünyanın 140 dövlətindən qonaqlar iştirak etdi. Forumda çox mühüm məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıldı. Tədbirdə də xüsusi qeyd olundu ki, sovet dövründə müttəfiq respublikaların ali məktəbləri arasında sıx əlaqələr var idi. SSRİ dağıldıqdan sonra bu münasibətlər qırıldı, ortaya xeyli problem çıxdı. Forumdan keçən müddət ərzində əlaqələrin bərpası və qarşılıqlı əməkdaşlıq sahəsində müsbətə doğru xeyli irəliləyiş hiss olunur. Hazırda bu ölkənin ayrı-ayrı institut və universitetində təkcə Azərbaycandan 600-700 tələbə ali təhsil alır.
MDB məkanında yaşayan gənclər son illərə kimi daha çox Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərindəki və Ukraynadakı ali məktəblərdə təhsil almağa maraq göstərirdilər. Ukraynada baş verən siyasi hadisələrdən sonra isə Belarusda oxumaq istəyən əcnəbilərin sayı artıb.
- Siz həm də Belarusdakı Azərbaycan diasporunun fəallarından biri kimi tanınırsız. İstərdim ki, söhbətimizdə sədr müavini olduğunuz "Qobustan" cəmiyyətinin fəaliyyətinə də yer ayıraq...
- Ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin birbaşa diqqət və qayğısı ilə azərbaycanlı gənclər təhsil almaq üçün SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilirdilər. Minskdəki "Qobustan" cəmiyyətini də Belarusda oxuyan tələbələr təsis ediblər. 80-ci illərin sonunda bütün ittifaq ərazisində mürəkkəb ictimai-siyasi vəziyyət yaranmışdı, insanlar, xüsusi ilə gənclər onları narahat edən suallara cavab axtarırdılar. Belarus Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Elxan Kərimov 1989-cu ildə azərbaycanlı fəal tələbələri ətrafına toplayaraq "Qobustan" cəmiyyətini yaradır. Qısa müddətdə cəmiyyətin üzvləri "Dan ulduzu" adında qəzet nəşr edir, müxtəlif tədbirlər keçirməyə nail olurlar. Artıq 11 ildir ki, "Qobustan"a qardaşım Baxşı Qənbərov sədrlik edir. Cəmiyyətin "Vətən" qəzeti, "Qobustan" jurnalı nəşr olunur. "Qobustan" cəmiyyətinin son illərdə gördüyü ən böyük işlərdən biri Belarusun Vileyka şəhərində Böyük Vətən müharibəsində misilsiz şücaət göstərmiş əfsanəvi sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı Həzi Aslanovun 7 metrlik hündürlüyündə abidəsinin ucaldılmasıdır. Heykəlin müəllifi də Minskdə yaşayan soydaşımız, Belarus Dövlət Pedaqoji Universitetin müəllimi, istedadlı rəssam və heykəltəraş Kamal Hacıyevdi. Abidənin ərsəyə gəlməsi üçün lazım olan vəsaitin əsas hissəsini Baxşı Qənbərov şəxsi biznesindən əldə etdiyi qazancadan ödədi, cəmiyyətin digər üzvləri də müəyyən qədər yardım etdilər.
Cəmiyyətimizin təşkilatçılığı ilə istedadlı yazıçı-tərcüməçi Kamran Nəzirlinin bu yaxınlarda Minskdə silsilə görüşləri və yeni kitabının təqdimat mərasimi keçirildi. Kamran müəllim dünya ədəbiyyatını gözəl bilən istedadlı qələm adamı, yurduna, torpağına bağlı bir ziyalıdır. Belə bir maraqlı insanla görüş hər birimiz üçün faydalı oldu. Digər tanınmış yazıçı və şairlərimizlə, görkəmli elm xadimləri ilə də görüşlər keçirməyi planlaşdırırıq. Ümumiyyətlə "Qobustan"ın əsas məqsədlərindən biri Azərbaycanın zəngin tarixini və qədim mədəniyyətini təbliğ etmək, dövlətimizin əldə etdiyi uğurları Belarus ictimaiyyətinə çatdırmaq, onlara Qarabağ həqiqətləri barədə dolğun məlumat verməkdir. Bu ölkənin rəsmi qurumları, Azərbaycanın Minskdəki səfirliyi ilə daimi təmasdayıq, tez-tez birgə tədbirlər keçiririk.
- "Qobustan" Belarusdakı digər Azərbaycan cəmiyyətləri ilə münasibətləri necə qurur?
- Bu ölkədə çox fəal Azərbaycan diasporu formalaşıb. Minskdə, ölkənin müxtəlif şəhər və vilayətlərində buradakı azərbaycanlıları öz ətrafında birləşdirən cəmiyyət və təşkilatlar uğurla fəaliyyət göstərirlər. Ədalət Həsənov, Saleh Mirzəyev, İlyas İlyasov, Tapdıq Abışov, Kamandar Məcidov, Natiq Bağırov kimi tanınmış soydaşlarımız bu məsələdə böyük zəhmət sərf edirlər. Adlarını çəkdiyim insanların sayəsində Azərbaycan diasporu bu ölkədə böyük nüfuza malikdir. "Qobustan" digər Azərbaycan cəmiyyətləri ilə sıx əlaqə saxlayır, mehriban münasibət qurur. Bir amal uğrunda fəaliyyət göstərdiyimizdən aramızda heç bir münaqişədən, bölücülükdən söhbət gedə bilməz.
- Bir neçə gün öncə Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Bu tədbirin yekunlarını necə qiymətləndirirsiniz?
- Qurultay iştirakçıları mühüm məsələlər ətrafında işgüzar müzakirələr apardılar. Yekunda qəbul olunan sənədləri də yüksək qiymətləndirirəm. Azərbaycanın Prezidenti İlham Əliyev qurultayda çıxışı zamanı diaspor təşkilatları qarşısında yeni tələblər qoydu. Dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diasporu bu tələbləri yerinə yetirməyə qadirdir.


TƏQVİM / ARXİV