adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Sabah olsa gedib dərdi atardıq...

ETİBAR CƏBRAYILOĞLU
50557 | 2018-03-10 00:20
Gecə saat üçdür və Ruzbeh hələ də sevir

Ruzbeh mənim gənc dostlarımdandı. 27 yaşlı həmkarımla paytaxtdan kənarda keçirilən tədbirlərin birində tanış olmuşuq. Söz vermişəm ki, məşhur olanda bu tanışlığımızın tarixçəsi barədə daha geniş bir yazı yazacam. Hələlik isə həvəslə onu sizlərə də tanıdıram. Ruzbeh Məmməd Yardımlıda, Alçabulaq kəndində dünyaya gəlib, Lənkəran Dövlət Universitetində ali təhsil alıb, ekologiya üzrə mütəxəssisdir. Jurnalist kimi bir müddət müxtəlif redaksiyalarda çalışıb.
Bütün bunlar öz yerində, gənc dostum istedadlı şairidi, özünə də, sözünə də tələbkar qələm adamıdı.
Yəqin elə bu üzdən ilk kitabından-"Götür məni səssizliyə"dən sonralar imtina edib. Bir neçə il öncə "Qanun" nəşriyyatı onun "365 gün" adlı kitabını poeziya həvəskarlarının mühakiməsinə verib və müəllifin şeirləri ədəbi aləmdə maraqla qarşılanıb. Ruzbeh Məmməd Yazıçılar Birliyinə üzv qəbul olunub, Prezident təqaüdü alıb.
"Ulduz" jurnalı, ədəbiyyat portalları vaxtaşırı gənc şairin yaradıcılığına yer ayırırlar.

Sabah olsa gedib dərdi atardıq,
bu gün nədi-uzü üstə darıxmaq.
Ölüm nədi, həyat nədi, sevgilim,
addımbaşı dizi üstə yıxılmaq.

"Parlaq imzalar" nəşriyyatı "Yeni imzalar" seriyasından Ruzbeh Məmmədin "Gecə saat üçdür və mən səni sevirəm" kitabını bu günlərdə oxuculara təqdim edib. Düşünərək yaşayanlar üçün nəzərdə tutulan yeni kitabında şairin sevgi şeirləri toplanıb.

Yəqin, səndə qalır qoşa şəklimiz,
yəqin qocalıbdır şəkil divarda.
"Metropoliten hüznlərindən" bəhs edən gənc şair fikirlərini belə çatdırır:

Hələ sənin saçların,
hələ sənin əllərin
öyrəşməyib, incimə
gecələr darıxmağa...

Bu da gənc bir aşiqin "Qaranlıq sıxıntıları":

Səndən sonra heç bir işə
yaramadı qollarım...

İndi isə Ruzbehin "Axşam 8-dən sonra" hansı hisslərlə baş-başa qaldığını öyrənək:

Sən olduğun limanlara gecikmək ayrı qorxu,
sən olduğun küçələrdə üşümək ayrı dərddir.
Lap eləcə tutaq, yoxsan, başqa qadın, başqa eşq.
Heç ürəyin təntiməsin, qəti nigaran olma.
Tərk edilmək və sevmək indi ki, heç-heçədi...
Burda saat doqquz olub, sizdə saat neçədir?!

Şair başqa bir şeirində isə "Məni də unudaq"-deyir:

Bir qucaqlıq yerin var
qollarımda, hardasan?

Uzaqda darıxan sevgilisinə yol göstərir:
ayaqların üşüsə,
lap elə pis darıxsan,
götür ayaqlarını
gəl bizdə də üşüsün,
gəl bizdə də darıxsın.

Ruzbeh Məmmədin sakini olduğu "Ayrılıq şəhərində" tamam özgə bir mənzərə, tamam fərqli ovqat var. Şair bizə bunu belə çatdırır:

sən də çıxıb gedəndən
buralarda hüzndür.
yarıdan çox ağrımaq,
sən bildiyin üzüntü.

hər şey qoyduğun kimi,
hər şey yerli-yerində.
dəyişən heç nə yoxdur
ayrılıq şəhərində.

bizdə bütün ilboyu
qaranlıqdır pəncərə.
gündə yüz yol ölürəm,
darıxıram min cürə.

gör nə qədər vaxt keçib,
bildiyin nə çox, nə az.
sənə daha demirəm,
vaxtın olsa mesaj yaz...

Güman edirəm ki, gənc şair dostumun düşüncələri, sevgi yaşantıları ilə sizləri qısaca tanış edə bildim. Şairi daha ətraflı tanımağın ən yaxşı yolu onun kitabını oxumaqdı.
Ruzbeh Məmmədin "Parlaq imzalar" nəşriyyatında işıq üzü görən "Gecə saat üçdür və mən səni sevirəm" kitabı sizə maraqlı bir bələdçi ola bilər. Buraxılışa məsul Nurman Tariq, redaktoru isə Azər Elşadoğludur.
Bir də unutmayın ki, Ruzbehin yeni kitabı düşünərək yaşayanlar üçündü...


TƏQVİM / ARXİV